Azərbaycanda tarixən parçaların bəzədilməsinin kustar üsullarından biri kimi basmanaxışdan istifadə edilib. Bu üsulla müxtəlif çalarlı-naxışlı parçalar xüsusi qəliblərlə basılıb ərsəyə gətirilir. İsmayıllı rayonuna səfərlərimin birində burada Basqal kəlağayılarının mütəxəssisləri ilə görüşmüşdüm. İncə, olduqca ağır zəhmət tələb edən bu sənət haqqında təəssüratımı oxucularla bölüşmək istədim.

Bölgədə basmanaxış parça sənətinin inkişafı yerli xammalın - ipəkçiliyin və nəbati boyaların geniş yayılması ilə bağlı olub. Basqal kəndində bu xalq sənətinin basmanaxış və qələmkar növlərinin qədim nümunələri bu günümüzə qədər gəlib çatmışdır.
Onu da qeyd edim ki, Basqalda parçalara əl ilə naxış vuran ustalar xüsusi emalatxanalarda çox bəsit alətlərdən istifadə edirlər. Emalatxanalarda naxış salmaq üçün keçə və ya qalın mahudla örtülü uzunsov kürsü, pardaqlamaq üçün dəzgah, boyaq küpü və basma qəliblər olur.
Azərbaycanda bədii parça istehsalı ilə bağlı bəzi araşdırmalara da nəzər salanda görürük ki, bu xalq sənəti Hindistandan Yaxın Şərqə və daha uzaq məmləkətlərə yayılıb. Yunan tarixçiləri Herodot, Strabonun əsərlərində qeyd olunur ki, Qafqazda basma üsulla parçalara naxış salınır. Göründüyü kimi, basmanaxış sənəti uzun bir inkişaf yolu keçərək, bədii irs olaraq ənənəvi istehsal üsulu xüsusiyyətini daşıyıb. Respublikamızın bu ucqar yaşayış məntəqəsində kəlağayı istehsalı illərdir davam etdirilir və bu sənətin sirləri yeni nəslə öyrədilir.
Həmsöhbətlərim onu da qeyd etdilər ki, XIX əsrin ikinci yarısına qədər xalq sənətinin başqa sahələrinə nisbətən kustar basmanaxış istehsalında tənəzzül hiss olunmayıb. Lakin XX əsrin əvvəllərində, xüsusilə kənd camaatı arasında geniş yayılmış basma kətan parçalar ucuz fabrik parçaları ilə rəqabətə davam gətirməyib. XIX-XX əsrlərdə Gəncə, Şəki, Basqal, Bakı və Şuşada kəlağayı istehsal olunub. Kəlağayı milli baş örtüyü kimi aşıq və şairlərin şeirlərində də vəsf edilib.

Başına örtübdür kəlağayı gəzər,
Əyri tel üstündən qızıl düymələr.
Belinə yaraşıb zərbafdan kəmər,
Çəpkənli, çarqatlı ağ bədən gəzər.
(A.Tufarqanlı)

Gah zaman başına tirmə şal bağlar,
Gah olur ki, zülf gizləyib, xal bağlar.
Kəlağayı qabağına al bağlar
Yaşılın altından, ağın üstündən,
(M.P.Vaqif)

Azərbaycanda basmanaxış kəlağayı istehsalının inkişafında xalq milli geyimlərinin müəyyən rolu olub. Ümumiyyətlə, basmanaxış kəlağayılar iki cür olur: yeləni kəlağayı və Heratı kəlağayı.
Yeləni kəlağayı. Bu kəlağayıların əsas bəzəyi haşiyələrdən ibarətdir. Ona görə də xalq arasında bunlara “yeləni kəlağayı” deyilib. Kəlağayılar çox zaman istehsal yerinə və bədii-texniki xüsusiyyətlərinə görə fərqləniblər. Belə ki, Gəncə, Şəki kəlağayılarının əriş sapı iki cüt (dörd sap), Basqal, Bakı, Şamaxı kəlağayılarının əriş sapı isə bir cüt (iki sap) olub. Ərişi dörd olan kəlağayıların yerliyi sıx, iki saplılarınkı isə seyrək olub. Bu səbəbdən də xalq arasında kəlağayılara toxunuşuna görə “tafta” və “ələk” yerlikli deyilib və iki qismə ayrılıb. Tafta yerlikli yeləni kəlağayılar ən çox Gəncə və Şəki istehsalına məxsus olub.
Basmanaxış kəlağayı sənəti bir çox peşələrin sintezindən ibarətdir. Burada əyirici, toxucu, boyaqçı və naxışbasma iş üsulları birləşir. Bunlar bir müəssisədə ya ayrı-ayrı peşəkar ustalar, yaxud da peşəkar bir usta tərəfindən icra olunur.
Yeləni kəlağayıların yerliyi əsas etibarilə qara, qırmızı, ağ rəngdə işlənilir. Bəzilərinin sahəsi bütünlüklə naxışlı olur. Kəlağayıların xalq arasında “qoşayeləni” adı ilə yayılmış növü də var. Bu növ kəlağayılar Şəki istehsalında daha çox yer tutur. Yeləni kəlağayılara bənövşəyi, tünd-qırmızı rəngli üç gül, xal, xırda buta, qazayağı və dalğalı xətt kimi sadə motivlər tətbiq edilir. Ümumiyyətlə, “yeləni” adı ilə tanınan milli baş örtüklərinin ara sahəsi bəsit naxış ünsürləri ilə zənginləşdirilir.
Naxışları ilə yeləniyə nisbətən zəngin olan ikinci qisim kəlağayı növünə Heratı kəlağayı daxildir. Heratı kəlağayılar tarixən İsmayıllı rayonunun Basqal, Bakının Xilə kəndlərində toxunub. Bu kəlağayıların toxunuşu seyrək olub, bəzəyi ilə səciyyələnib. Tərtibatında nəzərə çarpan quş, buta, balıq kimi arxaik motivlər xüsusi yer tutur. Eyni zamanda mərkəz hissəsində dəyirmi xonçanın verilməsi onu yeləni örtüklərdən fərqləndirir. Xalq ustaları belə irinaxışlı xonçanı “məcmeyi-gül” adlandırıb.
Qəhvəyi-sarı, qırmızı rəngli Heratı kəlağayılarda bitki, quş motivlərinin şərti təsvirləri geniş yer tutur. Çox vaxt kəlağayılardakı bədii formalara təbiətdə az təsadüf edilib. Bu da xalq ustalarının bədii təfəkkürünün məhsulu olduğunu göstərir.

Savalan Fərəcov