Qafqaz regionunun ən böyük ticarət, mədəniyyət və elm mərkəzi olan Bakı həm də Xəzər dənizi sahilində ən iri liman şəhəridir. Tarixiliklə müasirliyin birləşdiyi bu məkan orta əsrlərdən səyyahların maraqla təsvir etdiyi şəhərlərdən olub. Şəhərin tarixi, qədim tikililəri, karvan yollarının üzərində yerləşməsi, əlverişli təbii-coğrafi şəraiti əcnəbi qonaqları özünə cəlb edib.

“Odlar Allahının məskəni”

V-VIII əsr ərəb mənbələrində şəhərin adı müxtəlif şəkildə qeyd olunur: “Baqavan”, “Atli (Atəşi) Baqavan”, “Atəşi Baquan” və s. Adın etimologiyası haqqında da müxtəlif fikirlər var. “Baqavan” toponomi Hind-Avropa dillərinin bir çoxunda “allah”, “günəş” mənalarını bildirən “baqa” kökündəndir. Eyni zamanda “baqa” sözünə “böyük”, “ilahə”, “allah” mənalarında qədim türk dillərində də rast gəlinir.
Bakı tarixinin görkəmli araşdırıcısı, Əməkdar elm xadimi Sara Aşurbəylinin mülahizələrinə görə, “Atəşi Baquan” sözü “odlar Allahının yeri”, “odlar Allahının məskəni” anlamına gəlir. Ehtimal olunur ki, bu ad atəşpərəstlərin şəhərdəki ziyarətgahı ilə bağlı olub. Atəşpərəstlər odu müqəddəs sayır, ona tapınırdılar. Bakı ətrafında yanar ərazilərin olması, atəşpərəstlərin əsas məbədlərinin burada yerləşməsi və ətraf ərazilərdən də insanların buraya ziyarətə gəlmələri bunu təsdiq edir.
Zaman keçdikcə “Baquan” sözü “Bakı” kimi tələffüz olunub. XVI-XVII əsrlərdən etibarən bir sıra yerli və fars mənbələrində “Badkubə” adı işlədilməyə başlayır. “Badkubə” sözü fars dilində (bad-külək, kubə, kubidən-döymək, vurmaq sözündən) “külək döyən yer” deməkdir. Lakin bu cür yozum xalq etimologiyası olub, həmin sözün qədim yazılış şəklini təhrif edir...

Tarixdən səhifələr

Şəhərin tarixi haqqında qədim mənbələrdə dəqiq məlumatlar azdır. Arxeoloji materiallar bu ərazinin eradan əvvəl II minilliyin sonundan yaşayış yeri olduğunu isbat edir. Ərəb mənbələrində Bakının I əsrdə kiçik liman şəhəri olması haqqında bilgilər verilir. Bakının ticarət və mədəniyyət mərkəzinə çevrilməsi 1192-ci ildə Şirvanşahlar dövlətinin paytaxtının Şamaxıdan buraya köçürülməsindən sonrakı dövrə təsadüf edir. Bakı liman şəhəri və ticarət mərkəzi kimi XV əsrdən etibarən daha sürətlə inkişaf etməyə başlayıb. Bu xüsusda əlverişli təbii-coğrafi şəraitlə yanaşı, təbii sərvətlərin də mühüm təsiri olmuşdur. XIX əsrin ortalarından başlanan neft bumu Bakını regionun ən böyük sənaye şəhərinə çevirdi.
Qədim şəhər tarixən Azərbaycanın əsas sənətkarlıq mərkəzlərindən (dulus, metal, şüşə məmulatı istehsalı) biri kimi də tanınıb. Bakıdan Şərq ölkələrinə neft, duz, zəfəranla yanaşı, sənətkarlıq məhsulları aparılıb. Sənətkarlar müxtəlif silahlar, bəzək əşyaları, saxsı qablar və məişətdə istifadə olunan müxtəlif məmulatlar hazırlayırdılar.
Yüksək təpə üzərində amfiteatr formasında salınan şəhər aşağıdan dənizə baxır, yuxarı hissədən isə kiçik dağlarla əhatə olunmuşdu. Üçqat qala divarları və Qız qalası ilə bərabər şəhər sanki bütövlükdə möhtəşəm müdafiə istehkamını xatırladırdı. Digər orta əsr şəhərləri kimi qala divarı içində olan bütün binalar da taktiki və strateji baxımdan müdafiə xarakteri daşıyırdı.
Mənbələrdə qeyd olunur ki, XVIII əsrdə Bakı xanları Şamaxı qapısının sol tərəfindəki ərazidə yerləşən sarayda yaşayırdılar. Bakı xanlığına Abşeronun 39 kəndi də daxil idi. Çar Rusiyasının istilasından (1806-cı il) və Bakıda neft istehsalının genişlənməsindən sonra şəhər sürətlə inkişaf etməyə başladı. İmperiyanın müxtəlif yerlərindən şəhərə gələnlərin sayı kəskin surətdə artdı. Bu, əhalinin milli tərkibinin dəyişməsinə də təsir göstərirdi.
1806-1881-ci illərdə Bakının ərazisi 1300 hektara qədər böyüdü. Sənaye şəhərinə çevrilməsi şəhərin simasının hərtərəfli dəyişməsinə şərait yaradırdı. 1873-cü ildə “Qara şəhər” adlanan neft zavodları rayonu yarandı. XIX əsrlə XX əsrin qovşağında neft hasilatına görə Bakı dünyada birinci yeri tuturdu.
Ağır, təlatümlü bir tarixi yol keçən Bakı indi müstəqil Azərbaycanın paytaxtı olaraq müasir ticarət, mədəniyyət mərkəzi kimi özünün çiçəklənmə dövrünü yaşayır. Burada həm Şərq, həm də Qərb memarlığı üslubunda milli ənənələri özündə yaşadan yeni binalar inşa edilməkdədir.

Dünyanın diqqət mərkəzində

Bakı qədim dövrlərdən mühüm ticarət yollarının kəsişdiyi məkan olmaqla yanaşı, maddi-mədəniyyət nümunələri ilə də əcnəbilərin diqqətini çəkib. Bu gün Şərq və Qərb memarlığını təcəssüm etdirən Bakıda ecazkar İçərişəhəri, Şirvanşahlar sarayını, Qız qalasını, həmçinin müasir dünya memarlığının inciləri hesab olunan Heydər Əliyev Mərkəzini, Alov qüllələrini, mavi Xəzərin sahillərini görmək istəyənlərin sayı-hesabı yoxdur. Tarixən müxtəlif xalqların nümayəndələrinin yaşadığı şəhər həm də tolerantlığın mərkəzidir. Dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, xalqlar əsrlər boyu burada adət-ənənələrini, mədəniyyətlərini yaşadıblar.
Bu gün Bakı qollarını dünyaya açmışdır. Nüfuzlu beynəlxalq təşkilatların mühüm tədbirlərinin, eyni zamanda müxtəlif festivalların, idman yarışlarının burada keçirilməsi artıq ənənə halını almışdır. Təsadüfi deyil ki, 2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı” seçilmişdi. 2012-ci ildə “Eurovision” kimi mötəbər musiqi yarışmasının paytaxtımızda keçirilməsi, şəhərin böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycan dövlətinin qüdrətinin və Bakının müasir infrastruktura malik olmasının göstəricisidir. Bu gün Bakı daha möhtəşəm bir beynəlxalq tədbirə - 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarına hazırlaşır.

Fariz Hüseynov







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar