Ta qədimdən xalqımızın mədəni irsində mühüm yer tutan atüstü milli oyunlarımız Novruz şənliklərinə xüsusi rəng qatardı

Yaşı əsrlərə, minilliklərə dayanan ulu Novruz bayramı xalqımızın tarixi-mədəni irsinə, ta qədimdən baharın gəlişi ərəfəsində xüsusi şövq doğuran xalq oyunlarına, el şənliklərinə bir daha nəzər salmaq üçün əlamətdar fürsətdir. Mədəni irsimizin zəngin səhifələrindən birini atüstü milli oyunlarımız təşkil edir. XXI əsrdə yüksək səviyyədə dünyaya təqdim etdiyimiz, artıq UNESCO-nun siyahısında yer alan çövkən milli oyunumuzun bu sırada xüsusi yeri var.

Çox qədim zamanlarda Şərq xalqlarının, o cümlədən türklərin atla bağlı müxtəlif milli oyunları meydana gəlmişdi. Onların arasında Azərbaycanda, eləcə də Orta Asiyada çövkən kimi tanınan və yaxın-uzaq ellərə müxtəlif adlar altında yayılan oyun xüsusi yer tutur. Yüz illər öncə Azərbaycanın dilbər yurdu Qarabağda igidlərin oynadığı bu oyun cəsurluq, çeviklik rəmzi idi. Xalqın sevə-sevə tamaşa etdiyi çövkən, eləcə də sürpapaq, sürəyçi, baharbənd, yaylıq, piyaləox kimi milli atüstü oyunlarımızda ər oğullar hünər göstərər, el-obada ad-san qazanardı. Təbiətin oyandığı, həyatın yeni ruh aldığı baharda bu oyunların ayrıca həyəcanı, ab-havası vardı.

Qarabağ atlarının belində ər igidlər

Qarabağ atlarının şan-şöhrəti hələ əsrlər öncəsi bütün regiona və dünyaya yayılmışdı. “Tarixin atası” sayılan Herodot eramızdan əvvəl V əsrdə yazırdı ki, qədim Azərbaycan dövləti olan Midiyada çox şahanə atlar saxlayırlar. Ondan dörd əsr sonra başqa bir məşhur yunan tarixçisi Strabon Qafqaz Albaniyasından bəhs edərkən bu yerlərdə atların çox hündür olduğunu yazırdı. Bu faktlar Azərbaycan torpağının ta qədimdən Şərqdə atçılığın inkişaf etdiyi ölkə olduğunu göstərir. Ölkəmizdə əsrlər boyu yetişdirilən at cinsləri arasında Qarabağ, Qazax (Dilboz), Quba və Şirvan atları geniş yayılmışdı. Tarixi mənbələrin verdiyi məlumatlara görə, Makedoniyalı İsgəndər, İran hökmdarı Dara kimi sərkərdələr öz süvari qoşunlarını Qarabağ atları hesabına gücləndirmişlər.
Hələ qədim zamanlarda ər igidlər Qarabağ atları üzərində çövkən oynayardılar. Çövkən oyununun Azərbaycanda, əsasən Qarabağ torpağında çox qədimdən məşhur olduğunu tarixi faktlar da təsdiqləyir. Örənqalada (Beyləqan) aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyununun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə yayıldığını əyani sübut edir.
Etnoqraf alim, akademik Teymur Bünyadov yazır ki, çövkən oyunu Azərbaycan xalqının ən qədim, təxminən 3 minillik tarixi olan mədəni irs nümunələrindən biridir. Burada cəngavərlik, igidlik, gücünü, hünərini göstərmək əsas yer tutur. Bu oyunu xanların, bəylərin məclislərində oynayardılar. Bu oyun onu oynayan zaman işlədilən, ağacdan hazırlanmış alətin adı ilə (çövkən, çovgan, çoğan) belə adlandırılıb.

Çövkən dünyaya yayıldı

Bu oyun qədim zamanlardan Yaxın Şərq və Orta Asiya ölkələrində də şöhrət tapmışdı. Tarixi mənbələrə görə, eramızdan əvvəl II minillikdən etibarən Orta Asiya türkləri arasında «çevqan» adlı oyun geniş yayılmışdı. Fiziki qüvvə tələb edən çövkən oyununda yüksək bacarığa, manevretmə qabiliyyətinə malik olmaq oyunda iştirak edənlər üçün ən əsas keyfiyyətlərdən biridir. Oyunun yaxşı alınması üçün həm minici, həm də at vəhdət təşkil etməlidir.
Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Seçilmək üçün bir dəstənin üzvləri mütləq o biri dəstəninkindən fərqli geyimdə oyuna qatılırlar. Bu oyunun digər özəlliyi isə onu oynamaq üçün yaş həddinin tələb olunmamasıdır. Fiziki cəhətdən sağlam olan şəxs hər vaxt çövkənlə məşğul ola bilər.
Çövkən oyunu türk xalqları arasında geniş yayılmışdı. Bir sıra türk hökmdarları bu oyuna böyük diqqət göstərmələri ilə məşhur idilər. Hətta bununla bağlı mənbələrdə maraqlı tarixi faktlara də rast gəlmək olur. Məsələn, Şimali Hindistanda türk imperatoru Sultan Qütbüddin Aybək 1210-cu ildə çövkən oynayarkən mindiyi at yıxılaraq ölüb. Misirdəki sülaləyə son qoyan türk əsilli Əyyubilər və Məmlüklərin dövründə isə elita bu oyuna xüsusi önəm verərdi. Bu dövlətlərin məşhur sultanları olan Səlahəddin və Baybars da çövkənə böyük həvəs göstəriblər. Səmərqənddə Əmir Teymurun zamanından qalan oyun meydançası bu günədək qorunur.
Çövkənin Avropaya yayılması ilə bağlı da müxtəlif versiyalar səsləndirilir. Məsələn, bir mənbədə oyunun Hindistana səfər edən ingilislər vasitəsilə Avropaya aparıldığı bildirilir. Digər bir versiyaya əsasən, bu oyunu İstanbulda (o vaxt Konstantinopol) görən səlibçilər sonradan Fransaya yayıblar. Onu qeyd etmək lazımdır ki, Şərqdə milli oyun kimi formalaşan çövkən Avropaya adaptasiya olunduqdan sonra polo adını alaraq populyar idman növünə çevrilib.

Ədəbi mənbələrdən

Bakı Dövlət Universitetinin dosenti, folklorşünas Məhəmməd Məmmədovun fikrincə, orta əsrlərdə vaxtaşırı müharibələr güclü və məharətli döyüşçülərin hazırlanmasını tələb edirdi ki, onda da çövkən oyunu mühüm rol oynayıb. Çünki o, at üstündə oynanılırdı, güc və məharət tələb edirdi: “Çövkən zaman-zaman geniş coğrafi məkanda yayılsa da, onun Azərbaycanla bağlılığına dair faktlar çoxdur. Tədqiqatçı alim Məmməd Dadaşzadə qeyd edir ki, klassik Azərbaycan ədəbiyyatında çövkən adına çox rast gəlinir. «Kitabi-Dədə Qorqud» dastanının Salur Qazanın evinin yağmalanması boyunda belə bir ifadə var: «Qılıncını nə öyərsən, mərə kafir, əyri başlı çövkənimcə gəlməz mənə». Burada biz həmin dövrdə oğuz türkləri arasında çövkən oyununun populyar olması faktını görürük. Klassik şairlərimiz Qətran Təbrizi, Xaqani Şirvani, Zülfüqar Şirvani, Nəsimi, Xətai və digərlərinin şeirlərində çövkənlə bağlı müəyyən ifadələrə rast gəlirik. XVII əsr türk səyyahı Övliya Çələbinin yazılarında oyun barədə məlumatlara rast gəlirik. Təbrizdə mərkəzi yerlərdə oyun meydanları barədə məlumat verilib. Bu faktın özü belə göstərir ki, qədim Azərbaycanda bu oyun çox məşhur olub».

Atüstü milli oyunlarımız yeni inkişaf mərhələsində

Lakin tarixin müxtəlif dövrlərində xalqımıza məxsus bir çox mədəni irs nümunələri kimi, çövkəni də mənimsəməyə çalışıblar. Sovet dövründə ittifaqın digər respublikaları arasında bu növ də daxil olmaqla, atüstü xalq oyunları üzrə mütəmadi yarışlar keçirilsə də, Azərbaycan bu yarışlarda iştirak etmirdi. Lakin ötən əsrin 50-ci illərində başda çövkən olmaqla, bir sıra milli atüstü oyunlarımız bərpa edildi. Bu sahənin tədqiqatçısı Fikrət Hüseynov tarixi sənədlər və folklor materialları əsasında oyun qaydalarını hazırlayaraq kitabça şəklində çap etdirib.
Mədəni irsimizin zəngin səhifəsi olan atüstü milli oyunlarımızı XXI əsrdə yenidən gündəmə gətirməklə isə milli-mənəvi dəyərlərimizə sahib çıxdığımızı sübut etdik. Hazırda çövkən Azərbaycan xalqının milli adət-ənənələrini özündə əks etdirən atüstü milli oyunlardan biri kimi tanınır. Bu oyun qədim tarixi olan atçılıq mədəniyyətimizin bir hissəsidir.
2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradıldı, nazirliyin strukturunda bir sıra dəyişikliklər baş verdi. Bunlardan biri də Şəki Atçılıq Turizm Mərkəzinin yaradılması idi. 2007-ci ildən ölkə Prezidentinin sərəncamı ilə bu qurum Respublika Atçılıq Turizm Mərkəzi kimi fəaliyyət göstərməyə başladı.
Mərkəz qədim atçılıq ənənələrimizin, atüstü idman oyunlarımızın yaşadılıb təbliğ edilməsi, eyni zamanda atçılıq turizminin genişləndirilməsi ilə məşğul olur. 2006-cı ildən ənənəvi olaraq keçirilən Prezident Kuboku uğrunda çövkən milli oyunu Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin bazasında reallaşdırılır.
Beləliklə, son illər çövkən atüstü milli oyunu həm təbliğat, həm də inkişaf baxımından yeni mərhələyə qədəm qoyub.

(ardı var)

Fəxriyyə