Mədəniyyət bu bir neçə hecalıq söz daxilində böyük anlamlar gizlədən xəzinədir. Milliyyətindən, dilindən, dinindən, irqindən asılı olmayaraq hər kəsi öz nuruna qərq edir bu dərin mənalı ifadə. Hər ölkənin mədəniyyəti özünə görə dəyərli və zəngindir. Azərbaycan mədəniyyəti bu baxımdan ön sıralarda dayanır. Əgər bu gün dünya ölkələri bizim musiqimizdən, rəssamlığımızdan, kino və teatrımızdan bəhrələnirsə, operalarımız dünya səhnəsində təqdim edilirsə, demək, bizim öz mədəniyyətimizdən, milli-mənəvi dəyərlərimizdən qürurla bəhs etməyə haqqımız var.
Ərazisinin böyük bir qismi işğal altında olan, mədəni sərvətləri məhv edilən bir məmləkətin tədqiq edilməyə ehtiyac duyulan onlarla tarixi məkanı, abidəsi var. Bu abidələrin hər biri ulu tarix gizlədir öz bağrında. Bu gün Azərbaycan adlı tarix, mədəniyyət xəzinəsinin inkişafı, çiçəklənməsi ilə barışmaq istəməyənlərə Odlar Diyarının necə qəhrəmanlar yetişdirmiş bir məmləkət olduğunu sübut etməliyik.
Ölkə rəhbərliyi milli sərvətlərimizin qorunması və təbliği sahəsində böyük işlər görür. Lakin bizlər də bu sahədə əlimizdən gələni etməliyik. Çünki mədəni zənginliyimizə diqqət və qayğı hər birimizin mənəvi borcudur. Əgər biz dəyərlərimizə sahib çıxmasaq, yad gözlər daim sərvətlərimizə dikiləcəkdir.
Rəfiqə Rafiqqızı,
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin metodisti