Qədim mədəniyyət tariximizdən
   
      
   Ölkəmizdə aparılan arxeoloji qazıntılar, əldə edilən maddi-mədəniyyət nümunələri və onların tədqiqi onu göstərir ki, əcdadlarımız min illərdən bəri bu torpaqlarda yaşayıblar. Zəngin mədəni mirasın tapıldığı yerlərdə yaşayışın xronoloji baxımdan izlənilməsi və tarixi dövrlərə aid nümunələrin müqayisəsi eyni etnosa məxsus fərqli mədəniyyətlərin olduğunu ortaya çıxarmışdır. “Qədim mədəniyyət tariximizdən” rubrikasında bu dəfə özünəməxsus tarixi-mədəni elementləri ilə seçilən, 7 əsrlik bir dövrü əhatə edən Xocalı-Gədəbəy mədəniyyətindən bəhs olunacaq.
   
   Xronologiya
   
   Xocalı-Gədəbəy mədəniyyətinin tədqiq olunmasında tarixçi alimlərdən İdeal Nərimanov, Təvəkkül Əliyev, Vəli Baxşəliyev, Hidayət Cəfərov və başqalarının böyük rolu olub. Bu mədəniyyətin xronoloji çərçivəsi eradan əvvəl XIV-XIII əsrlərdən VII əsrə qədər olan dövrü əhatə edir və Xocalı ilə Gədəbəy bölgəsi arasındakı ərazilərdə bu dövrə aid materiallar tapıldığına görə belə adlandırılıb. Şimali Azərbaycanda, Şərqi Gürcüstanda, Qərbi Azərbaycan torpaqlarında (indiki Ermənistan ərazisində) Xocalı-Gədəbəy mədəniyyəti ilə bağlı çoxsaylı abidələr aşkar olunub. Tədqiqatçılar haqlı olaraq bu dövrün arxeoloji mədəniyyətini Azərbaycan tarixinin parlaq səhifəsi kimi səciyyələndirirlər.
   
   Tapılan nümunələr qədim dövlətçilik tariximizdən xəbər verir
   
   AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Çöl tədqiqatları sektorunun müdiri, Mil-Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri olmuş, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev deyir ki, aparılan qazıntılar nəticəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid 150-yə qədər abidə aşkar olunub: “Bu dövr abidələrinin xarakterinə diqqət yetirsək görürük ki, onlar daha çox yaşayış yerləri, qəbirlərdir. Yaşayış yerləri daimi və müvəqqəti olmaqla iki yerə bölünür. Azərbaycanın qərbində Gədəbəy, Tovuz, Daşkəsən, Qarabağın bir çox hissəsində, Qubadlıda, Laçında və digər bölgələrdə bu mədəniyyətə aid xeyli sayda maraqlı maddi-mədəniyyət nümunələri aşkarlanıb. Eradan əvvəl II minilliyin sonu - I minilliyin əvvəllərində Azərbaycanda bu qədər abidənin inşa olunması maraqlı tarixi faktdır. Bizim araşdırmalar onu göstərdi ki, bu abidələrə sərf olunan əmək Misir ehramlarına sərf olunan əməkdən geri qalmır. Onların bir qismi Naxçıvan Muxtar Respublikası ərazisində (Oğlanqala, Govuqala və s.) yerləşir. Abidələrin tikintisində istifadə olunan daşların ağırlığı 3-5 tondur”.
   Alim deyir ki, qədim yaşayış yerlərində yüzlərlə belə nəhəng daşın dağların başına qaldırılması bu işin mütəşəkkil işçi qüvvələri tərəfindən görülməsindən, həmin qüvvələrin idarə olunmasından xəbər verir. Bu isə həmin dövrdə müəyyən dövlət, inzibati idarəçiliyin olduğunu göstərir.
   
   Siklop tikililər
   
   Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan abidələrin bir qismi siklop tikintiləridir. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev qeyd edir ki, bu tip tikintilər Cənubi Qafqazın müxtəlif rayonlarında qeydə alınıb: “Azərbaycanın Göygöl, Dəstəfur (Daşkəsən), Şəmkir, Gədəbəy, Tovuz və Qazax bölgəsində aşkar olunan bu tip tikililər başlıca olaraq yüksək daş kəsimlərində yerləşir. Bu abidələrin siklop tikintisi adlandırılmasının səbəbi onların hörgüsündə böyük qaya parçalarından və iri daşlardan istifadə edilməsidir. Lakin araşdırmalardan bəlli olur ki, bu abidələr Son Tunc dövründə müdafiə məqsədilə inşa edilmiş qalalardır.
   Arxeoloji araşdırmalar sübut edir ki, e.ə. II minilliyin ikinci yarısında Azərbaycanda müdafiə tikintilərinin meydana çıxması cəmiyyətin sosial həyatındakı dəyişikliklər və xarici işğal təhlükəsi ilə bağlı olub”.
   Tədqiqatçılar Azərbaycanın şimal rayonlarında yerləşən siklop tikintiləri üç qrupa bölürlər: yaşayış yeri, müdafiə və heyvanların sığınması və saxlanması üçün istifadə olunan tikililər. Yaşayış yeri kimi istifadə olunan qalalar strateji cəhətdən əlverişli mövqelərdə yerləşdirilmiş və müdafiə divarı ilə əhatə olunmuşdur. İkinci və üçüncü qrupa daxil olan tikililər təbii baxımdan dağların əlçatmaz və alınması çətin olan mövqelərində yerləşdirilməklə, müdafiə divarı ilə də əhatə olunmuşdur.

   Azərbaycan tayfalarının qonşu regionlarla geniş əlaqələri olub
   
   Tarixçi alim Təvəkkül Əliyev Xocalı-Gədəbəy mədəniyyətini tarixdə irəliləyiş və yeniliklər olan bir mərhələ kimi xarakterizə edir: “Xocalı-Gədəbəy mədəniyyəti materiallarının özünəməxsus xüsusiyyətləri var. Gəlinən nəticələr bu dövrdə yeniliklərin olmasından xəbər verir. Məsələn, aşkar olunan silahlar öz çeşidi ilə diqqəti cəlb edir. O dövrdə silahların əksəriyyəti tuncdan hazırlanırdı. Tunc silahlar həmin dövr üçün zəruri idi. Bu elə bir dövr idi ki, iri tayfa ittifaqları yaranırdı, müharibələr olurdu. Buna uyğun olaraq qazıntılarda tunc silahlar, xəncər, toppuz, ox ucları, eləcə də tuncdan hazırlanmış çoxlu qazanlara rast gəlinir. Kəmərlər üzərində olan naxışlar, oymalar diqqəti cəlb edir. Saxsı qabların üzərində heyvan, ox, səma təsvirləri göz oxşayır”.
   Azərbaycanda Son Tunc və Erkən Dəmir dövrləri abidələrinin böyük bir qismi Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Tədqiqatlardan bəlli olur ki, bu mədəniyyətin əhatə etdiyi tarixi dövrdə Azərbaycan tayfalarının qonşu regionlarla geniş əlaqələri olub. Təsadüfi deyil ki, hələ XX əsrin əvvəllərində Xocalı yaxınlığında aparılan qazıntılar zamanı üzərində Assur hökmdarının adı həkk olunan muncuq aşkar olunmuşdu.
   Xocalı-Gədəbəy mədəniyyəti abidələri həm də emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilmişdir. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur. Qəbirlərin keramikası, demək olar ki, eynidir. Qəbirlərdən tunc qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, bardaq, qazan, cilov, bilərzik, üzük, sümükdən düzəldilmiş bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilmişdir.
   
   Mədəniyyətin izlərinə bu gün də rast gəlinir
   
   Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı Xocalı-Gədəbəy mədəniyyəti ilə bağlı yeni materiallar bu gün də aşkar olunmaqdadır. Məsələn, Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı "Palıdlı" nekropolunda aparılan arxeoloji qazıntı zamanı yeni materiallar aşkarlanıb. "Palıdlı" nekropolunda tədqiqatlar 2009-cu ildən başlanıb, 20-dək qəbir açılıb. Eramızdan əvvəl XII-XI əsrlərə aid torpaq qəbirlərdə çoxlu miqdarda saxsı qablar, küplər, sərnic, bardaq, cam, nehrə, bəzək əşyaları (qolbaqlar, üzüklər, sırğalar, mindən artıq əqiq, Misir pastası, şüşə və tuncdan muncuqlar) aşkar edilib.
   Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov deyir ki, Xocalı-Gədəbəy mədəniyyətinə aid bu tapıntılar qazıntı aparılan ərazilərdə Son Tunc və İlk Dəmir dövründə davamlı yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin inkişafını təsdiqləyir: “Bu materiallar eyni zamanda ermənilərin ərazi iddialarının əsassız olduğunu, Qarabağın aran və dağlıq ərazilərində tarixən eyni mədəniyyətin daşıyıcılarının yaşadıqlarını bir daha təsdiq edir. Bu arxeoloji qazıntılar həm qədim tariximizin öyrənilməsi, həm də Qarabağ tarixini özününküləşdirməyə çalışan ermənilərə cavab baxımından da əhəmiyyətlidir”.
   
   Ceyhun Zərbəliyev







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar