İnsanlığın tarixi ilə qoşa addımlayan memarlığı bəzən “donmuş musiqi” də adlandırırlar. Çünki o, notlar kimi riyazi qanunlara tabe olur. Əgər memar bu elementlərin ahəngdar birləşməsinə nail olmağı bacarırsa, o zaman onun işinin nəticəsi inandırıcı, valehedici və zərif alınır.

Sivilizasiyalar dövrün memarlıq abidələrinə əsasən xatırlanır

Sivilizasiyaların inkişafının hər mərhələsi konkret tarixi dövrü, onun əsas xüsusiyyətlərini, ideologiyasını və xarakterini simvollaşdıran tipik memarlıq üslubuna malikdir. Bu mənada müxtəlif xalqların yaratdığı, özündə tarixin sirlərini, nişanələrini yaşadan nəhəng tikililərdən Misir ehramlarını, Böyük Çin səddini, Romada Kolizeyi və Müqəddəs Pyotr kilsəsini, Parisdə Eyfel qülləsini və başqalarını göstərmək olar.
Bu gün müasir memarlıq cərəyanlarının yaranmasına baxmayaraq, şəhərlərin və ya ölkələrin xüsusi simvolları sayılan qədim tikililər, saraylar öz cazibədarlığını itirmir. Memarlıq bir şəhərin, dövlətin və bütövlükdə bir dövrün xüsusi “vizit kartı”dır.

Memarlıq tariximizə qısa baxış

Azərbaycanda qədim yaşayış yerlərinin mövcud olması memarlıq tariximizin də böyük keçmişindən xəbər verir. Ölkəmizin ərazisində hələ e.ə. IX-VII əsrlərdə ilk şəhərlər yaranıb və dövrün müdafiə tikililəri, əzəmətli qala divarlarının inşası bunu sübut edir. Eramızdan əvvəl IV əsrdən və yeni eranın VII əsrinədək şəhərsalma sahəsində mühüm addımlar atılmışdır. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borulardan çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş müdafiə sistemi, Ləkit kəndindəki (Qax) dairəvi xristian məbədi (V-VI əsrlər), Qum kəndindəki (Qax) bazilika (VI əsr), Mingəçevirdəki məbədlər kompleksi (VII əsr) bu şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir.
VII əsrdən Azərbaycanda İslam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişir. Memarlıqda yeni tipli binaların - məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi geniş vüsət alır. Bu dövrdə İslam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları da inşa edilir. X-XII yüzilliklərdə artıq Azərbaycanda müxtəlif memarlıq məktəbləri yaranır. Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı olsa da, özünəməxsus cəhətlər də az deyildi...

Yeni dövrün şəhər memarlığı

Şəhər memarlığı tariximizdə Bakının ayrıca yeri var. Bu baxımdan şəhərin tarixi simasını səciyyələndirən tikililərlə yanaşı, ötən əsrdə meydana gələn tikililəri də xüsusi qeyd etmək lazımdır. Nizami adına Ədəbiyyat Muzeyi (1940, M.Hüseynov, S.Dadaşov), indiki Şəhriyar adına Mədəniyyət evi (1948, H.Məcidov), Milli Kitabxananın binası (1961, M.Hüseynov) Bakının gözəl memarlıq tikililərindəndir. 1967-ci ilin noyabrında açılan Bakı Metropoliteni yüksək bədii-memarlıq səviyyəsi, inşaat keyfiyyəti, memarlıq və təsviri sənət sintezindən uğurlu istifadə edilməsi ilə seçilir. 60-cı illərin sonu - 80-ci illərdə Azərbaycanda şəhərsalma və memarlığın inkişafında keyfiyyətcə yeni dövr başlayır. Bakı məhz bu illərdə paytaxt tipli böyük şəhərə çevrilir.

Müasir Bakının memarlıq simvolları

Ölkəmiz müstəqillik qazanandan sonra Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları inşa edilir, paytaxtın yeni memarlıq simvolları yaranır. İndiyədək dünyada Qız qalası, İçərişəhər kimi qədim memarlıq abidələri ilə tanınan, neft şəhəri - Bakı artıq özünün yeni, qısa zamanda dünyada məşhurlaşan rəmzləri ilə də tanınmaqdadır.
Son illərdə tikilib istifadəyə verilən, dünya və milli memarlıq ənənələrinin mükəmməl üslublarını özündə əks etdirən çoxsaylı binalar Bakıya yeni görkəm verir. Bunların içərisində “Alov qüllələri” xüsusilə seçilir.
ABŞ-ın CNN telekanalı Azərbaycan paytaxtının ecazkar görkəmindən bəhs edərkən “Alov qüllələri”nin inşasına da toxunub. Telekanalın “Nəhəng binalar” layihəsində müəllifləri dünyanın altı aparıcı memarından işlədikləri ən sevimli binanın adını çəkməyi xahiş ediblər. “Alov qüllələri”nin layihələndirilməsi ilə məşğul olan NOK memarlıq şirkətinin vitse-prezidenti Barri Hyuz onu özünün ən sevimli layihələrindən biri adlandırıb: “Qüllənin forması oda sitayiş edən zərdüştilərin mərkəzi olmuş şəhərin tarixindən və onun təbii qaz ehtiyatlarından götürülüb. Biz alov ideyası üzərində dayandıq. Layihənin Bakının simvollarından birinə çevrilməsi memarların gözlədikləri nəticə idi”.
Binanın tikintisinin başa çatmasına az qalmış qüllələrdən birinin ən yüksək mərtəbəsinə qalxdığını deyən memar onu gözlənilməz hiss bürüdüyünü vurğulayır: “Ola bilsin ki, layihənin tamamlanması ilə əlaqədar hiss məni sadəcə məst etmişdi, amma orada məkan həqiqətən sehrlidir”.

Postmodern memarlığın nadir incisi

Paytaxtın yeni memarlıq incilərindən biri də Heydər Əliyev Mərkəzidir. Mərkəzin binası artıq yeniləşən və müasirləşən Bakının yeni rəmzlərindən birinə çevrilib. Mərkəzin binası dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında postmodernizm üslubunda inşa edilib və dünya memarlığının incilərindən biri adını qazanıb. Mərkəz böyük zaldan, konfrans zallarından, kitabxana və digər otaqlardan ibarətdir. Üç birləşmiş hissədən ibarət olan bina dalğanı xatırladır. Bu memarlıq abidəsi inkişaf edən Azərbaycanın rəmzi kimi də qəbul edilir.
Bina müasir və orijinal memarlıq əsəri kimi tez bir zamanda dünyada məşhurlaşıb, onun layihəsi Dünya Arxitektura Festivalına çıxarılıb. 9 kateqoriyada təşkil olunan festivalda 50 ölkədən 300-dən çox layihə arasında Azərbaycandan Heydər Əliyev Mərkəzi də seçilib.
Azərbaycanın 2012-ci ildə ev sahibliyi etdiyi “Eurovision” mahnı müsabiqəsinin, eyni zamanda böyük incəsənət və idman tədbirlərinin keçirilməsi üçün inşa edilmiş “Crystall Hall” mərkəzi də paytaxtın yeni rəmzlərindən sayılır. 25 min nəfərlik kompleks özünəməxsus memarlıq üslubu ilə fərqlənir və paytaxta xüsusi yaraşıq verir. Kompleksdə bənzəri olmayan işıqlandırma sistemindən istifadə olunur və bina Bakı gecələrinə xüsusi gözəllik verərək nəhəng bülluru xatırladır.
Son illərdə tikilən “Kempinski Hotel Badamdar”, “Hilton Baku”, “Four Seasons Baku”, “Marriott Absheron Baku”, “Jumeirah Bilgah Beach Hotel” kimi brend hotellər və memarlıq inciləri olan digər onlarla bina paytaxt Bakının dünyanın ən gözəl şəhərləri sırasına daxil olmasına zəmin yaradır.
Bakının yeni rəmzlərinə çevrilmiş binalar Azərbaycanın ötən 10 ildə keçdiyi dinamik inkişaf mərhələsini əks etdirən nümunələrdir. Bu tikililər paytaxtımızı gözəlləşdirməklə yanaşı, Azərbaycanın iqtisadi gücünü, turizm imkanlarını, müasir dünyaya sürətlə inteqrasiyasını nümayiş etdirir.

Ceyhun Zərbəliyev







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar