Azərbaycan İstiqlal Muzeyində Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının
fəaliyyətindən bəhs edən bir sıra maraqlı eksponatlar nümayiş olunur

Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, böyük ictimai-siyasi xadim, ədəbiyyatşünas, publisist Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ilə bağlı mədəniyyət ocaqlarında müxtəlif tədbirlər, dəyirmi masalar keçirilir, sərgilər təşkil edilir. Xəbər verdiyimiz kimi, belə sərgilərdən biri də Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan İstiqlal Muzeyində açılıb.

Cümhuriyyət tariximizin bir çox səhifələrinin qorunub saxlandığı, indiki və gələcək nəsillərə təqdim edildiyi bu məkana bir daha baş çəkərək görkəmli dövlət xadimi və silahdaşlarının şanlı fəaliyyətindən bəhs edən eksponatlarla daha yaxından tanış olmaq istədik.
Məlumat üçün deyək ki, İstiqlal Muzeyi 1919-cu il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyətə başlamasının birinci ildönümündə yaradılıb və elə parlament binasında yerləşib. 1920-ci il aprelin 28-də bolşevik istilası nəticəsində Xalq Cümhuriyyətinin süqutu və Azərbaycanın sovet hakimiyyəti elan olunmasından sonra muzeyin fəaliyyəti qadağan olunur. Muzeyin əmlakının bir hissəsi Rusiyaya aparılır, az hissəsi isə yeni yaradılan Azərbaycan Tarix Muzeyinə verilir.
İstiqlal Muzeyinin fəaliyyəti 71 il sonra, 1991-ci il yanvarın 9-da bərpa edilir. Bu gün muzey xalqımızın milli-azadlıq hərəkatını əks etdirən eksponatların qorunduğu məkandır.
Muzeydəki “Azərbaycan” zalı XIX əsrin ikinci yarısından XX əsrin əvvəlinədək olan dövrü əhatə edir. Bu dövr Azərbaycan üçün tarixi baxımdan qısa, lakin tarixi-siyasi mahiyyətinə görə çox zəngin bir mərhələdir. Bu, mədəniyyət və elmin, neft sənayesinin inkişafı, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov kimi milyonçular tərəfindən yeni binaların, məktəblərin, teatrların, xəstəxanaların tikildiyi dövrdür. Burada həmçinin Abbasqulu ağa Bakıxanov, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Zərdabi, digər ədib və ziyalıların fəaliyyətini əks etdirən materiallar toplanıb.
Zalın digər bölməsi bolşevik-daşnak birləşmələrinin 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində törətdikləri soyqırımına həsr olunmuş fotofaktlar, arxiv materiallarını, həmin ilin 28 mayında yaranan Xalq Cümhuriyyətinin fəaliyyətini, dövrün tarixi hadisələrini əks etdirir.
Burada Xalq Cümhuriyyətinin qurucuları - Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və digər görkəmli şəxsiyyətlərin fəaliyyətini əks etdirən fotolar, tarixi sənədlər nümayiş olunur. O dövrün hökumət kabinetindəki iş masasını da burada görmək olar. Cümhuriyyətin pul vahidi - Bakı bonu, müxtəlif formalı poçt markaları, hazırlanması planlaşdırılan orden və medalların eskizləri də maraq doğurur.
Diqqəti çəkən eksponatlardan biri də 1918-ci ilin 21 iyununda qəbul olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağıdır. O zaman müvəqqəti paytaxt olan Gəncədə qaldırılmış ilk bayraqda qırmızı parçanın üzərində 8 guşəli ulduz əks olunmuşdu. 1918-ci il noyabrın 9-da isə indiki üçrəngli bayrağımız qəbul edilib. Bu zalda həmçinin Xalq Cümhuriyyətinin mədəniyyət və təhsil sahəsində quruculuq işləri də geniş nümayiş olunur.
Muzeydə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş “Tarixin bir səhifəsi” adlı sərgi təşkil edilib. Ekspozisiyada böyük şəxsiyyətin həyat və fəaliyyəti ilə bağlı məlumat verilir, fotoşəkillər, muzeyin fondunda saxlanılan kitablar, sənədlər nümayiş olunur. Tarixçi alim Ədalət Tahirzadənin şəxsi arxivindən muzeyə təqdim etdiyi nadir fotolar və sənədlər də burada yer alıb. Rəsulzadənin həyat yoldaşı ilə, eləcə də Ankarada olarkən çəkdirdiyi fotolar böyük maraqla qarşılanır. Bakı Dövlət Universitetinin dosenti Nəsiman Yaqublunun tərtib etdiyi “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”, digər sənədli materiallar muzeyə gələnlərdə görkəmli şəxsiyyət haqqında geniş təsəvvür formalaşdırır.

Fariz Hüseynov







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar