“Muzey azadlıq və demokratik ideyalara çatmaq uğrunda Azərbaycan xalqının bütün təbəqələrinin, onun qabaqcıl nümayəndələrinin qəhrəmanlıq mübarizəsi səhifələrini işıqlandırmalıdır”
(“Azərbaycan” qəzeti, 9 dekabr 1919-cu il)


Ölkəmizdə dövlət səviyyəsində ilk muzey Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1919-cu il dekabrın 7-də açılıb. Xalq Cümhuriyyəti Azərbaycan xalqının milli dövlətçilik tarixində misilsiz hadisə olmaqla yanaşı, milli mədəniyyətin, təhsilin, ədəbiyyat və incəsənətin inkişafına da böyük töhfələr verdi. Həmin dövrdə Bakı Universiteti fəaliyyətə başladı, Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri oldu, kitab fondu artırıldı. Bakı Universiteti nəzdində açılmış “Müsəlman Şərqini öyrənən cəmiyyət” Azərbaycan tarixini və mədəniyyətini öyrənmək sahəsində ilk addımlar atdı.

1919-cu ilin sentyabr ayında milli tarixi irsimizin qorunması məqsədilə Azərbaycan şərqşünasları tərəfindən “Şərqin arxeologiyası və tarixin həvəskarları dərnəyi” yaradılması haqqında məsələ qaldırılmışdır. Lakin həmin dövrdə əşya və materialların, bədii sənətkarlıq nümunələrinin qeydə alınması, mühafizəsi, tədqiqi, təbliği ilə əlaqədar hüquqi-normativ sənədlər yox idi. Avropa missionerləri və tacirləri Azərbaycanda əhalidən müxtəlif əlyazmaları, çini qabları, qızıl əşyalarını, qədimi paltarları alıb aparırdılar və bu dəyərli nümunələrin xaricə axınının qarşısını almaq vacib idi.
Bu məqsədlə həmin illərdə fəaliyyət göstərən “Yaşıl qələm” Ədəbi Cəmiyyətinin üzvləri Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu Azərbaycan Parlamenti qarşısında Bakıda milli muzeyin yaradılması məsələsini qaldırdılar. “Azərbaycan” qəzeti (1919, 23 sentyabr) yazırdı: “... sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da Vətənimiz Azərbaycanda bir milli muzey təsisidir... Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını “milli muzey” qoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə, “İstiqlal Muzesi olmasını əhəmiyyətli görürüz”.
Azərbaycan Parlamentinin sədr müavini Həsən bəy Ağayev İnventar komissiyasına muzey üçün bir otaq ayrılması haqqında sərəncam vermişdir və komissiya belə bir qərar çıxarmışdır: “Muzeyin saxlanma xərclərini Parlament öz üzərinə götürür, bu şərtlə ki, muzey eksponatları yalnız parlamentə məxsus olmalıdır”.
İstiqlal Muzeyi 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin yaradılmasının ildönümü münasibətilə onun binasında açılmış və Parlamentin nəzdində fəaliyyət göstərmişdir.
Muzeyin yaradıcıları Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu - Xalq Cümhuriyyəti yaranandan sonra mədəni quruculuq işlərində fəal çalışmışlar.
Hüseyn bəy Mirzəcamalov 1878-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Şəhər real məktəbini bitirmişdi. Ali pedaqoji təhsili alandan sonra Bakı Dövlət Universitetində riyaziyyatdan dərs deyirdi. Hüseyn bəy şair və yazıçı idi. Həmçinin jurnalistika ilə də məşğul olurdu. Xalq Cümhuriyyəti Parlamentinin dəftərxanasında çalışmışdı, qanunvericilik şöbəsinin rəisi idi. Cümhuriyyətin süqutundan sonra Türkiyəyə mühacirət edən Hüseyn bəy 1974-cü ildə İstanbulda dünyasını dəyişib.
Məhəmməd Ağaoğlu 1896-cı ildə İrəvan şəhərində anadan olmuşdu. 1912-ci ildə gimnaziyanı bitirmişdi və həmin il Moskva Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir sıra maarif-mədəniyyət və sənət ocaqlarının yaradılmasında, muzeyşünaslıq, qədim maddi mədəniyyət nümunələrini qorumaq sahəsində fəal çalışmışdır. 1920-ci ildə Türkiyəyə mühacirət etmiş, 1927-1928-ci illərdə İstanbulda Milli Muzeyin islam incəsənəti bölməsinin müdiri olmuşdu. 1929-cu ildən ABŞ-da yaşamış, əvvəlcə Detroyt İncəsənət İnstitutunun, sonra Miçiqan Universitetinin professoru kimi fəaliyyət göstərmiş, 1933-cü ildən isə “İslam incəsənəti” məcmuəsinin redaktoru olmuşdur. Məhəmməd Ağaoğlu Azərbaycan, Türkiyə, İran və başqa Şərq ölkələrinin incəsənət tarixini tədqiq etmiş, Şərq miniatürü, xalça, bədii metal və parça sənətinə dair qiymətli əsərlər yazmışdır. Geniş erudisiyalı şərqşünas alim kimi tanınmış, ərəb, fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini bilmiş, Şərq xalqlarının orta əsr incəsənətinə dair “İslam sənəti tarixi”, “XV əsr İran kitab cildləri”, “Səfəvi xalçaları və parçaları” kitablarının, həmçinin müxtəlif elmi məqalələrin müəllifidir.
Muzeyin yaradılması ilə bağlı Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu bir tərəfdən, digər tərəfdən Azərbaycan Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, Sultanməcid Qənizadə və rəyasət heyətinin digər məsul əməkdaşları çox maraqlı bir sənəd imzalamışdılar. Bu sənəd “Həmişəlik Azərbaycan Parlaman İmarətində təsis edilən muzey İstiqlal adına müəssisələr tərəfindən toplanmış olan şeylərin birinci parlaman Divani-Riyasətinə təhvil verilməsi haqqında şərait” adlanır. Bu, Azərbaycanda muzey işinin təşkili və fəaliyyətini tənzimləyən ilk hüquqi sənədlərdən biridir. Sənəddə muzey işində aparıcı sənədlər, muzey əsasnaməsi, uçot- mühafizə üzrə təlimat və fond-satınalma komissiyası haqqında müddəalar yığcam şəkildə öz əksini tapmışdır. Sənəddə göstərilir ki, “İstiqlal Muzeyinə verilən hər bir əşya milli sərvətdir, gələcəkdə əşya sahiblərinin ailə üzvləri onları tələb edə bilməzlər. Muzeyə hədiyyə olunmuş əşyalar geri qaytarılmır. Muzeyin genişlənməsinə Azərbaycan Parlamenti divan rəyasəti səy edəcək və təşkilatına lazım olan bütün məxarici kəndi öhdəsinə götürəcəkdir”.
Sənəddən görünür ki, gələcəkdə muzey üçün xüsusi bir binanın ayrılması, yaxud tikilməsi, muzeyin nəzdində zəngin kitabxananın yaradılması, muzey proqram və nizamnaməsinin yaradılması və s. nəzərdə tutulmuşdur. Muzeyə verilmiş əşyaların qiymətləndirilməsi və uçota alınması, əşya təqdim edən şəxslərə müvafiq sənədin verilməsi, muzeyin əldə etdiyi gəlirlərdən istifadə qaydaları sənəddə öz əksini tapmışdır. Bu haqda “Azərbaycan” qəzeti yazırdı: “İstiqlal Muzeyinin genişlənməsi üçün eksponatların toplanması işi gedir. Muzeyin təsisçiləri əhaliyə müraciət edərək, muzeyin komplektləşdirilməsinə yardım göstərməyə və köhnə əşyaları muzeyə bağışlamağa çağırırdılar. Muzeyə kömək göstərən şəxslərə bağışlanılan əşyaların adları və qiyməti göstərilməklə qəbz verilirdi”.
Azərbaycan Parlamentinə təhvil verilmiş 31 adda 89 ədəd ilkin əşya içərisində qədim qılınc, qəmə, barıt qabı, müxtəlif formalı muncuqlar, əski Quran, dualar, tilsim mətnləri həkk olunmuş mis məmulatlar, gümüş üzük, rus pulları, yunan pulu, əlyazmalar və digər məmulatlar mövcud idi.
Beləliklə, 1919-cu ilin dekabrında İstiqlal Muzeyinin açılması Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə oldu. 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra İstiqlal Muzeyi ləğv edilsə də, yeni muzeylərin təşkilində mühüm rol oynadı. Muzeyin eksponatları yeni təşkil olunmuş Azərbaycan Dövlət Muzeyinə verildi. Sonralar eksponatların bir hissəsi (o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, “İstiqlal Bəyannaməsi”nin əsli, Azərbaycan Parlamentinin materialları və s.) Moskvadakı İnqilab Muzeyinə aparıldı.
Onilliklər keçdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdi. Həmin ildə yeni İstiqlal Muzeyi yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu adda muzeyin mövcud olması haqqında fakt yox idi. Muzey yaradıldıqdan sonra, sənədlərin işlənməsi və arxivlərin öyrənilməsi nəticəsində məlum oldu ki, ilk rəsmi dövlət muzeyi “İstiqlal” muzeyi olmuşdur.
Muzeyimiz müstəqil Azərbaycanla həmyaşıddır. Bu gün İstiqlal Muzeyinin əsas işi gəncləri Vətənə məhəbbət, vətənpərvərlik ruhunda tərbiyə etmək, ölkəmizin müstəqilliyi uğrunda canından keçən qəhrəmanların əziz xatirəsini əbədiləşdirməkdən ibarətdir.

Fəridə Şəmsi,
Azərbaycan İstiqlal Muzeyinin direktoru







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar