“Abidələrimizi cəmiyyətə tanıtmalı, insanlara onların dəyərini başa salmalıyıq”

Hər bir xalqın tarixi abidələri onun mədəni irsi, tarixi yaddaşıdır. Onların qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması nəticə etibarilə xalqın tarixi yaddaşının zənginləşməsinə xidmət edir. Ölkəmizdə maddi-mədəni irsimizin qorunmasına, tədqiqinə və təbliğinə böyük diqqət yetirilir.

Ölkə başçısının müvafiq sərəncamları ilə abidələrin təmir-bərpası üçün vəsait ayrılır, tarixi qoruqlar yaradılır. Prezidentin 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilən “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi, inkişafına dair 2014-2020-ci illərə üzrə Dövlət Proqramı” bu baxımdan böyük əhəmiyyət kəsb edir. Proqramda qeyd olunur ki, bu gün respublika ərazində 6300-dən artıq tarix və mədəniyyət abidəsi dövlətin mühafizəsi altındadır.
Təəssüf ki, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində bir çox abidələrimiz, tarixi-mədəniyyət məkanlarımız talan edilib, dağıdılıb. Bu faktların öyrənilməsi və dünya birliyinə, beynəlxalq təşkilatlara çatdırılmasında dövlət qurumları ilə yanaşı, ictimai təşkilatların üzərinə mühüm məsuliyyət düşür.
2004-cü ildə yaradılan Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi də bu mərama xidmət edir. Qurumun sədri Faiq İsmayılovun sözlərinə görə, erməni silahlı qüvvələrinin hazırda işğal altında saxladıqları torpaqlarımızda yüzlərlə abidə məhv edilib, izi-sorağı itirilib. İşğalçılar eyni zamanda zəbt etdikləri torpaqlarımızdakı qədim alban (xristian) abidələrini özününküləşdirməyə, onları erməni abidəsi kimi qələmə verməyə çalışırlar.
Odur ki, biz istər Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində, istərsə də Dağlıq Qarabağ və onun ətraf rayonlarında bu qəbildən olan abidələrin bizə məxsus olduğunu dünyaya sübut etməliyik: “Oradakı abidələr üç yerə ayrılır: xristian dövründən əvvəlki abidələr, xristian dövrü abidələri, müsəlman dini abidələri. Cənubi Qafqazda xristian dövrü abidələri heç vaxt ermənilərə məxsus olmayıb. Bunlar birmənalı şəkildə alban və müsəlman dini abidələridir. Eyni zamanda ermənilər bu gün öz arxivlərini açaraq indiki Ermənistan ərazisində İrəvan xanlığının süqutuna qədər orda hansısa erməni knyazlığının olmasını sübut edə bilməzlər. Məhz buna görə də xristian dövrü abidələrinin formasını dəyişərək deyirlər ki, guya bunlar erməni abidəsidir. Müsəlman dini abidələrinə gəlincə, onları tamamilə yerlə-yeksan ediblər”.
Bu mövzuda bir sıra kitabların müəllifi olan Faiq İsmayılov deyir ki, işğal olunmuş ərazilərimizdə 4 mindən çox tarixi abidəmiz qalıb, onlardan təxminən 900-ü Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış abidələr olub. Yəni bizim xeyli sayda abidələrimiz hələ sovet dövründə qeydə alınmayıb, 90-cı illərin əvvəlində baş verən işğaldan sonra onların aqibəti də naməlumdur.
Ermənilər həmin abidələrin bir çoxunu öz adlarına tarix-mədəniyyət abidələri siyahısına daxil ediblər. Bu ərazilərdəki müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, qalalar, siklop tipli abidələr, karvansaralar, malikanələr, saraylar, məscidlər, türbələr, su dəyirmanları, kahalar və s. tamamilə sökülüb, tanınmaz hala salınıb.
QHT rəhbəri bildirir ki, Ermənistanın işğal etdiyi ərazilərdəki tarixi-mədəni abidələrimizlə bağlı məsələ mütəmadi olaraq Azərbaycan Prezidenti tərəfindən beynəlxalq təşkilatlarda, forum və toplantılarda qaldırılır. Avropa Şurası Parlament Assambleyasında azərbaycanlı millət vəkilləri bu məsələni hər zaman diqqətə çatdırırlar. Xarici İşlər, Mədəniyyət və Turizm nazirlikləri və digər dövlət qurumları bu barədə təbliğat işi aparırlar. Avropa Şurasının bu sahə ilə bağlı faktaraşdırıcı komissiyasına gəlincə, bir neçə il gözləsək də, bu komissiya bölgəyə gəlmədi. Məsələ ilə bağlı UNESCO-ya da müraciət etmişik. Amma onlar da indiyə qədər komissiya göndərməyib.
Faiq İsmayılovun sözlərinə görə, bu gün ölkəmizin ərazisində olan bir sıra abidələr də özümüzün laqeydliyinin, biganəliyinin qurbanı olur: “Əgər hansısa dağ kəndində bir abidə varsa, insanlar ona, sadəcə, qədim tikili kimi yox, tarixi sərvət kimi yanaşmalı, onu qorumalıdırlar. Biz bunu insanlara, cəmiyyətə təbliğat yolu ilə çatdırmalıyıq. Məlumdur ki, abidələrin hamısını yüksək səviyyədə qorumaq dövlətin imkanları xaricindədir. Abidələrimizi tanıtmalı, onların dəyərini başa salmalıyıq. İnsanların diqqətinə çatdırmalıyıq ki, bu abidə nə üçün qorunur və dövlət bundan nə kimi xeyir əldə edə bilər. Çünki tarixi abidələr, məkanlar həm də mədəni turizmin inkişafı üçün böyük önəm kəsb edir”.

Mehparə







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar