Milli dövlətçiliyimizi dünyaya elan edən tarixi sənəd artıq öz layiqli yerindədir

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin tapşırığı ilə xarici ölkələrin arxiv və muzeylərində mühafizə olunan və Azərbaycan tarixi üçün vacib əhəmiyyət kəsb edən sənədlər əldə edilərək Bakıya gətirilib.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 28 may 1918-ci il tarixli “İstiqlal Bəyannaməsi”nin Azərbaycan və fransız dillərində nüsxələri də bu sıradadır.
Bu günlərdə həmin sənədlər AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib. Tədbirdə çıxış edən Prezident Administrasiyası rəhbərinin müavini, Prezidentin köməkçisi Əli Əsədov bu hadisənin Xalq Cümhuriyyətinin ildönümü ərəfəsinə təsadüf etdiyini, Cümhuriyyətin mövcud olduğu iki il müddətində milli dövlətçiliyimiz üçün mühüm işlər görüldüyünü vurğulayıb. Bildirilib ki, 1919-cu ildə Əlimərdan Topçubaşovun rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti 27 ölkə təmsilçiləri ilə birlikdə I Dünya müharibəsinin yekunlarına dair Paris Sülh Konfransına qatılıb. Məqsəd Azərbaycanın müstəqil dövlət kimi de-fakto tanınmasına nail olmaq idi. Nümayəndə heyəti özü ilə əsas sənəd olaraq “İstiqlal Bəyannaməsi”nin Azərbaycan dilində əski əlifba ilə yazılmış nüsxəsini və fransız dilinə tərcümə olunmuş variantını aparıb. 1919-cu il mayın 28-də Paris Sülh Konfransında əsas fiqurlardan sayılan ABŞ Prezidenti Vudro Vilson ilə Azərbaycan nümayəndə heyətinin görüşü olub.
Görülən işlər nəticəsində 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycanı de-fakto müstəqil dövlət kimi tanıyıb. Amma Azərbaycanın işğala məruz qalaraq müstəqilliyini itirməsi səbəbindən nümayəndə heyəti Vətənə qayıda bilməyib, bu mühüm tarixi sənədlər də Fransa paytaxtında qalıb.
Prezident Administrasiyasının rəsmisi dövlət başçısının tapşırığı ilə tariximiz, dövlətçiliyimiz üçün çox vacib olan bu sənədlərin axtarılaraq əldə edildiyini və ölkəmizə gətirildiyini bildirib: “Azərbaycan Prezidentinin siyasi iradəsi ilə bu sənədlər 94 ildən sonra öz layiqli ünvanına - Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunur”.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı bizimlə söhbətində bildirdi ki, bu qiymətli sənədin Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilməsi kollektivi çox sevindirir: “Prezident İlham Əliyev tərəfindən bu hədiyyənin muzeyimizə tarixi əhəmiyyətli məqamda - ulu öndər Heydər Əliyevin doğum günü və 28 May Respublika Günü ərəfəsində verilməsi bizi daha da şərəfləndirir. Cənab Prezidentin bu hədiyyəsi doğma vətənimizin tarixinə, mədəniyyətinə, eləcə də bu tarix və mədəniyyəti yaşadan, milli-mədəni irsi tədqiq və təbliğ edən ilk dövlət muzeyinə diqqət və qayğını nümayiş etdirir. Bu qayğının nəticəsidir ki, hazırda muzeyimizdə 7 minə yaxın eksponat bərpa olunub, bərpa laboratoriyası üçün müasir avadanlıqlar alınıb. Dövlət başçısının 10 il əvvəl muzeyimizə ilk gəlişindən indiyə kimi biz bu qayğını daima hiss edirik. Prezident İlham Əliyev muzeyimizin ən yaxın dostudur”.
Akademik Nailə Vəlixanlı muzeyin kollektivi adında dövlət başçısına minnətdarlığını bildirdi, ölkəmizin şanlı tarixini özündə əks etdirən bu qiymətli sənədlərin muzeyin eksponatları arasında öz layiqli yerini tapacağını vurğuladı.

Lalə Azəri







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar