Toxuculuq sənətində boyaqçılığın xüsusi yeri var. Məhsulun keyfiyyəti ilə yanaşı, onun rəng çalarları da estetik baxımdan mükəmməlliyə xidmət edir. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova ilə söhbətimizdə ölkəmizdə boyaqçılıq sənətinin tarixinə nəzər saldıq.

Həmsöhbətim öncə boyaqçılıq barədə tarixi qaynaqlardan söz açdı:
- Azərbaycanda boyaqçılığın izləri qədim zamanlara gedib çıxır. Yunan tarixçisi Herodotun əsərlərində belə bir məlumata rast gəlinir: “Bu ölkələrdə, deyildiyinə görə, qəribə yarpaqlı ağaclar var. Bu yarpaqlar toz halına salınaraq su ilə qarışdırılır. Sonra yerli əhali öz paltarlarına bununla naxışlar çəkirlər”. Orta əsr ərəb səyyahlarının əsərlərində “qırmız” adlı boyaq məhsulu haqqında maraqlı məlumatlar var. X əsr ərəb səyyahı İbn Hövqəl “Yollar və məmləkətlər” kitabında qeyd edir ki, Varsan, Bərdə, Bab əl-Əbvabın nahiyələrində və Xəzər dənizinin ortasındakı adada marena var. O hətta bu boyaq məhsulunun xaricə ixrac olunduğunu da yazır. Göstərir ki, məhsul Xəzər dənizi ilə Curcana daşınır və oradan da Hind ölkəsinə göndərilirdi. Digər bir ərəb tarixçisi əl-Müqəddəsi (X əsr) bu haqda məlumat verərək göstərir ki, qırmız yer qurdudur. Qeyd edir ki, qadınlar qurdları mis qablara, sonra isə çörək bişirən sobalara (təndirə) yığıblar...
- Boyaqçılıqda sonralar əldə olunan maddələrin əhəmiyyəti nədən ibarət olub?
- Ölkəmizdə qırmızdan XX əsrin əvvəllərinə qədər geniş istifadə edilib. Ancaq 1841-ci ildə kimyagər N.Zinin tərəfindən anilin və 1868-ci ildə Qrebe və Liberman tərəfindən alizarin adlı boyaq maddələri kəşf edilir. Bu boyaq maddələri ucuz, boyama prosesi asan olub. Bu da onların tez yayılmasına və kütləvi istifadəsinə səbəb olub. Xalq arasında təbii boyama üsuluna “xasa”, kimyəvi boyaqlar ilə boyamaya isə “əməli” deyilib. Xalça şəxsi tələbat və ya xüsusi sifarişlə toxunubsa, iplər “xasa” boyama üsulu ilə boyanıb. Satış üçün nəzərdə tutulan xalçalarda isə iplərin boyanmasında ucuz başa gələn “əməli” üsula üstünlük verilib.
- Boyaq bitkilərinin tədarükü və istifadəsi necə həyata keçirilib? Bu sənət hansı bölgələrimizdə daha çox inkişaf edib?
- Etnoqrafik materiallar xalq təcrübəsində təbii boyaqlardan istifadənin müxtəlif üsulları olduğunu göstərir. Boyaq bitkiləri çox vaxt qurudulmuş şəkildə, bəzən də olduğu kimi boyama prosesinə cəlb edilib. Ağac oduncaqları isə qurudulub və xırda-xırda doğranıb. Qozun qərzəyi qurudulmuş halda emal olunub. Təcrübəli boyaq ustalarının bildirdiyinə görə, bu oduncaqlar müəyyən müddətdə işlədilməlidir. Əks təqdirdə keyfiyyətini itirir və boyaq maddəsi kimi istifadəyə yararsız olur. Qoz ağacının yarpaqları isə təzə və emal olunmamış şəkildə işlədilir. Bitkinin yığılma müddətinin də boyağın keyfiyyətinə təsiri olur. Murdarçanın meyvəsi yetişən kimi onun cavan zoğları, yayın ikinci yarısında qozun yarpaqları, yazda isə palıd ağacının qabığı toplanır. Boyaqçılıq qaydalarına görə boyaq kökünün yazda və payızda yığılması açıq və ya tünd boyağın almağa imkan verir. Gül bitkisi isə tam çiçək açandan sonra boyaq üçün yararlı hesab edilir.
Xalçanın gözəl alınmasında boyaqçının boyağı mühüm şərtdir. Boyaqçı gərək çiçəkdən, ağacdan istifadə edib istədiyi boyanı ala bilsin və xalçanın rəngi illər keçsə də, dəyişməsin. Cəbrayıl rayonunda “Çay yatağı” adlanan ərazidə vaxtilə ipboyama sexi olub. Yerli sakinlər bildirirlər ki, Cəbrayıl şəhəri yaxınlığında Məmməd bəy kəhrizi deyilən yerdə boyaqxana vardı. Burada boyaqçılıq çox inkişaf etmişdi. Yaxın-uzaq yaşayış məntəqələrindən buraya ip boyamağa gələrdilər. Boyaqçılıqda mahir boyaqçı kimi tanınan Əsədin adı hələ də hafizələrdə yaşayır.
- İpin boyama prosesi necə həyata keçirilir?
- Boyaq proseslərində ip əvvəlcə aşqarlanır. İpin üçdəbiri qədər qurudulmuş alça və zəy (bir kələf üçün bir xörək qaşığı) götürülür. Üzərinə su əlavə edilir, alınan məhlul qaynadılır. Sonra süzülür, ip bu məhlula salınır və təkrar qaynadılır. Xalq təcrübəsində ipin aşqarlanmasını təyin etmək üçün məhlulun içərisinə bir neçə düyü dənəsi də atılır. Düyülərin bişməsi ilə proses başa çatmış hesab olunur. Bu təcrübələr sayəsində müxtəlif bitkiləri boyaqçılıqda sınaqdan keçirən xalq nəticədə ən mükəmməl üsullar sayəsində gözəl təbii rənglər əldə etmişdir. Bəzi rəngləri ev şəraitində də əldə etmək mümkün olub. Ancaq göy, mavi və yaşıl rənglər boyaqxanalarda boyaqçılar tərəfindən hazırlanıb. Belə ki, sarı rəng almaq üçün Qarabağda ən çox “nazotu”, “narınc ağacı”, tut ağacının sarı yarpaqları, soğan qabığı, qov göbələyi, zing, gülxətmi, kəkotu və s. kimi yerli xammaldan geniş istifadə olunub.
Rənglərin əlvanlığı, şuxluğu Qarabağ xalça məktəbində əsas xüsusiyyətlərdəndir. Bu baxımdan Qarabağda qırmızı rəngin alınmasına xüsusi diqqət yetirilib. Qırmızı rəng və bu rəngin bir sıra çalarları digər rənglər kontekstində daha çox nəzərə çarpıb. Qarabağ boyaqçıları boyama prosesində ona geniş yer veriblər. Boyaqçılıqda qırmızı rəng əldə etməyin ən geniş yayılan üsulu boyaq bitkisindən (marenadan) geniş istifadə edilməsi olub. Qarabağda, xüsusilə Şuşa və Cəbrayılda qara rəng almağın özünəməxsus bir məhəlli xüsusiyyəti də olub. Başqa rənglərin alınmasında daha çox zəydən istifadə edilirdisə, qara rəngin alınmasında bilavasitə zağ maddəsi (dəmir kuporosu) böyük rol oynayıb. Bu rəngi almaq üçün Qarabağ toxucuları nar qabığına üstünlük veriblər. Bunun üçün narın qabığını suda qaynadır, su soyuduqdan sonra həmin qabıqları möhkəm əzərək təkrar qaynadırlar. Qara rəngin alınmasının bu üsulunu vaxtilə Qarabağda tədqiqatlar aparan İ.P.Qrunskaya-Petrova da qeydə alıb.
Toxuculuqda yun ipin ənənəvi üsullarla boyadılmasının mühüm əhəmiyyəti olub. Al-əlvan xalça-palaz məmulatları hazırlamaq üçün yun ipin müxtəlif rəng çalarlarından istifadə edən Qarabağ toxucu-sənətkarları heyrət doğuracaq dərəcədə mürəkkəb ornamentli, çeşnili və naxışlı xalçalar toxuyublar. Ənənəvi toxuculuq sənətində yun ipin xalq üsulu ilə boyanması mühüm bir mərhələ təşkil edərək toxumaya hazırlığın son akkordu olub.

Savalan Fərəcov







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar