Milli Azərbaycan Tarixi Muzeyində bəşər tarixinin ən ağrı-acılı dövrlərindən olan I Dünya müharibəsinin başlanmasının 100 illiyi münasibətilə yenilənmiş ekspozisiya qurulub.

Muzeyin “Azərbaycan I Dünya müharibəsi illərində” adlı bölməsi yeni tarixi araşdırmalar, eksponat və fotoşəkillərlə zənginləşdirilib. Elmi araşdırmalar muzeyin Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov və Moskvada fəaliyyət göstərən Azərbaycan Genealogiya cəmiyyətinin sədri Eldar İsmayılov tərəfindən aparılıb.
Ekspozisiyada monitor qurulub. Burada muzeyin fondlarında qorunan fotoşəkillər, sənədlərin surətləri, elmi tədqiqatların mətnləri yerləşdirilib. Beləliklə, “Azərbaycan I Dünya müharibəsi illərində” bölməsinin yenidən qurulması nəticəsində real tarixi eksponatlar və fotoşəkillərin vasitəsilə tariximizin bu səhifəsinə səyahət etmək olar.
Qeyd edək ki, 2007-ci ildə Milli Azərbaycan Tarixi Muzeyində daimi ekspozisiya yaradılarkən ilk dəfə “Azərbaycan I Dünya müharibəsi illərində” bölməsi yaradılıb. Bölmədə 97 eksponat və fotoşəkil yer almışdı. Yeni qurulmuş bölmədə müxtəlif başlıqlı informasiya panellərində ümumilikdə 103 fotoşəkil, 94 eksponat, 1 rəsm əsəri və bu dövrə aid tarixi sənədlər nümayiş olunur.
“Müharibənin başlanması və Azərbaycan” adlı informasiya panelində həmin dövrdə Azərbaycanda mövcud olmuş vəziyyət, Digər paneldə I Dünya müharibəsi illərində Rusiya ordusu tərkibində xidmət etmiş general Əliağa Şıxlinskinin bioqrafiyası və onun hərb elminə verdiyi töhfələr bərədə məlumat verilir.
“Müharibə və milli qüvvələrin amalları” adlı informasiya panelində Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski kimi tarixi şəxsiyyətlərdən sitatları yer alıb. Azərbaycanda ilk hərbi məktəb olan, 1915-1918-ci illərdə fəaliyyət göstərmiş Bakı dəniz aviasiyası məktəbi, I Dünya müharibəsi illərində azərbaycanlılardan ibarət olmuş yeganə milli hərbi birlik - Tatar (Azərbaycan) atlı alayının yaradılması, döyüş fəaliyyəti barədə ətraflı məlumat verilir. Hərbi rəsm əsərləri ilə tanınan rəssam İ.A.Vladimirovun 1916-cı ildə çəkdiyi “Tatar (Azərbaycan) alayının hücumu” adlı rəsm əsəri, alayın ştabs-rotmistri Cəmşid xan Naxçıvanskinin fotosu əsasında yaradılmış fiqur, həmçinin alayın istifadə etdiyi silahları da görmək mümkündür. Bundan başqa, alayın zabit və əsgərlərinə aid fotoşəkillər, alayın tərkibində olmuş azərbaycanlı döyüşçülərin ad və soyadları, onlardan sitatlar verilib.
I Dünya müharibəsində iştirak etmiş görkəmli hərbçilər - Azərbaycanın ilk hərbi topoqrafı İbrahim ağa Vəkilov, ilk hərbi aviatorumuz Fərrux ağa Qayıbov, Hüseyn xan Naxçıvanski, Səməd bəy Mehmandarov kimi tanınmış hərbçilər, eləcə də digər 8 azərbaycanlı general və 15 polkovnik haqqında ətraflı məlumat almaq olar. Rusiya imperiyasının ən ali hərbi ordeni olan “Müqəddəs Georgi” ordeni və digər təltiflərə layiq görülmüş 15 azərbaycanlı zabit haqqında məlumatlar, onlara aid şəxsi əşya və sənədlər nümayiş olunur.
Ekspozisiyada ilk azərbaycanlı hərbi həkimlər Mustafa Mahmud oğlu Hacıqasımov, Əli Muxtar Əliyev, Əli bəy Əlibəyov, Firuz Ordubadski, Əli Heydər Allahverdiyev, Əbülfət Talışinski, ilk azərbaycanlı şəfqət bacısı Nigar xanım Şıxlinskayaya məxsus əşya və sənədlər, eləcə də müvafiq fotoşəkillər və sənədli məlumatlar yer alıb.
“Müharibənin Azərbaycan üçün nəticələri” adlı informasiya panelində 1917-ci ilin əvvəllərində Şimali və Cənubi Azərbaycanda olan ictimai-siyasi vəziyyət öz əksini tapıb. Demoqrafik, iqtisadi, sosial fəlakət həddinə çatan problemlər barədə məlumat verilir. Şimali Azərbaycan iqtisadiyyatı 1914-1917-ci illərdə, azərbaycanlıların arxa cəbhə işlərinə cəlb olunmasına əhalinin reaksiyası, Cənubi Azərbaycan 1914-1917-ci illərdə, Azərbaycanda qaçqınların yerləşdirilməsi haqqında məlumatlar nümayiş olunur.

Fariz Hüseynov







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar