Naxçıvanda Novruz ənənələri

Xalqımızın min illərdən bəri sevə-sevə yaşatdığı Novruz bayramı insan və təbiət ortaqlığının ən mükəmməl nümunəsidir. Novruzun fəlsəfəsində insanın insana və təbiətə münasibəti dayanır. Kainatın sütununu təşkil edən dörd ünsürün - su, od, hava və torpağın kompleks şəkildə bir arada tutulduğu Novruz bayramı həm də yaranışa münasibətin ifadəsidir. Hazırda elmin, texnikanın yüksək səviyyədə inkişaf etdiyi dünyada belə bu dörd ünsürün iştirakı olmadan nəyisə hasilə gətirmək qeyri-mümkündür.

Novruz bayramı Azərbaycan xalqının elliklə qeyd etdiyi adət-ayinlər, ənənələr məcmusu olmaqla yanaşı, həm də ümumşərq mədəni hadisəsidir. Diqqət etsək görərik ki, bu bayram baharı təxminən eyni müddətdə qarşılayan ölkələrdə qeyd olunur. Novruz müxtəlif ölkələrdə fərqli formalarda təzahür etsə də, fəlsəfəsi əsasən eynidir. Yəni qışın sərtliyinə qalib gələn insanların və digər canlıların bahar sevinci bu bayramın aparıcı ideyasını təşkil edir. Qış yarı olandan sonra insanların azuqə ehtiyatı tükəndiyindən tezliklə bahara qovuşmaq istəyir, baharı-günəşi səsləyirlər:

Gün çıx, gün çıx,
Kəhər atı min çıx...


yaxud Dədə Ələsgərin yazdığı kimi:

İnsan payız ölə, yazda dirilə,
Zimistanda boran-qarı çəkmiyə...

Ölkəmizin ayrı-ayrı regionlarında çeşidli mərasimlərlə, rituallarla qeyd edilən Novruz çərşənbələri su, od, hava (yel) və torpağın oyanmasını, eləcə də birinin digərini fəaliyyətə sövq etməsini şərtləndirir. Min illərin adət-ənənələrinin yaşadıldığı, maddi-mədəni irsin qorunduğu qədim Naxçıvan eli də Novruz ayinlərinin ciddi şəkildə icra olunduğu məkanlardandır. Mif yaddaşının güclü olduğu bu oğuz yurdunun folklorunda, mədəni irsində Novruz məfhumunun məxsusi yeri var.

İnanclar

Naxçıvandan toplanmış bir folklor mətnində həftənin günlərinin hər birinin simvolik adının olduğu bildirilir. Bu adlandırma onu deməyə əsas verir ki, belə yanaşmaların formalaşması daha əski çağlara aiddir. Yəni həftənin günləri indiki kimi dəqiqliklə bölünməmişdi. Buna baxmayaraq, xalqın inandığı, anlam verdiyi məfhumlar bu gün də adət-ənənəmizdə yaşadılmaqdadır. Biz burada xüsusilə Novruzun fəlsəfəsində əsas yer tutan su, od, yel və torpaqla əlaqələndirilən günlərin üzərində dayanmaq istərdik. Məsələn, nümunədə bazar ertəsi Yel günü kimi qeyd olunur və bildirilir ki, (mətndən nümunələri müvafiq şivəni saxlamaqla təqdim edirik - red.) “bu gün yel pis nəfəsdəri qovub aparıp eli-obanı şərdən təmizdəyər, heyvanata da təmiz nəfəs verər”. Göründüyü kimi, burada yelin (havanın) təbiəti oyandırmasından daha çox hifz etmək missiyası önə çəkilir. Maraqlıdır ki, xalq dilində “Vədə yeli” ifadəsi də var ki, Novruz ərəfəsində əsir. İnanca görə, bu yel qışın sərtliyini “qovub” aparır, əvəzində mülayim bahar mehini gətirir. Nəticədə təbiət qış yuxusundan oyanır.
Od günündə (cümə) insanlar birliyə can atar, bolluq yaradar: “Deyillər ki, bu gün od, atəş insana xətər verməz. Ürəhləri qızdırar, insannarı mehriban edər, ünsiyyət artırar. Həmin gün hər kəs olanınnan bişirmək üçün ocax çatar, təndir salar, evində beş şam yandırar. Həm də bu gün ruhların azad günü olduğunnan evlərə baş çəkəllər, bişirilənnəri görüb rahatlıx tapallar, peşman olub geri dönməzdər. Bu gündə də əsil-nəcabətli adamnarın evinnən od istiyəllər, şam istiyəllər ki, biz səni böyük saydıx, sən də dua et ki, Tanrımız bizi böyük mərtəbə sahibi etsin”.
Hazırda cümə axşamına uyğun gələn Torpaq günü (həmçinin ara günü) torpağın xüsusilə bərəkətli olması, insanların zəhmətinin müqabilində daha çox məhsul verməsinə inam ifadə olunur: “Deyillər ki, bu gündə torpağa bərəkət yenər. O günü nə əhsən torpax sənə artığı ilə verər, təbiət öz işini torpaxda gördüyünnən şəri, şeytanı torpaxdan, duzdan aralıyar, yelə, südə də xətər gəlməz”.
Su günündə (indiki şənbə) suyun müqəddəsliyinə, onun həyat mənbəyi olmasına inam gətirilir, uca tutulur: “Bu gündə pal-paltarı, qab-qacağı doyunca suya tutallar, paklıyallar. Bu gündə bir az artıx su içib ruhu da qaralardan-şəklərdən, şübhələrdən arındırallar. Həyətə, ağaşlara, əkinə su verəllər. Evə, həyətə, tövləyə, hinə su səpəllər, mal-qara, toyux-cücüyə də bol-bol su verib onnarın da üstünə su çiləllər. Bir də ki, daşın üstunə su səpib onun cannı olduğunu ona bildirəllər ki, evlərimiz də divarrarımız da bizə qarqış eləməsinnər”.
Təqdim olunan nümunələrdən də göründüyü kimi, əski çağlardan insanların bu dörd ünsürə yanaşmasında ciddi bir dəyişiklik olmamışdır.
Naxçıvanın bəzi rayonlarında Novruz bayramının sinonimi olaraq “Baca-baca” ifadəsi də işlənir. Bayram ərəfəsində el arasında “Baca-bacada odun tüstüsü arana getsə, aranda, dağa getsə, dağda bollux olacax”, “Baca-baca”nın gəvənini yığmışam” və s. bu kimi deyimlər işlənir. “Baca-baca” kəlməsinin də tarixi daha əski çağlara gedib çıxır. Belə ki, indiki dam örtüklərinin, nəfəsliklərin olmadığı vaxtlarda evlərin üstündə bacalar qoyulub. İlaxır çərşənbədə bayram hədiyyəsi almaq üçün gələnlər əsasən baca vasitəsilə torba, papaq (bəzi hallarda corab) və s. sallayaraq istəklərinə nail olublar. Hətta bacalardan elçilik zamanı da istifadə olunub. Beləliklə, Novruz eyni zamanda “Baca-baca” adı ilə də yaddaşlarda kök salıb.
İlaxır çərşənbənin axşamı, qaş qaralmamış insanlar qəbiristanlığa gedər, Qurani-Kərimdən ayələr oxunar, özləri ilə gətirdikləri isti yemək və Novruz şirniyyatlarını əzizlərinin məzarı başında yeyər və digər insanlarla paylaşarlar. Bu ənənənin də kökündə əcdada bağlılıq, ruh dünyasına inam dayanır. Yəni, ay bu ocaqdan köçən! Hazırda ocağının odu sönməyib, süfrəsinin nemətləri əskik deyil. Bir də ki xatirən unudulmayıb, qəlblərdə yaşayırsan...

Novruz tonqalı

Novruzda xüsusilə də dağlıq və dağətəyi yaşayış məntəqələrində bayram tonqalı üçün gəvəndən (çoxillik tikanlı kol bitkisi) istifadə edilir. Kəndlərdə Novruz tonqalının daha uca olması üçün sanki yarış gedir. Hətta gənclər bu bitkini əldə etmək imkanı olmayan ailələrə də yardım edər, bunu özlərinə borc bilərlər. Əgər bayram ərəfəsində dünyasını dəyişən varsa, yaxın qonşu ilk olaraq tonqal qalamaz. Evin ağsaqqalı alışqan götürüb yaslı qonşunun evinə gedər, təkrar başsağlığı verər, əvvəlcə onların tonqalını qalayar, bayramlaşar, sonra qayıdıb öz həyətində atəşfəşanlıq edər. Odun qoruyucu missiyasına inam o qədər güclüdür ki, tonqalın üzərindən atlamaq imkanı olmayan ağsaqqal, ağbirçəklər, həmçinin yataq xəstələri belə doğmalarının köməyi ilə odun üzərindən üç dəfə keçirilir.
Sakinlərin təsərrüfat tikililərinin qarşısında (əvvəllər üstündə) od qalaması, heyvanlara xüsusi qulluq göstərilməsi onların da Novruzun gəlişindən “xəbər tutmasına” xidmət edir. Bu da Novruz ideyalarının zənginliyindən soraq verir.

Su üstü mərasimi

Naxçıvan bölgəsində əsrlərin izini özündə yaşadan Novruz ayinlərindən biri də Ordubad rayonunun Tivi kəndində, bəzi qaynaqlarda vaxtilə Naxçıvan şəhərindəki “Qızlar bulağı” adlanan ərazidə qeyd olunan Su üstü mərasimidir. Hazırda Tivi sakinləri ilə yanaşı, rayonun Parağa, Nəsirvaz, Bist, Ələhi və başqa kəndlərindən də bu mərasimdə iştirak edirlər. On ildən artıq Su üstü ayininə qatılan Tivi kənd sakini Elnur Cəlilov bu ənənəvi mərasimə hazırlığın təqribən bir ay öncədən başladığını bildirir: “Qış yarı olandan sonra kənddə Su üstünə hazırlaşırıq. Bu müddətdə yarışa qatılan atlara xüsusi qulluq edir, bir növ nazını çəkirik. Bununla yanaşı, atların mərasim-yarışın keçiriləcəyi yola uyğunlaşması üçün onları tez-tez məşq etdiririk. Bu zaman atların yalına və quyruğuna, yəni görünüşünə də ciddi fikir verilir. İlaxır çərşənbənin səhəri sübh tezdən atları axar suda suvarıb yarış meydanına daxil oluruq. Bu mərasim çox zaman milli musiqinin müşayiəti ilə gerçəkləşir. Belə bir inancımız var ki, ilaxır çərşənbənin suyundan içməyən at yarışda uğur qazana bilməz”.
E.Cəlilovun sözlərinə görə, ulularımızdan miras qalan bu yarışa maraq heç də azalmayıb. Hazırda bu rituala 100-dən çox iştirakçı qatılır. İkikilometrlik məsafəni daha tez başa vuran iştirakçı qalib hesab olunur: “Birincilik qazanana və digər qaliblərə hədiyyələr verilir. Mərasimi izləməyə qonşu kəndlərdən də gələnlər olur”.

Susəpən ritualı

Baharın gəlməsini xarakterizə edən Susəpən mərasimi haqqında mənbələrdə müxtəlif fikirlər mövcuddur. Tanınmış etnoqraf alim, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə araşdırmalarında yazır ki, vaxtilə Ordubad rayonunda Gilançayın sahilindəki yaşayış məntəqələrinin sakinləri yayda Gəmiqaya istiqamətinə üz tutaraq bir-birini sulayarmışlar.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayevin fikrincə, Susəpən mərasimi Nuh peyğəmbərlə əlaqədar olub və Novruz bayramı günlərində qeyd edilib. O, ədəbiyyatşünas, tanınmış maarif xadimi Lətif Hüseynzadənin (1903-2008) arxivində araşdırma apararkən bu mərasim haqqında maraqlı məlumatlara rast gəldiyini deyir: “Mənbədə qeyd olunur ki, Susəpən ayini başlamazdan əvvəl Əlincəqaladan “Nuhdaban” adlı daş Naxçıvan şəhərinə, Nuhun məqbərəsinə gətirilər, sonra Novruz mərasimlərinə start verilərmiş. Bayram tədbirləri yekunlaşandan sonra həmin daş yenidən Əlincəyə, əzəli məkanına qaytarılarmış. Bu ayin 1920-ci illərə qədər yüksək şövqlə qeyd edilib”.
Alim bildirir ki, ölkəmizdə sovet hakimiyyətinin qurulması ilə bir çox milli-mənəvi dəyərlərimiz kimi Novruz adətlərinə qarşı da hücumlar başlanıb. Ancaq bütün təzyiq və hədələrə rəğmən xalqımız, xüsusilə də ucqar yaşayış məskənlərimizin sakinləri bir çox ritualları bu gün də yaşatmaqdadır.
Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli sərəncamı ilə regionun tarix və mədəniyyətinin, folklorunun, adət-ənənələrinin öyrənilməsində yeni dönəm başlamışdır. Bu kontekstdə Novruz mərasimlərinin də sistemli tədqiqi istiqamətində mühüm işlər görülür.
Bu gün ölkəmiz dünyada tolerantlıq ünvanı kimi tanınır, beynəlxalq mədəniyyət tədbirlərinin mərkəzi hesab olunur. Birlik və bərabərliyi, dialoq və səmimi ünsiyyəti özündə ehtiva edən Novruz bayramı xalqımızın mədəni inteqrasiyaya mühüm töhfəsidir. Məhz bu mütərəqqi ideyalarına görə Azərbaycan dövlətinin təşəbbüsü ilə 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu da min illərin sınağından çıxmış adət-ənənələrimizin dünya miqyasında tanınması deməkdir.

Fariz Yunisli
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir