Tarix pıçıldayan məkanlar
   
   Bu məqaləmizdə hər daşında müqəddəslik, hər qarışında tarixin izi olan Abşeronun üç qalasına səyahət edəcəyik. Onların tarixi və əzəməti ilə yaxından tanış olacağıq. Qədim Bakı dörd tərəfdən möhkəm qalalarla əhatə olunduğundan tarix pıçıldayan bu üç qala da istehkam sisteminin bir hissəsidir. Ümumiyyətlə, Azərbaycandakı tarixi-memarlıq dəyərli abidələri beş qismə ayırırlar. Bu təsnifatı ilk dəfə etnoqraf alim Təvəkkül Səlimov Abşeron ərazisində tarixi abidələri araşdırarkən aparmışdır. Alimin gəldiyi nəticəyə görə, abidələr istehkam səciyyəli (1), dini (2), ritual (3), milli məişət və adət-ənənə ilə bağlı (4), tarixi, mədəniyyət, mənəviyyatımız üçün əhəmiyyətli memorial səciyyəli (5) abidələrə bölünür.
   
   Qalalar, sədlər, təbii və süni yolla yaranmış səngər tipli abidələr istehkam abidələri sırasına aiddir. Zamanın sərt dönəmlərindən keçərək günümüzə gəlib çıxan, sözün həqiqi mənasında, tariximizə iz salan maddi mədəniyyət nümunələri arasında qalaların öz yeri var. Qalaların folklor nümunələrində öz əksini tapması da təsadüfi deyil. Yadellilərin hücumlarının qarşısının alınmasında onların əvəzsiz rolu barədə hekayət və rəvayətlər çoxdur.
   Abşeron yarımadasında qalalar XII əsrdən intensiv şəkildə tikilməyə başlanılıb. Mənbələrdə 19 qala haqqında məlumat olsa da, onların ümumi sayının 40-dək olması barədə ehtimallar var. İstehkam və müdafiə tipli qalalara Bakının əksər kəndlərində rast gəlinir. Onlardan biri də vaxtilə Abşeronun müdafiə sistemində mühüm yer tutan Mərdəkan qalasıdır. Mərdəkan qalası Abşeron qalaları içərisində ən qədimi hesab edilir. Tikili dördkünc formadadır və iki - böyük və kiçik hissədən ibarətdir. Belə ehtimal edilir ki, qalanın böyük və kvadratşəkilli hissəsi 1187-ci ildə inşa edilib. Qalanın hündürlüyü 22 metr, divarının qalınlığı aşağıdan 2,10 metr, yuxarıdan isə 1,60 metrdir. Beş mərtəbədən ibarət qalanın daxilində tikilinin su təchizatını təmin etmək üçün 30-dan çox quyu qazılmışdır.
   Kiçik Mərdəkan qalasının üzərindəki daş kitabədə ərəb dilində memarının Əbdülməcid Məsud oğlu olduğu qeyd edilib. 1853-cü ildə qalada tədqiqatlar aparılarkən ərazidə yazılı daş qəlpə aşkar edilir və həmin nümunə hazırda Sankt-Peterburqdakı Ermitaj Muzeyində saxlanılır. Bəzi mənbələrdə qalanın XIV əsrin ortalarında Şirvanşah Mənuçöhrün oğlu Şirvanşah Axsitan tərəfindən düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldıldığı qeyd olunur. Tikilidən feodalların sığınacağı və gözətçi məntəqəsi kimi istifadə edilmişdir.
   Mərdəkanda yerləşən digər qala isə dairəvi qaladır. Yerli əhali onu Şıx qalası da adlandırır. Hündürlüyü 12,5 metrdir, içərisi 3 yarusdan ibarətdir. Dairəvi Mərdəkan qəsrinin hündürlüyü 16 metrdir. Qəsri əhatə edən qala hər tərəfdən yeddi metr hündürlüyündə daş divarlarla hörülmüş kvadrat formalı həyətdən ibarətdir. Hasarın tinlərində qüllələr, məhəccər və mazqallar var. Planda dairəvi olan qəsr yuxarı getdikcə daralır. Əhəng məhlulu ilə yerli əhəngdaşından hörülmüş qəsrin daşlarında həkk olunan yazılarda onun 1232-ci ildə inşa edilməsi əksini tapıb.
   
   * * *
   Bu gün əzəmətli, sirli-sehrli Bakı qalaları haqqında danışarkən onlara sadəcə orta əsr hərbi istehkamları kimi deyil, həm də tariximizin mədəni abidələri kimi yanaşmalıyıq. Abşeronun xəritəsinə nəzər salsaq, yarımadada zəncirvari və mərkəzdə səpələnmiş şəkildə qalalar və qəsrlər olduğunu görürük. Qalaların bu cür yerləşməsi sayəsində bütün yarımada bir-biri ilə əlaqəli bütöv bir qəsri xatırladır.
   Etnoqraf alim, tarixçi Təvəkkül Səlimovla Abşeron ərazisindəki qalalar haqqında söhbətimizdən bəzi maraqlı məqamları qeyd etmək yerinə düşərdi: “Qalalar Bakının bütün kəndlərində olmuşdur. XX əsrin 40-cı illərində A.B.Şarıqin adlı rus müəllifi Abşeron qalalarının yerləşmə məkanını əks etdirən sistematik xəritə çəkmişdi. Xəritəyə nəzər salanda görürük ki, Abşeronun şimalında yerləşən yaşayış məntəqələri - Şüvəlan, Mərdəkan, Şağan, Bilgəh, Buzovna, Nardaran - ümumilikdə 10 qala göstərilir və bu günə qədər həmin qalaların qalıqları qalmaqdadır”.
   Alim qeyd edir ki, dəniz sahillərində Dərbənddən Abşerona qədər yaşayış məntəqələrinin hər birində bir, yaxud iki qala olmuşdur: “Bütövlükdə Azərbaycanda, eləcə də Abşeronda XI-XVI əsrlər monumental memarlığın çiçəkləndiyi dövrdür. Bu dövrü memarlığın, monumental arxitekturanın və tətbiqi sənətin renessans dövrü də adlandırmaq olar. Baxanda görürük ki, Abşeronun bütün qalalarının tikilməsi məhz bu dövrü əhatə edir. Qalalar eyni zamanda bir memarlıq nümunələridir. Bu baxımdan Mərdəkan, Ramana və Nardaran qalalarını xüsusi qeyd etmək gərəkdir. Mərdəkan qalasının divar və qüllə bürclərinin quruluşunda, daşların düzülüşündə gözəl memarlıq ansamblı yaradılıb. Belə demək mümkünsə, bu qalanın daş musiqisi insanı valeh edir.
   Hər bir bölgənin tanıdılmasında belə abidələrin qiyməti əvəzsizdir. Bu gün dövlətin prioritet istiqamətlərindən biri də turizmin inkişafı ilə bağlıdır. Həmin abidələrin turist marşrutlarına salınması da olduqca mühüm önəm kəsb edir. Çünki onlar tariximizin daş yaddaşıdır və ölkəyə gələn hər bir xarici vətəndaş Azərbaycanın nə qədər qədim tarixə malik olduğunu görməlidir. Eyni zamanda qalalarla bağlı maraqlı məlumatların çatdırılması da həm yerli əhalidə, həm də gələn turistlərdə marağı birə beş artıra bilər. Məsələn, biz məktəblilərə deyəndə ki, “Bir qalanın sirri” filminin bir çox kadrları Mərdəkan qalasında çəkilib, bu zaman uşaqların həmin yeri gedib görmək, tarixi öyrənmək maraqları artır. Əslində Abşeron ərazisində qalalar qədər tarixi əhəmiyyəti olan, xalqın mənəviyyatında yer tuta bilən çoxlu abidələr vardır. Yerlərdə insanları, yerli sakinləri bu işə cəlb edərək birlikdə işləmək və mədəniyyətimizi təbliğ etməliyik”.
   
   * * *
   Bakının Ramana kəndindəki eyniadlı qala XIV əsrə aiddir. Ağ daşdan tikilən qalanın hündürlüyü 15 metrdir. Müdafiə məqsədilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub. Bəzi tədqiqatçılar qalanın Nizami dövründə (XII əsr) tikildiyini iddia edirlər. Ramana qalasından "Koroğlu", "Nəsimi" və "Babək" filmlərinin çəkilişində istifadə olunub. Qala sonuncu dəfə bu filmlərdən birinin, "Koroğlu"nun çəkilişi (1960) zamanı bərpa olunub. O zaman qala dağınıq vəziyyətdə olub. Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər.
   Qala divarlarından bayırda, sağ tərəfdə qayaya bənzər iri daş parçası ilk baxışdan diqqəti cəlb etməsə də, mahiyyət etibarilə xoş bir hadisəni yaşadır. Dahi Bülbül Koroğlunun ariyasını məhz bu daşın yanında ifa edib. Bu gün tikilini ziyarət edənlərə həmin iri daş parçasını məhz bu cür təqdim edirlər.
   Qala divarlarına qalxmaq üçün sol tərəfdə iki pilləkən var. Onlardan biri ilə - burma daş pilləkən vasitəsilə divarın içərisindən yuxarıya, təxminən yarım metr çölə tərəf tikilən dəhlizə qalxmaq olar. Digər daş pilləkən isə qalanın həyətindən yuxarıya tərəf qalxır. Bu pilləkənlərlə qala divarlarına qalxıb kəndi seyr etmək mümkündür.
   Ramana kəndindəki qəsr Mərdəkandakı qəsrdən fərqli olaraq, başqa təbii şəraitdə - qayalıqda yerləşir. Divarların xarici çərçivəsinin çoxbucaqlı şəklində olması relyefin yuxarı meydançasının konturu ilə müəyyən edilmişdir. Möhkəm qala divarları sanki qayalı yamacların təbii davamıdır. Yalnız şərq hissəsindəki divar müstəvilərində oxvari aşırımla çapılmış baştağ qabarıq şəkildə görünür. Lakin Abşeronun digər qəsrlərindən fərqli olaraq, bu qəsrdə divarlardakı dolama pilləkənlərə giriş hündürdə deyil, döşəmə səviyyəsində yerləşdirilmişdir. Yarusların bütün divarlarında nişangahlar açılmışdır. Plan və memarlıq həlli üsullarına görə Ramana qəsri digər Abşeron qəsrləri ilə çox oxşardır. Lakin mənzərəli kompozisiyası ilə onlardan fərqlənir. Bu onun yerləşdiyi relyefin xüsusiyyətlərindən irəli gəlir. Qəsr dekorativ tərtibatdan məhrumdur və üslub əlamətlərinə əsasən XIV əsrin ortalarına aid edilir.
   Azərbaycanda ən qədim qalalar siklop tikintiləridir. Qalaların təsnifatını verərkən deməliyik ki, feodal şəhərlərinin yaranması ilə meydana gəlmiş şəhərtipliləri bəzən iki və üçqat divarla və xəndəklə əhatə olunurdu. Bu qalalar üçün dördkünc, dairəvi və yarımdairəvi bürclər xarakterikdir. Bakı qalaları məhz bu sıraya daxildir.
   
   * * *
   Tarixin sərt sınaqlarına məruz qalmış qalalar insan əli ilə yarandığı kimi, zaman-zaman insan əli ilə də dağıdılmışdır. Amma bu da möcüzədir ki, tarixin yaddaşı olan qalalar, mağaralar bəzən özü-özünü hifz etmiş və yüzilliklər boyu günümüzə qədər ömür yaşamışlar.
   Mədəniyyət və Turizm Nazirliyi Mədəni irs şöbəsinin Abidələrin mühafizəsi sektorunun müdiri Arif Əliyevin sözlərinə görə, bu gün dövlət qeydiyyatına alınmış 6308 abidə var: “Söhbət sırf Abşeron ərazisində olan abidələrdən gedirsə, deyə bilərəm ki, onların əksəriyyəti dünya əhəmiyyətli abidələr siyahısına daxildir. Buraya Atəşgah məbədi, Mərdəkandakı dairəvi və dördkünc qala, Ramana və Nardaran qalaları, Bayıl qəsri və s. daxildir və bu abidələr həmişə diqqət mərkəzimizdədir. Abidələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il 132 nömrəli qərarı ilə “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qanunda öz əksini taparaq dövlət tərəfindən qorunur, onların mühafizəsi həyata keçirilir”.
   
   * * *
   Bakı və Abşeron ərazisindəki abidə-qalalar tarixi və əhəmiyyəti baxımından dəyərli maddi mədəniyyət nümunələridir. XI-XIII əsrlərdə Şirvanşahların Abşeronda möhkəmlənməsindən sonra yarımadanın ərazisində böyük tikinti işləri aparılıb. Tikililərin arasında qala və qüllələr əsas yer tuturdu - onlar feodal çəkişmələri zamanı etibarlı istinadgah, həmçinin yadelli işğalçıların hücumlarından qorunmaq üçün sığınacaq idi. Abşeron qalalarının çoxu kəndlərin qurtaracağında və ya ümumiyyətlə onlardan kənarda yerləşir. İbtidai kanalizasiya xətləri - dirəklər və su ilə dolu quyular həm də mühasirə zamanı burada müvəqqəti yaşayışdan xəbər verir.
   Bakıdan təxminən 30 km məsafədə yerləşən, Abşeronun ən qədim kəndlərindən biri olan Nardaranda, yüksək təpəcikdə, kənd qəbiristanlığının yaxınlığında bir qala ucalır. Bakının Şərq hissədən müdafiəsində əhəmiyyətli rol oynayan və əzəmətli müdafiə istehkamı olan bu qala dairəvi qüllədən və dördguşəli qala divarlarından ibarətdir. Qüllənin salamat qalmış hissəsinin hündürlüyü 12,5 metrdir, divarların hündürlüyü isə müxtəlifdir. Belə ki, şimal tərəfdən 8 metr, cənub-qərb tərəfdən isə 5 metrdir. Qüllə arakəsmələrlə üç yarusa bölünmüşdür. Birinci yarus digərlərindən birə üç dəfə hündürdür. Yaruslar daş qatlarla örtülmüşdür. Qala divarlarının qalınlığı 1,85 metrdən 1,56 metrə qədərdir. Qalanın birinci qatında dərin quyu var. Yerli sakinlərin dediyinə görə, burada yeraltı lağım olmuşdur. Qalanın ikinci qatında, divarın içində yuxarı, üçüncü qata gedən daş pillələr vardır. Üçüncü qatı isə dağılmışdır. Lakin divarın içərisində olan daş pillələrin izləri göstərir ki, ola bilsin, qalanın vaxtilə dördüncü qatı da olmuşdur. Bu halda qalanın hündürlüyü ənənəvi olaraq 20 metrdən artıq olmalı idi. Qalanın divarında, təxminən ikinci qatı hündürlüyündə, tikintinin sifarişçisini, memarını və inşa tarixini göstərən iki kitabə salamat qalmışdır. Yazıdan aydın olur ki, qala hicri 700-cü ildə (miladi 1300-1301) Bərəkət adlanan Xuraman ana tərəfindən dəniz kənarında tikilmişdir.
   Hazırda qala dəniz kənarından böyük bir məsafədədir. Qalanın qapısının sağında, birinci kitabədən bir az yuxarı, başqa kitabədə «Əməli Mahmud bin Səəd» sözləri yazılmışdır ki, bu da memarın adıdır. Çox güman ki, bu məşhur memar olmuşdur, çünki bu şəxsin adına başqa tikililərin üzərilərində olan kitabələrdə də, məsələn, Bibiheybət məscidinin, Pirsaatçay xanəgahının kitabələrində rast gəlmək olar. Məlumatlarda deyilir ki, qala yaxınlığında yerləşən pirdən buraya yeraltı yol olmuşdur.
   Abşeron yarımadası boyunca yerləşən qalalar uzunmüddətli yaşayış üçün nəzərdə tutulmamışdı. Abşeron qalaları Qərbi Avropanın eyni dövrə aid qalalarından fərqlənir - onların içərisində yaşayış və xidməti tikililəri olan geniş həyət yoxdur. Belə tikililər qala divarlarından xaricdə yerləşirdi. Qalalar isə yalnız hücum zamanı müvəqqəti sığınacaq rolunu oynayırdı. Abşeronun bütün qalaları vahid müdafiə sisteminə daxil idi. XVII-XVIII əsrlərdə qüllələr xəbərdarlıq rolunu oynayırdılar - düşmən yaxınlaşarkən qalaların başında neft yandırılırdı və bununla əhali təhlükədən xəbər tuturdu. Abşeronun qalaları çox oxşardır. Onların çoxu kəndlərin qurtaracağında və ya ümumiyyətlə onlardan kənarda yerləşir. Formalarından - dairəvi və ya dördkünc - asılı olmayaraq, Abşeron qüllələri, demək olar ki, eyni planla tikilirdi. Onların hamısı dördkünc qala divarları ilə əhatə olunmuşdu. Daş divarla dövrələnmiş bütün qüllələrin həyətinin sahəsi 20-25 metr idi.
   
   * * *
   Azərbaycan tarixi irsini qoruyub saxlayan maddi mədəniyyət nümunələri ilə zəngin bir ölkədir. Bu zəngin irsin qorunub mühafizə edilməsi ilə yanaşı, həm də ölkəmizdə turizmin inkişaf etdirilməsində mühüm əhəmiyyəti vardır. Təkcə təbiətimizin deyil, tariximizin daşlaşmış yadigarlarından da səmərəli istifadə edərək gələcək nəsillərə çatdırılması bizim vətəndaşlıq borcumuzdur. Misal üçün, Azərbaycanın UNESCO-ya üzv qəbul olmasının 20 illiyi münasibətilə ölkəmiz tərəfindən quruma daş at və daş qoç abidələri (XII-XIII əsrlərə aid bu nümunələr Tovuz rayonu ərazisindən tapılmışdır) hədiyyə edilmişdir. Hazırda UNESCO-nun baş qərargahının həyətində qoyulan heykəllər burada daimi olaraq sərgilənərək həmin məkana baş çəkən hər kəsə qədim mədəni irsimizi nümayiş etdirəcək, Azərbaycan tarixinin daş yaddaşının təmsilçisi missiyasını özündə yaşadacaq.
   
   Lalə Azəri
   
   Yazı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi “Mədəni irs və tarix-mədəniyyət qoruqları” mövzusunda müsabiqəyə təqdim olunur.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar