“1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” barədə - elə özü ilə...

Dilimiz...
Xalqımızı millətə çevirənimiz... Bəbələrimizi qızıl güllər içində şirin yuxuya qərq etdirənimiz. Babalarımıza “Heyrət, ey büt...”, “...Mən bu cahana sığmazam”, “Bir kərə yüksələn bayraq...”, “Hey uçsam da - yuvam sənsən”, “Vətən daşı olmayandan - olmaz ölkə vətəndaşı” kimi bənzərsiz məna xalıları toxutduranımız...


...Hər məna-mətləbi çözənimiz, könülləri bəzəyib-düzəyənimiz, arzularımızı ərz edə-edə əməllərə gözəyənimiz! Hələ karandaşdan-tişədən, qələmdən-fırçadan öncə “Ölməyə Vətən yaxşı”, “Dəryaca ağlın olsun - Kasıb olsan, gülərlər”, “Gündə bir kərpic düşür - Ömrümün sarayından” sayaq abidələr yaradanımız, gəl, “Aləmi bəzər, özü lüt gəzər” kimi gözütoxluq postulatlarına rəğmən sözüyoxluq etmə - öz şəni-bəyanına da həyan ol!
Sən hərb sərkərdələrimizə “Qılınc qımıldansa, düşmən mızıldanmaz” kimi fikir qələbələri çaldırıbsan. Qəlb fatehlərimizə “Məndə Məcnundan füzun aşiqlik istedadı var”, “Yol daşını yol quşuna - Atma, qardaş, kərəm eylə”, “Sənin ərin ölsün, mənim arvadım - Düşsün aramıza vay, gülə-gülə”, “Bir ağılın budağından sallanıb, Neçə-neçə ağlıdayaz yaşayır” kimi atom-kəlamlar yazdırıbsan...
...Ey Turan əcdadının Azərbaycan adlı anasının kəlam-kəlmeyi ağız yadigarı, bütün rəvayət-hekayət, nağıl-dastan aləmimizin “boy boylayıb, söz söyləyən” bəyandarı! Mənim də eynimə-beynimə elə sız, əlimə-qələmimə elə yazdır ki, bəzi-bəzi müasir ağızbüzi-qramatiklər bu “quramativ” üslubun, arxiv-arxaik ifadələrin “əşşi!” peşinə düşməsinlər. Klassiklər demiş, - çün bu gün -

Sənin Ad Günün...

Bu ümumelli GÜNün elani-Fərmanı isə - düz 13 il öncə - ümummilli lider Heydər Əliyev tərəfindən!
O Fərmanı elə Sənin öz vasitənlə oxşayıb-əzizləməli. Ərz etməli ki, o, bütün digər fərmanların, qərarların, qətnamələrin, sərəncamların cəmindən ali. Yəni, onların hamısı məhz o Fərmanın predmetilə - səninlə ifadə olunub, olunur, olunacaq, Ana Dilim! İndi bir göz gəzdirək, görək o milli sərvət-sənəddə ulu öndər nələr deyir:
“Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hislərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə minillik tarix yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır”.
Və həmin Fərmandan - bəzən mübahisəli məqamları, bəzi hallarda ikili “görüş”ləri birmənalı edən bir qənaət:
“Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan xalqımızın tarixi qədər onun dilinin təşəkkülü tarixi də olduqca qədimdir. Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül tapana qədər yüz illər boyunca mürəkkəb bir yol keçmişdir. Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdır. Dilimizin özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındakı türk əsilli boyların və soyların dili təşkil etmişdir”.
Bu sitatdakı “...yüz illər boyunca mürəkkəb bir yol keçmişdir” informasiyası ulu öndərin öz fəaliyyətini də bütün parametrlərilə ehtiva edir - onun həm sovet, həm də müstəqillik illərimizdəki rəhbərliyində. Birinci dövrdə - rus dilinin hegemonluğu rejimində Azərbaycan dilini işlək dövlət dili statusuna çatdırması, müstəqilliyimizi addımbaaddım müşayiət edən çətinliklər çağlarında isə - dövlətçiliyimizin bütün komponentlərilə bahəm, dilçiliyimizə, dilçi alimlərimizə qayğı keşiyində rəhbər-əsgər kimi dayanması ilə. Və nəhayət, onun 9 avqust 2001-ci il tarixli tarixi fərman-fəaliyyəti: “1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür”!..
Bu məqamda ulu öndərin - 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanından da seçmələr edək:
- “Xalq şifahi şəkildə yaratdıqlarını əbədiləşdirmək üçün sonradan onları yazıya köçürmüşdür... Bu baxımdan “Kitabi-Dədə Qorqud” eposu olduqca səciyyəvidir. Abidənin bədii dilinin özünəməxsus səlisliyi bir daha göstərir ki, “Kitabi-Dədə Qorqud”un meydana çıxa bilməsi üçün Azərbaycan dili böyük tarixi-ədəbi hazırlıq mərhələsi keçməli idi”.
- “...Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq rəsmi və dövlətlərarası yazışmalarda işlədilməyə başlandı. ...Sarayda və orduda tam hakim mövqe tutaraq, dövlət dili kimi rəsmiləşdi”.
- “... “Əkinçi”dən başlayaraq yaranmış milli mətbuat bu dilin inkişafında mühüm rol oynamışdır”.
“...Xalq dili xəzinəsinin qapıları “Molla Nəsrəddin” vasitəsilə ədəbi dilin üzünə açıldı. ...Səhnə sənəti də yeni milli-mədəni şəraitdə ədəbi dilə bədii nitq vasitəsilə öz töhfəsini vermişdir”.
- “...1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açıldı”.
- “...Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl olunmur. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə olunur. Kəskin tənqidlərə baxmayaraq, reklam vasitələrinin hazırlanmasında bir çox hallarda xarici dillərə əsassız olaraq üstünlük verilir”.
Hər abzası bitkin bir mühakimə-mülahizə sistemi təsiri bağışlayan həmin Fərmanın xəyali müşayətilə müqəddəs ana dilimizə doğma “arşın mal” ölçülərilə yox, fəna-zina “razmer”lərlə, “susuzluğuna güvən” kimi “məntiq”lərlə yanaşanlara belə bir xitab:

Dilinizə güvənin!

Dilində “çaya susuz aparıb, susuz gətirmək”, “sərin sular sərvəri, ürəyi yanan, gəl bəri”, “suca ömrün olsun”, “bir oddan, bir sudan”, “qızlar bulağından su içmək” kimi güldən-çiçəkdən incə, qılıncdan kəsərli sözlər olan bu xalq niyə sizlərin “susuzluğuna güvən”sin, cənab neo-zümrə?! Nədən gözəllərini “Aya - sən çıxma, mən çıxacağam”, “Yüyrəndə sərv boylum”, “Qoşa badam sığmayan dar ağızlım”, “Bağrımı kəsə tellərin”, “Mən verən düymələri düz köynəyinə”, “Yenə tavus kimisən, Nə qəşəng bəzənmisən”, “Mən sevmişəm Zərnişanı, Onda var gülün nişanı” kimi misra-romanlarla vəsf edən bu böyük milli mədəniyyət toplumunu lilli sözcüklərlə topa tutursuz? Nöşün bizi bu baş şəhərimizdəki mağaza-marketlərinizə vitrin-alnınızdakı özgə dil və hətərən-pətərən şriftlər, vermişel-makaron qrafikalarla dəvət edirsiz?! Nədir, noolub, “Dindirir əsr bizi - dinməyiriz, ...avtomobil minməyiriz” qınınızı, “Molla Nəsrəddin” jurnalında çap edilmiş “Mənim öz dilim var...” (bir soydaşımızın dilinin ağzından zorla çıxarılıb, yad-yabançı dillərin pərçim edilməsi...) karikaturanı bu qədərmi tez unutmalıyıq?!
Öz siyasi al dillərilə çox xalqları elindən-obasından eləyən millətlər var ki, çoxusunun leksikonunda “Üzündə göz izi var, - sənə kim baxdı, yarım?”, “ilanı yuvasından çıxarmaq” sayaq məna-möcüzələr yoxdur. Heç, 70-ci illərdə sovetin 14 respublikası içrə “Şirin dil” kimi “qorxulu” bir mahnı yazıb-oxumaq cəsarətində bulunmuş bir xalq da yox idi...
Hələ o vaxtlar Bəxtiyar Vahabzadənin “dissident” misraları:

Bu dil, - bizim ruhumuz,
Eşqimiz, canımızdır,
Bu dil, - bir-birimizlə
Əhdi-peymanımızdır...

Səndə neçə min illik
Mənim mədəniyyətim,
Şan-şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan...

Tahir Abbaslı







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar