“Açıq qapı günləri”ndə muzeydə ziyarətçi sayı iki dəfə artıb

Böyük Britaniyanın BP şirkətinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində və Milli Azərbaycan Tarixi Muzeyində gerçəkləşən “açıq qapı günləri” haqqında xəbər vermişdik. Milli İncəsənət Muzeyində aksiya yanvarın 2-dən 12-dək keçirilib, Milli Azərbaycan Tarixi Muzeyində isə yanvarın 7-dən start verilən “açıq qapı günləri” davam edir.

300 mindən çox eksponatı olan muzeyə gələn ziyarətçilər Azərbaycanın tarixi, etnoqrafiyası, arxeologiyası, numizmatikası və sənədli mənbələri ilə yaxından tanış olmaq imkanı əldə edir, ekspozisiyadakı zəngin nümunələr vasitəsilə keçmişimizə səyahətə çıxırlar.
Muzeylərin işinə yardımçı olmaq, insanlarda belə tarixi məkanlara marağın artırılması məqsədilə həyata keçirilən bu layihə xüsusilə gənclərin tarixi-mədəni irslə tanışlığında müstəsna əhəmiyyətə malikdir.
Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiya işləri üzrə direktor müavini Həbibə Əliyeva bizimlə söhbətində layihənin həyata keçirilməsini ölkəmizin tarixinin və mədəniyyətinin təbliği üçün mühüm addım kimi xarakterizə etdi. Prezident İlham Əliyevin sərəncamı ilə 2004-2007-ci illərdə muzeydə əsaslı şəkildə təmir və yenidənqurma işlərinin aparıldığını deyən direktor müavini bildirdi ki, bu məkana hər zaman ziyarətçi marağı böyük olub. Bununla yanaşı, adi günlərdən fərqli olaraq “açıq qapı günləri”ndə ziyarətçilərin sayında təxminən iki dəfə artım müşahidə edilir: “Açıq qapı günlərində muzeyimizə hər gün 350 nəfərdən çox ziyarətçi gəlir. Onların sırasında gənclərin, tələbələrin, orta məktəb şagirdlərinin çoxluq təşkil etməsi sevindirici haldır. Bu aksiya xarici qonaqların da marağına səbəb olub”.
Həmsöhbətim onu da qeyd etdi ki, bu, Milli Azərbaycan Tarixi Muzeyi və BP şirkətinin birgə həyata keçirdiyi ikinci layihədir: “Birinci layihəmiz muzeyin 90 illik yubileyi ilə əlaqədar 2010-cu ildə Azərbaycanın böyük xeyriyyəçisi, ictimai xadim Hacı Zeynalabdin Tağıyev haqqında Azərbaycan və ingilis dillərində kitab-albomun nəşri olub”.
Direktor müavinin sözlərinə görə, “açıq qapı günləri” yerli və xarici qonaqların xüsusi marağına səbəb olduğu üçün Azərbaycan tarixinin və mədəniyyətinin təbliği məqsədilə belə layihələrin gələcəkdə də davamlı olacağı gözlənilir.
Qeyd edək ki, muzeydə “açıq qapı günləri” yanvarın 17-də başa çatacaq.

Fariz Hüseynov







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar