Qədim Odlar yurdunun bol sərvətlər yetirən torpaqları tarixən yadelli qəsbkarların diqqətini çəkib. Vətənimizin sinəsi hərb meydanına çevrilib. Qəhrəman babalar qəsbkarları dəf etmək üçün möhtəşəm qalalar ucaldıblar. İrəvan qalası da onlardan biri idi...
   
   İrəvan qalası haqqında ilkin yazılı məlumat Səfəvilər dövrünə təsadüf edir. 1502-ci ildə Şah İsmayılın qoşunları Qaraqoyunlu əmirləri üzərində qələbə çalaraq İrəvan şəhərini ələ keçirir. XVII əsrin 40-cı illərində Cənubi Qafqazda səfərdə olan məşhur türk səyyahı Övliya Çələbi yazır ki, Şah İsmayıl 1509-cu ildə qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş verir. O da 7 ilə qalanı tikdirib başa çatdırır. Adını da “Rəvan” qoyur. Sonrakı dövrlərdə İrəvan hakimlərinin, bəylərbəylərinin və xanlarının iqamətgahı İrəvan qalasında olur.
   XIX əsrin əvvəllərində Rusiya Cənubi Qafqazda möhkəmlənmək üçün hərbi əməliyyatlara başlayır. 1804-cü ilin yanvarında Gəncə xanlığının işğalından sonra növbəti hədəf İrəvan xanlığı olur. 1804-cü ildə rus qoşunlarının İrəvan xanlığına hücumu ərəfəsində İrəvan xanı Məhəmməd xan qalanı daha da möhkəmləndirmək üçün ciddi tədbirlər həyata keçirir. Qalanın müdafiəçilərinin sayı 7 min döyüşçüyə, qala bürclərindəki toplar isə 22-yə çatdırılır. Xeyli ərzaq ehtiyatı tədarük edilir. İrəvan qalasını uzun müddət mühasirədə saxlamaq cəhdləri bir nəticə vermir. Rus ordusu qalanın mühasirəsindən geri çəkilir. 1806-cı ilin iyulunda Qafqazdakı rus qoşunlarına baş komandan təyin edilən general-feldmarşal İvan Qudoviçin qarşısında İrəvan xanlığının işğal edilməsi tələbi qoyulur. Hüseynqulu xan Qacar isə İrəvan qalasını 1807-ci ildə fransız mühəndislərinin iştirakı ilə daha da möhkəmləndirir. İ.Qudoviç xatirələrində yazıb ki, İrəvan qalası bütün Avropa hərb qaydaları əsasında möhkəmləndirilib, iki divarla əhatələnib. Divarlarının qarşısında xəndəklər qazılıb, torpaq təpələr yaradılıb və üzərində də toplar düzülüb...
   Rus qoşunlarının qala üzərinə ikinci hücumu 1808-ci ilin sentyabrında olur. Üçkilsə (Eçmiədzin) monastırı ələ keçəndən sonra ruslar İrəvan ətrafında düşərgə salır. Bu dəfə də rus qoşunları İrəvan qalasını ələ keçirə bilmir. Nəhayət, 1827-ci il sentyabrın 15-də rus qoşunları uzun sürən mühasirədən sonra Sərdarabad qalasına girirlər. Bundan sonra İvan Paskeviçin komandanlığı altında bütün qüvvələr İrəvan qalasına yönəlir. 1827-ci il oktyabrın 1-də əvvəlcə qalanın cənub-qərb qülləsi, sonra isə qalanın şimal darvazası dağıdılır. Qoşun qalaya daxil olur.
   Bununla da Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı başa çatır. İrəvan qalasının alınmasında yenə də erməni xəyanəti və satqınlığı mühüm rol oynayıb. Regionun relyefinə bələd olan ermənilər rus hərbçilərinə bələdçilik edir, qalanın zəif müdafiə olunan yerlərini onlara nişan verirlər.
   İrəvan qalasının alınması xəbəri I Nikolaya Riqada olarkən çatdırılır. Qalanın süqutundan sonra İrəvan xanının qardaşı Həsən xanın hazırda Kremlin “Silahlar Palatası”nda saxlanılan qılıncı çara təqdim edilir.
   Qalanın işğalından dərhal sonra ilk olaraq 1725-ci ildə Osmanlı sərkərdəsi Rəcəb paşa tərəfindən inşa edilən məscidin günbəzindəki aypara çıxarılır. Yerinə xaç asılır. Minarəsində kilsə zəngi quraşdırılır və pravoslav kilsəsinə çevrilir. Sərdar məscidi rus qoşunlarının hərbi anbarına çevrilir. Daha sonra sarayda “Erməni vilayəti”nin inzibati binası yaradılır. Rusiya çarı I Nikolay Şimali Azərbaycan xanlıqlarının sonuncu istehkamı olan əfsanəvi İrəvan qalasını görmək arzusu ilə 1837-ci ildə İrəvana gəlir. Xan sarayında şəhərin müxtəlif təbəqələrinin nümayəndələrini qəbul edir. Rus qoşunlarının İrəvan qalası üzərinə hücumunu müşahidə edən rəssam V.Moşkov “Hücumla İrəvan qalasının alınması” adlı məşhur tablonu çəkir.
   Memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı araşdırmasında göstərir ki, İrəvan qalasının ruslar tərəfindən işğalından sonra qalanın tərtib edilən xəritəsinə əsasən, onun uzunluğu 850, eni 790 metr olub. İkiqat qala divarlarının hündürlüyü 10,5-12 metr, qalanın birqat divarı isə Zəngi çayı sahilində ucalan qayalıq üstündən keçir. Qalanın üç girişi: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı (yaxud Meydan qapısı) və Körpü qapısı olub.
   İrəvan qalasının həmyaşıdları - Bakıda İçərişəhərin qala divarları, onun içərisindəki Şirvanşahlar sarayı, Şəkidə Xan sarayını əhatə edən qala divarları bu gün də yaşayır və keçmişdən bu günə soraq verirlər. Çox təəssüf ki, İrəvanda isə orta əsr memarlığından soraq verən bircə dənə də olsun tarixi abidə qalmayıb.
   İrəvan qalası bu gün Ermənistan Respublikası adlanan tarixi Azərbaycan torpağında qalaraq dağıdılan yüzlərlə tarixi-memarlıq abidələrimizdən biridir.
   
   Savalan Fərəcov







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar