Xırdalan cümə məscidinin divarına xatirə lövhəsi vurulub

İyulun 1-də Abşeron rayonunda XIX əsrin abidəsi olan Xırdalan cümə məscidinin divarına xatirə lövhəsinin vurulması ilə bağlı mərasim keçirilib. Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov, rayon ictimaiyyəti, məscidin tikilməsində köməklik edən Molla Qafur Molla Əli Əsgər oğlunun nəvəsi, axund Hacı Şirin iştirak ediblər.
Tədbirdə Xırdalan cümə məscidini inşa etdirmiş Molla Qafur Molla Əli Əsgər oğlunun ömür yolu barədə məlumat verilib. Bildirilib ki, o, 1840-cı ildə Xırdalanda anadan olub. Məscidin tikintisindən sonra Məkkəyə Həcc ziyarətinə gedir və döndükdən sonra 1887-ci ildə həmin məscidin axundu təyin olunur və 12 il bu vəzifədə çalışır. Məscidin inşası 1883-cü ildə başlanıb və 1884-cü ildə başa çatıb. Tikintiyə kənd sakinləri də köməklik göstərib.
Hazırda məscid binası bərpa edilərək əhalinin istifadəsinə verilib. Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 saylı qərarı ilə dövlət tərəfindən qorunur.