Gəncədə yaradılan Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi və Nizami Gəncəvi Muzeyi turistlər üçün də cəlbedici məkanlar olacaq

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 21-də Gəncəyə səfəri zamanı şəhərin tarixinin bir sıra səhifələrini əks etdirən Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi ilə tanış olub, həmçinin Nizami Gəncəvi Muzeyinin açılışında iştirak edib. Hər iki məkan eyni zamanda qədim şəhərin zəngin tarixi-mədəni irsinin təqdimatı, bu yerlərə turist cəlbi baxımından da diqqətəlayiqdir.

“Məqbərə qapısı”ndan tarixə yol

Tarixi Gəncə qalasının beş qapısı olub. Yeni yaradılan kompleks şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistralının hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılıb. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Gəncəyə gələn yolun sağ cinahında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi, romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun şəhərə gəlişi, 1920-ci ilin mayında bolşevik işğalına qarşı Gəncə üsyanı və nəhayət, ümummilli lider Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması və Milli Qurtuluş hərəkatının Gəncədən başlaması salnaməsi əks olunub.
Kompleksə xüsusi əzəmət verən dəmir darvazalar quraşdırılıb. Darvazalar 1063-cü ildə gəncəli usta İbrahim Osman oğlu tərəfindən düzəldilən Qədim Gəncə qapılarının eskizləri əsasında hazırlanıb. Həmin qapılar 1139-cu ildə zəlzələ nəticəsində Gəncə dağılarkən gürcü çarı Demetre tərəfindən Gürcüstana aparılıb və Kutaisinin Helat Monastırında saxlanılır.
Qalanın hər iki tərəfindəki birinci mərtəbələrdə və yeraltı keçiddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin sələfləri və xələflərinin şəkillərindən ibarət qalereya yaradılıb. Burada Gəncənin 26 görkəmli şəxsiyyətinin abidəsi qoyulub. Muzeyin sağ tərəfində ikinci mərtəbədə Gəncənin hərb tarixi muzeyi yaradılıb.
Qalanın üçüncü mərtəbəsində Gəncə əhalisinin məişəti, mədəniyyəti, həyatı haqqında məlumat verən etnoqrafik muzey yaradılıb. Muzeydə xalça məmulatları, Şərq süfrə mədəniyyətinə xas çay dəstgahı, dulusçuluq məhsulları, misgərlik sənəti nümunələri və digər etnoqrafik əşyalar təqdim olunur.
Dördüncü mərtəbədə Gəncənin qədim və zəngin süfrə mədəniyyətini, qonaqpərvərlik ənənələrini yaşatmaq məqsədilə milli kulinariya mətbəxi yaradılıb. Dördüncü mərtəbədən qalanın bürclərinə qalxmaq mümkündür. Buradan şəhərin mənzərəsi göz oxşayır. “Azərbaycan milli geyimləri” sərgisində ölkəmizin müxtəlif regionlarına məxsus geyimlər və bəzək əşyaları nümayiş olunur. Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında tərtib edilmiş “Azərbaycan - qədim sivilizasiya məkanı” sərgisində müxtəlif bölgələrə aid 120-dən artıq qiymətli arxeoloji eksponat sərgilənir.

Dahi şairin irsi muzey işığında

Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunan Nizami Gəncəvi Muzeyi dahi şairin zəngin irsinə işıq salır. Muzeyin Nizami Gəncəvi məqbərəsinin yaxınlığında tikilməsi buraya gələn turistlərə həm məqbərəni ziyarət etməyə, həm də dahi şairin həyat və yaradıcılığı haqda geniş məlumat öyrənməyə imkan yaradır. Muzeydə şairin həyat və yaradıcılığını əks etdirən monitor, geniş məlumatlarla zəngin elektron məlumat köşkü quraşdırılıb.
Şairin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Xəmsə” və monoqrafiyalar Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya milli kitabxanalarında, Misirin İsgəndəriyyə kitabxanası, Fransanın Strasburq kitabxanası və ABŞ-ın Metropol Muzeyində qorunan nadir “Xəmsə” əlyazmalarının və miniatürlərinin orijinalları və nüsxələrindən ibarət guşə yaradılıb. Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq hazırkı mərhələdə gənc nizamişünas kadrların yetişdirilməsi, şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcüməsi, dünya kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması Azərbaycan mədəniyyətinin öyrənilməsi işində mühüm əhəmiyyət daşıyır. Bu baxımdan muzeyin əhəmiyyəti böyükdür.
Burada elmi araşdırmalar üçün hər cür şərait var, tədbirlər üçün konfrans zalı fəaliyyət göstərir. Muzeyə gələn qonaqlar və turistlər üçün istirahət guşələri də yaradılıb.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar