Tariximizin əyilməzlik və mübarizlik rəmzi

Naxçıvan Muxtar Respublikasının Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpası davam etdirilir. Bərpa işləri muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun 2014-cü il 11 fevral tarixli sərəncamına əsasən aparılır. Sərəncamdan sonra muxtar respublikanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və AMEA Naxçıvan Bölməsi abidənin elmi-bərpa layihəsini hazırlayıb.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirib ki, əvvəllər qalanın iki əsas girişi olub. Bu girişlərdən biri Culfa-Qazançı yolunun sağ tərəfindədir. Bərpa işlərinə bu hissədən başlanılıb. Qala istehkamlarına qədər torpaq yol çəkilib. Bərpa üçün zəruri olan tikinti materialları qalaya əllə və digər yardımçı vasitələrlə qaldırılır. Qalanın üstü nəhəng tikinti meydançasını xatırladır. Az müddət keçməsinə baxmayaraq, xeyli bərpa işləri görülüb, qalanın şərq və qərb darvazaları bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. İri qaya parçalarından inşa edilən qala divarlarının bərkidilməsi üçün əsasən əhəng məhlulundan istifadə edilib.
Vəli Baxşəliyev vurğulayıb ki, təmir-bərpa işlərinə rəhbərlik edənlər nəinki divarların əslinə uyğun şəkildə bərpasına səy göstərib, həmçinin bu əvəzedilməz abidənin əvvəlki əzəmətli görkəmini də göstərməyə nail olublar. Təmir-bərpa işləri zamanı qalada yaşayan insanların həyat tərzini özündə əks etdirən xeyli faktlar da üzə çıxarılıb.
“Əlincəqala” tarixdə Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi böyük şöhrət qazanıb. Qala 1387-1401-ci illərdə, yəni 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib. Bəzi mənbələrdə qeyd edilir ki, Hindistana yürüşdən geri qayıdarkən Əmir Teymur artıq tərk edilmiş qalaya daxil olur və onun möhtəşəmliyinə heyran qalır. “Əlincəqala” yazılı qaynaqlarda VI əsrdən etibarən xatırlanır. Qalanın xatırlandığı ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. “Əlincəqala” haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat veriblər.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar