Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığındakı Qalatəpədə arxeoloji tədqiqatlar davam edir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ ekspedisiyasının rəhbəri Təvəkkül Əliyevin bildirdiyinə görə, Qarqarçay ilə qədim suvarma kanalı olan Gavur arxının kəsişməsindəki strateji yerdə yerləşən Qalatəpədə tədqiqatlara 2008-ci ildən başlanılıb. Antik Albaniya şəhəri olan, qədim mənbələrdə Enian, orta əsr mənbələrində isə Yunan adlandırılan şəhərin yerində və onun yaxınlığındakı nekropolda aparılan arxeoloji tədqiqatlar zamanı bir çox əhəmiyyətli tarixi materiallar aşkarlanıb.
   Tədqiqatlar nəticəsində şəhərin yerində eramızdan əvvəl II əsrdən bizim eranın II əsrinə qədər olan dövrə aid 9 metr dərinliyində mədəni təbəqə - çiy kərpicdən tikilmiş divar, sahəsi 56 kvadratmetr olan ictimai bina, dəhliz və küçə aşkar olunub. Divarların qalınlığı 1,5 metrə çatır. Binanın tikintisində istifadə edilən kərpiclərin uzunluğu 58, eni 47, qalınlığı 18-20 santimetrdir. Bu, antik dövrdə Azərbaycanda kərpic memarlığının yüksək inkişafından xəbər verir. Otaqda 9 metr dərinlikdə əhəngdaşından hazırlanmış sütun altlığı, ocaq yerləri, kül qatları, yanmış ağac qalıqları, qırmızı boyalı, zəngin naxışlı keramika nümunələri və s. aşkar edilmişdir.
   Qalatəpə şəhər yerinin yaxınlığındakı nekropolda son illər aparılan qazıntılar zamanı eramızdan əvvəl II - bizim eranın III əsrlərinə aid 12 ədəd küp qəbir aşkarlanıb. Küp qəbirlərdən əldə olunan materialların (bəzək əşyaları, silahlar, qılınc, ox və nizə ucları) əksəriyyəti Ellinizm mədəniyyəti ilə bağlıdır. Bu tapıntılar antik dövr Alban şəhərinin mədəni-mənəvi həyatını daha ətraflı öyrənməyə imkan verir.
   Avqustun 16-dan etibarən Qalatəpədə 2-ci qazıntı sahəsində tədqiqatlara başlanılıb. Arxeoloji tədqiqatlar sentyabrın sonunadək davam edəcək.
   
   * * *
   Qədim Qəbələ şəhərinin ərazisində də yeni maddi-mədəniyyət nümunələri aşkar edilib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri İlyas Babayevin sözlərinə görə, bu il Qəbələ şəhərinin I-XI əsrlərə aid ərazisi olan Səlbirin bir neçə ərazisində tədqiqatlar aparılıb. Qazıntılar nəticəsində şəhərin müdafiə istehkamlarının bəzi hissələri, müxtəlif növ tikililər (şəxsi evlər, istehsalat tikililəri, hovuz, su kəməri, çirkab suları xətti), qəbirlər, eləcə də katakomba tipli qəbirlər, saxsı qablar, bəzək əşyaları aşkara çıxarılıb. Bu tapıntılar I-XI əsrlərə aid şəhərsalma və şəhər həyatının səviyyəsini təqdim etməyə imkan verir. Qeyd edək ki, Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin ərazisində arxeoloji qazıntılar SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə aparılır.
   
   * * *
   Cəlilabadda arxeoloji qazıntılar zamanı isə qədim yaşayış məskənləri aşkar edilib. Arxeoloji ekspedisiyanın rəhbəri Tufan Axundov bildirib ki, qazıntılar rayonun Üçtəpə kəndindəki qədim yaşayış məskəni olmuş Polutəpədə aparılıb. Tapılmış nümunələrdən aydın olur ki, burada bizim eradan əvvəl neolit dövründə yaşamış yerli tayfalar əkinçilik və maldarlıqla yanaşı, sənətkarlıqla da geniş məşğul olublar.
   Polutəpə yaşayış məskənində aşkar edilən dulus sobasının dəqiqliklə inşa olunması burada hələ eradan əvvəl keyfiyyətli dulusçuluq məmulatları istehsalından xəbər verir.
   Tufan Axundovun sözlərinə görə, Polutəpə yaşayış məskənində müxtəlif saxsı qablar, məişət əşyaları, həmçinin 3 insan məzarı da aşkar olunub. “Meyit basdırılarkən qırmızı oxra deyilən məhlulla boyadılıb. Qədim inanclara görə, bu, ölən insanın yenidən doğulub qayıtması anlamına gəlir. Qazıntılar zamanı dövrü üçün əhəmiyyətli olan silah anbarı da aşkar olunub”- deyə, alim bildirib.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar