Ölkəmiz bu istiqamətdə dünyaya örnək ola bilər
Multikulturalizm bir çox növ mədəniyyətlərin birgə yaşaması, ahəngi, harmoniyasıdır. Nisbətən yeni termin olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayış olub. Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə, müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin nümayəndələrinə münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi kimi tanınıb. Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub, eyni zamanda, yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinə hörmətlə yanaşıb.
Bu baxımdan Azərbaycanın təcrübəsi multikulturalizm ideyalarının təbliği üçün çox dəyərlidir. Çünki multikulturalizm Azərbaycan insanının həyat tərzidir.
İnsan dəyərinin mədəniyyətdən yüksək meyarı yoxdur
Kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədovun sözlərinə görə, multikulturalizm çox gözəl yanaşmadır və Azərbaycan Prezidentinin bu istiqamətdə apardığı siyasət dünyada təqdirlə qarşılanır: “Tarixən Azərbaycan xalqının yüksək mədəniyyəti imkan verib ki, burada yaşayan xalqlar daima mehriban münasibətdə olsunlar. Hazırda bir çox hallarda dünyada mədəniyyətlərin və maraqların toqquşması baş verir. Nəticədə münaqişələr yaranır. Bütün dünya bunun əleyhinədir. Amma Azərbaycan bu baxımdan çox düzgün yolla gedir.
İnsanın biliyi nə qədər yüksək olarsa, yaxşı tərbiyə alıbsa, düzgün milli və bəşəri dəyərlər əsasında inkişaf edibsə, o, mütləq başqa insanları da sevər, təkcə özü üçün yaşamaz. Yəni multikultiralizm şəraitində yüksək mədəniyyətin sahibi olan insanlar bir-birini daha yaxşı başa düşür».
Həmsöhbətimiz deyir ki, Azərbaycanın dövlət başçısı xalqın və ziyalıların qarşısında vacib bir strateji məsələ qoyub, bu da ölkəmizdə insan kapitalının inkişafıdır: «Bu, ilk növbədə yüksək mədəniyyəti olan insanların inkişafı deməkdir. Çünki hər bir insan kapitalının nüvəsi onun mədəniyyətidir. Nə qədər yüksək mədəniyyəti olsa, insan bir o qədər dəyərlidir. Bu şəraitdə təbii ki, multikulturalizm inkişaf etsə, yüksək fərdi və sosial mədəniyyətin hesabına biz ancaq qazanarıq. Hazırda multikulturalizm problemi həm dünyada, həm də Azərbaycanda çox önəmlidir. Bu baxımdan Azərbaycan bir çox başqa ölkələrə də örnəkdir».
Multikulturalizm sahəsində Azərbaycan nümunəsi
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin fikrincə, mədəniyyətlərarası dialoq və multikulturalizm müasir dünyanın siyasi-humanitar dəyərlərindəndir. Beynəlxalq münasibətlər sistemində cərəyan edən proseslər müstəvisində hər iki amil birmənalı olaraq dünya üçün siyasi dəyər kəsb edir: «Multikulturalizm dünyada tolerantlığa, dözümlülüyə, dövlətlərarası etibarlı münasibətlərə və bütövlükdə demokratik prinsiplərin beynəlxalq münasibətlərdə bərqərar olunmasına xidmət edir. Müxtəlif mədəniyyətlərə və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir. Artıq dünyada multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan nümunəsi öyrənilir».
Mədəniyyət və Turizm Nazirliyi ölkədə yaşayan milli azlıqlar və etnik qrupların mədəni dəyərləri, mədəni irsinin qorunub saxlanılması və inkişafı ilə bağlı konkret işlər görür. Nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin sözlərinə görə, Bakı şəhərində və respublikanın bölgələrində 20-dən artıq müxtəlif mədəni mərkəz, o cümlədən rus, Ukrayna, kürd, ləzgi, tat, tatar, gürcü, ingiloy, talış, avar, Ahıska türkləri, yəhudi, alman, yunan, udin və bir sıra başqa milli icmalar fəaliyyət göstərir: «UNESCO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi «Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya»ya uyğun olaraq, ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir, bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məqsədyönlü iş aparılır».
Ölkəmizdə müsbət dünyəvilik modeli qurulub
Azərbaycanda dözümlülük dəyərləri tarixən milli mədəniyyətin tərkib hissəsi olub və artıq ənənə halını alıb. Ölkəmizdə müxtəlif cəmiyyətlərdə mövcud olan münaqişələrin qarşısının alınması üçün qrupların öz maraqlarını önə çıxarması və azlıqda olanın çoxluq təşkil edənə məcburi güzəştə getməsi, tolerantlıq və dözümlülükdən qismən istifadə kimi hallar olmayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun sözlərinə görə, Azərbaycanda həmişə başqa inanclı insanlara sayğı ilə yanaşılıb, qarşılıqlı yardımlaşma olub ki, bu da cəmiyyətdə yaxşı bir həyat üçün dəyərli töhfə kimi qəbul edilib: «Ölkəmizdə bir çox hallarda müxtəlif məzhəblərin daşıyıcıları bir-birilərinə ibadət evlərini güzəştə gedib. Onlar birlikdə ibadət ediblər. Hazırda ayrı-ayrı dinlərin nümayəndələri bir-biri ilə qarşılıqlı hörmət əsasında əlaqələr qurur, birgə fəaliyyət göstərirlər. Dövlətin bu sahədə gördüyü işlər müsbət pozitivlik nümunələri üzərindən həyata keçirilir. Bu baxımdan Azərbaycan hökuməti dini icmalara dəstək verərək ölkəmizdə müsbət dünyəvilik modeli qurub».
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi istər ölkə daxilində, istərsə də ölkədən kənarda multikulturalizmin təbliği ilə bağlı müxtəlif tədbirlər keçirir. Komitədən verilən məlumata görə, bu tədbirlər əsasən Azərbaycanda yaşayan dini icmalarla birlikdə reallaşdırılır. Ötən il Dövlət Komitəsinin, dini icmaların, BMT-nin Sivilizasiyalararası Alyansının və İSESCO-nun dəstəyi Milli Tolerantlıq Mərkəzi təsis edilib. Bu mərkəzin əsas məqsədlərindən biri Azərbaycanda olan müxtəlif dinlərin, icmaların üzvlərini bir araya gətirməkdən ibarətdir. Milli Tolerantlıq Mərkəzi ilk olaraq «Tolerantlıq məkanı - Azərbaycan» adlı bir layihə həyata keçirib. Bu layihə çərçivəsində dünya şöhrətli fotoqraf Rza Diqqəti Azərbaycana dəvət edilib və o, ölkəmizdə olan mültikulturalizm və dinlərarası münasibətlərlə bağlı fotosərgi hazırlayıb. Fotosərgi BMT-nin mənzil-qərargahında, Avropa Parlamentində və Türkiyədə təqdim olunub.
Milli Tolerantlıq Mərkəzi dini icmaların sosial layihələrinə dəstək proqramını da hazırlayıb. Müxtəlif dinə məxsus olan icmalar bir araya gələrək bir sosial layihədə birləşirlər. Bu sosial layihələr müxtəlif istiqamətləri əhatə edir. Burada da əsas məqsəd Azərbaycanın mövcud dinlərarası münasibətlərə dair tolerantlıq modelinin dünyaya tanıdılması istiqamətindədir, eyni zamanda isə ölkədə dinlərarası münasibətlərin daha da sağlam formada inkişafına bir təkandır.
Bundan əlavə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə BMT-nin Sivilizasiyalararası Alyansı arasında fəaliyyət planı üzrə ilkin razılıq əldə olunub. Bu, Azərbaycanın mövcud tolerantlıq və multikulturalizm modelinin dünyaya tanıdılması, bu modelin digər ölkələrdə tətbiqini nəzərdə tutan bir fəaliyyət planıdır.
Multikulturalizmin alternativi yoxdur
Ekspertlər multikulturalizmi dünyanın gələcək inkişafı üçün ən məqbul variant hesab edirlər. Bu baxımdan Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir. Müasir dövrdə multikulturalizmin əksinə olaraq özünütəcrid mövqeyi seçən xalqlar və dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, eyni zamanda bəşəri dəyər və normalardan təcrid olunurlar.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud humanitar dəyərlərin, münasibət və meyllərin inkişafına təkan verib. Bu da Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin mehribanlıq şəraitində yanaşı yaşadığı məkana çevirib.
Rusiya və Avro-Asiya Yəhudi Konqresinin vitse-prezidenti, «STMEGİ» fondunun prezidenti German Zaxaryayevin sözlərinə görə, müasir Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsi ölkənin siyasi sabitliyinin təminatıdır. Çoxmillətli və çoxfunksiyalı respublika olan Azərbaycanın milli siyasəti bütün etnik qruplar, o cümlədən milli azlıqlar üçün şəraitin yaradılmasıdır: “Beynəlxalq təşkilatlar müxtəlif hüquqların müdafiəsi sahəsi üzrə normativləri müəyyən edən aktlar, konvensiyalar, hüquqi sənədlər qəbul edir. Ancaq Azərbaycan milli və dini azlıqların müdafiəsi sahəsində artıq öz normativlərini hazırlayıb. Azərbaycanda milli azlıqların hüquqları dövlətin ərazi bütövlüyü, bərabərliyin təmin edilməsi, diskriminasiyaya yol verməmək, doğma dil, mədəniyyət və milli ənənələri saxlamaqla ölkə əhalisinin bütün qruplarını dəstəkləmək öhdəlikləri kimi prinsiplərdən çıxış edərək həyata keçirilir. Bu gün çoxmədəniyyətli Azərbaycan Respublikasında bu hüquqların həyata keçirilməsinin nəzəri və praktik baxımdan kompleks şəkildə öyrənilməsinə ehtiyac var. Düşünürəm ki, dünya ölkələri Azərbaycanın təcrübəsini öyrənməlidir”.
“Azərbaycandakı dini və milli tolerantlığı yüksək qiymətləndirirəm”
Avstriyanın İnnsbruk Universitetinin fəlsəfə professoru Dr. Hans Köxler deyir ki, Azərbaycanda multikulturalizm mühiti daha rahat və yaxşı formalaşıb. Onun sözlərinə görə, ölkə siyasətçiləri bu barədə yaxşı strategiyaya əsaslanırlar: “Mən 10 ildən artıq bir müddətdir ki, Azərbaycana gedib-gəlirəm. Azərbaycanda bütün dinlərin və mədəniyyətlərin nümayəndələri öz fəaliyyətlərini sərbəst və rahat bir şəkildə həyata keçirməkdədir. Onlar öz identikliklərini çox yaxşı bir səviyyədə yaşatmaq, inkişaf etdirmək imkanlarına malikdirlər. Buraya müsəlmanlarla birgə, yəhudilər, xristianlar və digərləri aiddir.
Azərbaycandakı dini və milli tolerantlığı, bu sahədə olan azadlıqları çox yüksək qiymətləndirirəm. Ölkənizdəki icmalar bu baxımdan fəaliyyətlərində sərbəst və azaddırlar. Gələcəkdə Azərbaycanla bağlı bu sahədə tədqiqat aparmaq barədə düşünürəm”.
* * *
Qeyd edək ki, Prezident İlham Əliyevin 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsinə təyinat olub. Bu bir daha sübut edir ki, multikulturalizmin təbliği Azərbaycanın dövlət siyasətinin ən mühüm və prioritet istiqamətlərindən biridir. Artıq ölkəmiz bu istiqamətdə dünyaya örnək ola bilər.
Fəxriyyə Abdullayeva
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.