Qobustan abidələri
   
   
   "Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər
   yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla, yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk" 
   
Ümummilli lider Heydər Əliyev
   
   Azərbaycan dünyanın ən qədim mədəniyyət məkanlarından biridir. Əcdadlarımız minilliklər ərzində yaratdıqları zəngin mədəni irsi bizə miras qoyub getmişlər. İbtidai icma cəmiyyətinin formalaşması və inkişaf mərhələləri paleolit düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət qalıqları vasitəsilə tədqiq olunur. Ölkəmizdə mezolit və neolit mədəniyyətlərinin izlərinə ilk dəfə Qazax rayonunda - Avey dağında, Damcılı mağarasında və Qobustan ərazisində təsadüf olunmuşdur.
   
   Qobustan adının mənşəyi və anlamı barədə müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləmişlər. Onlardan ən çox işlədilən fikir toponimin coğrafi şəraitlə bağlı yaranmasıdır. Həmin fikrə görə, Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik, saysız-hesabsız təpələr arasında torpaq uçqunlarından əmələ gəlmiş yarğanlar və dərələrdir. Heç bir həndəsi şəklə malik olmayan bu sistemsizliyin özündə suyun, havanın, küləyin, zəlzələ və palçıq püskürmələrinin yaratdığı böyük təbii hərc-mərclik aləmi müşahidə olunur. Bu, milyon illərin təbii proseslərinin nəticəsidir.
   Digər versiyaya görə, Qobustan sözünün ilkin forması Gavıstan şəklində olmuşdur. "Gav" farsca öküz, inək, "stan" isə diyar, məkan bildirən şəkilçidir. Bu versiyanın da irəli sürülməsi təsadüfi olmamışdır. Çünki vaxtilə Qobustan ərazisində çoxlu çöl öküzü yaşamışdır. Min illər keçdikcə onların bir hissəsi ölmüş, bir hissəsi isə əhliləşdirilmişdir. Başqa bir versiyaya görə, bu yerin adı Kəbristan olmuşdur. "Kəbr" oda sitayiş edən anlamı verir. Həmin versiyaya görə, bu yerlərdə atəşpərəstlər yaşamış, ona görə də ərazi Kəbristan adlandırılmışdır.
   Qobustan Azərbaycanda kulinariyanın, ovçuluğun, maldarlığın, nəqliyyatın (araba, qayıq), rəsm mədəniyyətinin, oyma sənətinin və s. peşə nümunələrinin ilk ocaqlarından biridir. Elmi araşdırmalara görə, uzaq keçmişlərdə ölkəmizin ərazisində daşdan insan, heyvan fiqurları düzəltmək və onlara tapınmaq geniş yayılmışdır. Nəticədə isə indiki ornamentlərin, oyma sənətinin ən qədim variantları ortaya çıxmağa başlayıb. Belə təsvirlərin ən qədim nümunələrinə Naxçıvandakı Gəmiqayada, Abşeronda və Qobustan qayaları üzərində rast gəlmək olar. Buradakı qaya rəsmləri Azərbaycan xalqının zəngin incəsənət irsi ilə yanaşı, musiqi və rəqs mədəniyyətinin inkişaf tarixini öyrənmək üçün də böyük əhəmiyyətə malikdir.
   İbtidai icma quruluşunda insanların həyat və fəaliyyətini Qobustan qayaları üzərində nəqş edilmiş rəsmlər əks etdirir. Əcdadlarımız tərəfindən qayalar üzərinə həkk olunmuş rəsmlər gözlərimiz qarşısında böyük bir tablo açır. Burada heyvan və balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif rəmzlər, Günəşi əks edən simvollar, bürclər, digər fəza cisimləri diqqəti cəlb edir. Maraqlıdır ki, Qobustandakı bəzi qaya parçaları da öz fiziki tərkibi və geoloji xüsusiyyətlərinə görə dünyadakı daşlardan fərqlənir. Bu qaya parçalarından biri "Qavaldaş" adlanır. Onun səthinə zərblə vurulduqda qaval, dəf, nağara, təbil kimi səslənir. Məhz bu xüsusiyyətinə görə yerli əhali onu belə adlandırıb.
   Qavaldaş iki daş dayaqla yerə söykənmiş təbii litofondur. Təxminən 1-1,5 milyon il əvvəl dəniz şəraitində əmələ gəlmiş üzvi əhəngdaşından ibarətdir. Bu daşlardan biri Cingirdağda, digəri isə Böyükdaş dağının aşağı səki sahəsində yerləşir. “Cingirdağ” sözünün qədim türk dilində ayin mərasimlərində şamanların istifadə etdiyi qaval mənasını verən “cingir” sözündən əmələ gəldiyi ehtimal edilir. Q.Herisçinin fikirlərinə istinad etsək, bu ərazinin indi qavaldaş dediyimiz alətə görə Cingirdağ adlandırılması ehtimalı özünü bir fakt kimi təsdiq edir. Xatırladaq ki, qədim dövrlərdə qavalabənzər dınqır adlı alətimiz də olub. Cingir - qızılquşun növlərindən biri olan alıcı kiçik quşun adıdır. Digər versiyaya görə, bir zamanlar cingir quşunun daha çox yayılması səbəbindən həmin yer Cingirdağ adlandırılmışdır. Bu halda qavaldaş qədim tanrıçılıq inamı ilə bağlanır. Cingirdağdakı qavaldaşın quruluşu belədir: təpənin döşündə yastıq kimi iki iri daşın üstündə üçüncü daş qoyulmuşdur. Bu daş altdakılara nisbətən xeyli yastıdır. Alt daşlarla üst daş arasında boşluq vardır və dərə ilə cərəyan edən hava axını bu boşluqdan keçir. Böyükdaşdakı "Qavaldaş"ın quruluş forması bir qədər fərqli olsa da, prinsip etibarilə eynidir. Qurğu həmişə hava axını keçən dərədə quraşdırılmışdır. Qaya üstündəki iri yastı daşın altına bir tərəfdən daş dirsək qoyulmuşdur. Hər iki qavaldaş kiçik bir daşla döyəcləndikdə mis kimi cingiltili səs verir. Bu möhtəşəm musiqi qurğuları bu gün də qeyri-adi səsləri ilə bu əraziləri ziyarətə gələnlərin heyrətinə səbəb olur. Qavaldaş ifa zamanı xüsusi köklənməyə ehtiyacı olmayan, özən səsli, vurulmaqla səsləndirilən idiofonlu çalğı alətidir. Ölkəmizdə yeganə çalğı alətidir ki, onun yalnız bir sahibi var, o da Azərbaycan xalqıdır.
   Xatırladaq ki, 1966-cı il sentyabrın 9-da respublika Nazirlər Sovetinin 509 №-li qərarı ilə 4400 hektardan artıq ərazini əhatə edən Qobustan qayalıqları Dövlət Tarixi-Bədii Qoruğu kimi qeydiyyata alınıb. 2007-ci ildə isə Qobustan qoruğu “Qobustan qayaüstü rəsmləri mədəni landşaftı” adı altında UNESCO-nun dünya mədəni irsi abidələri siyahısına daxil edilmişdir. ”Avropada ilin muzeyi” nüfuzlu mükafatının ekspertləri 29 muzeyi gəzmiş və 8 qalib muzeyi müəyyən etmişlər. O cümlədən Qobustan Milli Tarix-Bədii Qoruğunun muzeyi xüsusi mükafata layiq görülmüşdür. Qobustan muzeyinə xüsusi mükafat “izahetməyə yeni yanaşma və qabaqcıl texnologiyalardan istifadə etməklə icmaların regional, milli və beynəlxalq miqyasda ibtidai incəsənət haqqında biliklərinin zənginləşdirilməsi və ictimai maarifləndirilməsini stimullaşdıran fəaliyyətinə görə” verilmişdir.
   Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin fondunda ümumilikdə 100 mindən çox arxeoloji materiallar toplanıb. Bu muzeyin ən möhtəşəm abidəsi isə qavaldaş alətidir. Qavaldaş həm də birlik simvoludur. Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs edirdilər. İbtidai forması istilik, işıq və isti yemək mənbəyi olan od, ocaq ətrafında mərasim təntənəsi şəklində olan yallının tarixi olduqca qədimlərə gedib çıxır. “Yal” - cərgədir, zəncir xəttidir. “Yallı”nı oynayanlar bir və ya iki cərgədə, bəzən də bir neçə cərgədə dururlar. Tarixçi-tədqiqatçı Şakir Qabıssanlının sözlərinə görə, dünyada ilk musiqi sədaları 10 min il bundan əvvəl qavaldaş ("qəbail” - "qəbilə daşı” deməkdir) ətrafında "Yallı” ilə başlayıb: ”Yallı” dediyimiz "yahu”, "yahu”, "yahu” - yəni ya Allah, ay Allah, aman Allah nidaları ilə əllər yuxarı qalxmaqla ilk sədalar ucalıb”.
   Qədim insanlar qavaldaşın ətrafına toplaşaraq müxtəlif dini və bayram mərasimləri keçirirdilər. Onlar qavaldaşın müşayiəti ilə rəqs etməyi xoşlayırdılar. Bu qavaldaşlar şübhəsiz ki, keçmişdə musiqi aləti kimi səsləndirilmiş və qədim qobustanlıları öz “Yallı” rəqsləri və başqa şənlikləri orqanik musiqi alətləri ilə bərabər elə bu qavaldaşların ahəngli melodiyaları ilə də müşayiət etmişdir. Bu səbəbdən Qobustanı nəinki Azərbaycanın musiqi beşiyi, o cümlədən ilk rəqs meydançası adlandırmaq olar.
   Azərbaycan xalqı zəngin və özünəməxsus mədəniyyət yaratmışdır. O, bədii yaradıcılığın ən müxtəlif sahələrində, o cümlədən musiqi yaradıcılığı sahəsində də qiymətli sərvətlər meydana gətirmişdir. Musiqi sənətimiz çoxəsrlik inkişaf yolu keçmişdir.
   Musiqi insan yaşamında təsirli və güclü bir vasitədir. O, dilindən, dinindən, irqindən, etnik və milli mənsubiyyətindən asılı olmayaraq musiqi hər kəsin ortaq istinad nöqtəsidir. Bəşər cəmiyyətində insan adlı ali varlığın meydana gəldiyi və formalaşdığı ilk dövrlərdən ibtidai şəkildə də olsa musiqinin insan həyatında özünəməxsus rolu olduğu aparılan tədqiqatlar nəticəsində sübuta yetirilmişdir. Musiqi asan anlaşılan bir yolla insanın öz daxili aləmini səslərlə ehtiva etməsidir. Musiqinin özünəməxsus bir dili vardır. Bu səbəbdən də o ümumbəşəri bir miqyasa sahibdir. Bəşəriyyətin yeganə ortaq dili musiqidir. Musiqi dinləmək insanın estetikasını və ritm duyğularına təsir edərək onu təkmilləşdirir. Bu vasitə ilə insanların həyata olan sevgisi və yaşama həvəsi artır. Psixoloqların apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, bəzi insan qrupları öz duyğu və düşüncələrini musiqi ilə daha asan ifadə edə bilir. Musiqi beyin qabığında və mərkəzi sinir sistemində yer alan idrak, nitq və bu qəbildən olan bir sıra duyğu orqanlarının fəaliyyətinə yüksək təsir edir.
   Antik dövr filosofları bu mövzuya çox böyük önəm vermişlər. Onlar musiqini yer üzərində bir çox şeyin bünövrəsi hesab etmişlər. Musiqini daim mədəniyyətin, elmin ayrılmaz tərkib hissəsi hesab etmişlər. Çin filosofu Konfutsiyə görə, musiqidə sevinc və kədər iki paralel xarakteristikadan ibarətdir: “Bunlardan birincisi temp ritmi, digəri isə melodiya və məqamlardır. Temp müəyyən bir zamanda ritm sayını ifadə edər. Məqam isə bəlli bir ardıcıllığa sahib səs yığınıdır. Daha dəqiq olaraq sürətli templər xoşbəxtlik duyğusunu, yavaş templər isə hüzn duyğusunu oyandırır”.
   Musiqi sadəcə insana xas deyildir. Hər varlıq musiqi ilə birlikdə yaradılır. Alçaq templi səs dalğalarının ehtiva etdiyi quş, su və külək səsi yuxu əsnasında insan beyninin yaratdığı dalğalarla yaxın olduğundan insanı rahatladıcı təsirə sahibdirlər. Musiqinin insan orqanizminə olan təsiri və bu təsirin gücünü bilənlər onu pozulmuş balansın bərpasında istifadə edirlər. Bütün mədəniyyətlərdə təbiblər bizim dərk etmədiyimiz bir şəkildə səslərdən, ritmdən və harmoniyadan müalicə məqsədilə istifadə etmişlər.
   Musiqi ilə terapiya insanların fiziki, psixoloji və sosial ehtiyaclarını qarşılamada melodik harmoniyaların istifadə edildiyi ixtisas sahəsidir. Tibbin bu sahəsi hələ antik dövrlərdən, yunan elmindən başlanğıc götürüb günümüzə qədər gəlmiş və hər dövrün özünəməxsus dəyişiminə məruz qalmışdır. Musiqi terapiyası insan beynindəki qavrama və ünsiyyət qabiliyyətini yüksəltmək üçün ən gözəl üsuldur. Bu terapiya haqqında ilk dəqiq və ciddi araşdırmalar XIX əsrin sonlarında həkim-nevropotoloq Ceyms Korninq tərəfindən aparılmışdır. Bu gün artıq musiqi terapiyası Amerikanın və Avropanın bir çox tibb mərkəzlərində istifadə olunmaqdadır.
   Musiqi və sağlamlıq - bu anlayışlar bir-birinə çox yaxındır. Bu gün bir çox musiqiçilərin həyat və yaradıcılıqları ilə maraqlansaq görərik ki, onların çoxu nəinki musiqiçi, eləcə də həkimdirlər. Belə insanlar bu iki sahəni bərabərləşdirərək dərindən məşğul olub, həqiqətən də musiqi terapiyası ilə insanları müalicəyə çağırıblar. Alman həkimləri adi müalicədən başqa xəstələrə musiqi terapiyası da məsləhət görürlər, belə ki, Bethoven, Motsart, Şopen, Bax və digər bəstəkarların əsərlərini dinləmək çox xeyirlidir. Məşhur rus alimləri V.M.Bexterev, İ.M.Seçenov və başqaları da qeyd etmişdilər ki, musiqi əsəb sisteminə, tənəffüs orqanlarına, qan dövranına böyük təsir edir. Musiqi arterial təzyiqi qaldıra və endirə bilər. Eləcə də nəbzi sürətləndirə və ya zəiflədə bilər. Musiqi terapiyası ilk dəfə 1947-ci ildə Miçiqan dövlət xəstəxanasında (ABŞ) mövcud olan müalicə proqramları içində yer almışdır. 1949-cu ildən bəri Fransada da istifadə edilir. Musiqi terapiyası əsasən psixiatriya təməlli xəstəliklərdə 1950-ci illərdən bəri daha geniş tətbiq olunur. II Dünya müharibəsindən sonra İsveçin Stokholm şəhərində musiqi terapiyası institutu təşkil edilmişdir. 1977-ci ildən isə ABŞ musiqi ilə müalicəni elm sahəsi olaraq qəbul etmişdir.
   İnsan bəyəndiyi, ruhuna ən çox təsir edən bir musiqini dinləyərkən əhvalı yüksəlir və özünü daha yaxşı hiss edir. O, ifa edilən musiqini dinlədiyi müddətcə əhvalında nəzərəçarpacaq dərəcədə dəyişikliklər hiss edilir və bu dəyişikliklər əhatəsindəki insanlarda da müsbət aura yaradır. Boş yerə deyil ki, “musiqi ruhun qidasıdır” deyib ulularımız. Lakin günümüzdə elmin, texnikanın inkişafı isə sübut edir ki, musiqi təkcə ruhun yox, həm də beynin bir çox mərkəzlərinin, o cümlədən ağlın, zəkanın da qidasıdır.
   Musiqinin hormonlar üzərində güclü təsirə malik olduğu elm aləmində sübut olunmuşdur. Musiqinin tərzindən asılı olaraq stresə bağlı olan hormonları artırmaq və ya azalmaq mümkündür. Musiqi terapiyası digər terapik vasitələrdən olduqca fərqlidir. Çünki musiqinin dərman kimi istifadə edildiyi bu terapiya vasitəsi qədim dövrlərdə istifadə olunan müalicə üsullarını nəzərdən keçirdiyimiz zaman psixoloji narahatlıqlar başda olmaq üzrə göz xəstəlikləri, spazmlar, əzələ və sinir sisteminə bağlı olan problemlər fiziki və zehni yorğunluqlar və bu qəbildən olan yüzlərlə xəstəliklərin ən kəskin müalicə vasitəsi hesab edilmişdir.
   Türk xalqları içərisində musiqi ilə ilk ciddi şəkildə müalicə Baksı adlı şaman musiqiçiləri tərəfindən yaradılmışdır. Müalicə üsulları müxtəlif dərdlərdən əziyyət çəkən xəstələrin şəfa tapmasına səbəb olmuşdur. Bir türk xeyriyyəçisinin Şam şəhərində tikdirdiyi Nurəddin xəstəxanasında İbn Sina ruhi xəstəlikləri musiqi ilə müalicə etmişdir.
   Musiqi məqamlarının ruha olan təsiri Fərabiyə görə belə qruplaşdırılmışdır: “Rast” muğamı insana şəfa verir; “Rəhab” insana sonsuzluq fikri verir; “İsfahan” hərəkət qabiliyyəti və özünəgüvən verir; “Hüseyni” insana sakitlik gətirir; “Hicaz” təvazökarlıq hissi verir.
   Osmanlı imperiyasında əsasən Ədirnə bölgəsində yaradılan şəfaxanalarda musiqidən ruh və sinir xəstəliklərinin müalicəsində istifadə etmişlər.
   Duyğuları incəldən və qəlbləri yumşaldan musiqi tərzləri əsrlərdən bəri müalicə məqsədilə istifadə edilməkdədir. Dövrlər bir-birini əvəz etdikcə musiqinin insan həyatındakı mövqeyi artan bir xətt üzrə inkişaf etmiş və hər bir dövr üçün ən geniş yayılan müalicə vasitəsi olmuşdur.
   Əlbəttə ki, günümüzdə istifadə edilən musiqi ilə müalicə üsullarını keçmiş dövrlərdə olan üsullarla müqayisə etmək yanlış olar. Bu gün musiqi ilə terapiyanın istifadə edildiyi sahələr daha genişdir. Nevroloji, kardioloji, onkoloji, psixoloji xəstəliklərin müalicə edildiyi mərkəzlərdə musiqini təşkil edən melodik harmoniyadan istifadə digər tibbi müalicə üsulları ilə paralel şəkildə aparılır və müalicədə tamamlayıcı bir vasitə mövqeyindən çıxış edir. Günümüzdə alkoqolizm və maddə asılılığının müalicəsində də musiqi ilə terapiyadan istifadə edilir. Tədqiqatlar aparan elm xadimləri musiqinin fiziki və psixi xəstəliklərin müalicəsində çox təsirli bir vasitə olması fikrində həmfikirdir. Bu mövzuda aparılan bir çox araşdırmalarda həkim və musiqiçilərin depressiyadan xərçəngə, yüksək təzyiqdən xronik ağrılara, miqrendən narkomaniyaya və psixi xəstəliklərə qədər bir çox xəstəliklərin müalicəsində istifadə edilir və bu metodlardan şəfa tapan insanların sayı çoxdur.
   Dünya ölkələri içərisində musiqi ilə müalicənin geniş yayıldığı dövlətlərdən biri də Azərbaycandır. Xalqımız əsrlərdən bəri musiqini mükəmməl dərk etmiş və həyatının ayrılmaz bir hissəsinə çevirmişdir. Musiqiyə daha çox meyl göstərən insanlar içərisində təbiblər və həkimlər ön cərgədə dayanır. Hələ qədim dövrlərdə musiqi ilə sıx bağlı olan təbiblər insanlara şəfa bəxş etmək üçün musiqinin tilsimindən istifadə etmişlər. Təsadüfi deyil ki, bir çox gözəl bəstələrin müəllifləri məhz həkimlərdir. Dövrlər bir-birini əvəz etdikcə ölkəmizdə musiqi ilə müalicəyə maraq xeyli artmışdır. XX əsrdə Azərbaycanın görkəmli cərrahı və gözəl bəstəkarı olan İbrahim Topçubaşov cərrahiyyə əməliyyatlarını musiqi ilə müşayiət edirmiş. Ölkəmizdə musiqi terapiyaya olan maraq xeyli artmış və bir sıra musiqi ilə müalicə mərkəzləri təşkil edilmişdir. İlk dəfə art-terapiya vasitəsilə insanların müalicəsinə başlanılıb. Art-terapiya psixi pozğunluğu olan xəstələrin müalicəsində istifadə edilir. Məsələn, izoterapiya zamanı xəstələr rəngli qələmlər, pastellər, yağlı, sulu boya ilə rəsmlər çəkir, bibloterapiya zamanı kitablar oxuyur və səhnələşdirir, musiqi terapiyası zamanı insanlar musiqi sədaları altında öz hisslərini ifadə edir, özləri musiqi alətlərində çalırlar.
   Qeyd edilənlər bir daha sübut edir ki, mədəniyyət tariximizdə xüsusi yeri olan musiqi onlarla insanlara şəfa bəxş edir. Qədim tarixə malik olan yurdumuzun hər qarış torpağı canlı bir əfsanədir. Keçmişimizə nəzər saldıqda əminliklə söyləmək olar ki, əcdadlarımızın bizə miras qoyduğu maddi mədəniyyət abidələri içərisindən böyük əksəriyyəti bizlərə sağlamlıq bəxş edir. Qobustanda tarixi mezolit dövrünə təsadüf edən, maddi mədəniyyət abidələri sırasında xüsusi önəmə malik olan, musiqinin bütün çalarlarını özündə ehtiva edən qavaldaş bəhs edilənlərə əyani bir sübutdur.
   Bu gün biz dünyanın hər yerində fəxrlə deyə bilərik: Azərbaycan dünyanın ən qədim sivilizasiyalarından biridir. Ölkə ərazisində ibtidai icma quruluşunun bütün mərhələlərini ardıcıllıqla keçən insan tipləri şüurun və nitqin zəif inkişaf etdiyi tarixi dövrlərdə belə kortəbii şəkildə də olsa, zəngin bir mədəni irs qoymuşlar. Bu gün ölkəmizdə olan bir sıra ekspedisiya qrupları Qobustan abidələrini müşahidə edərkən buradakı təbii görüntüyə heyran qalır və hələ açılması mümkün olmayan qavaldaş əfsanəsinin sehri ilə ovsunlanırlar. Hər insan öz vətəni, tarixi ilə qürur duyur. Lakin bizim buna hər millətdən çox haqqımız var. Ən az ona görə ki, bizim minlərlə fəlakətlər yaşamış və hər sınaqdan layiqincə çıxmış, ulularımızın qanı ilə yazılmış şanlı bir tariximiz, dünyaya məğrurluqla nümayiş etdirə biləcəyimiz milli-mənəvi dəyərlərimiz var.
   
   Rəfiqə Nəsirova
   Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma
   Mərkəzinin informasiya-kommunikasiya və elmi təminat şöbəsinin elmi işçisi
   
   Yazı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi “Mədəni irs və tarix-mədəniyyət qoruqları” mövzusunda müsabiqəyə təqdim olunur.