“Azərbaycan xalçaları”nın yeni sayı çapdan çıxıb

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının on üçüncü nömrəsi işıq üzü görüb. Nəfis tərtibatlı nəşr Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimini əks etdirən yazı ilə başlayır. Akademik Teymur Bünyadovun “Şah əsərimizdi...” məqaləsi ömrünü Azərbaycan etnoqrafiya elminin inkişafına həsr etmiş görkəmli alimin milli xalçaçılıq sənətinin tarixi, onun ayrı-ayrı məktəbləri, nümunələri, həmçinin ötən il istifadəyə verilmiş Xalça Muzeyi haqqında düşüncələrini əks etdirir.
Jurnal ənənələrinə sadiq qalaraq rəngarəng xalça nümunələri, taleyini xalçaçılıqla bağlamış insanlar haqqında məqalələrlə, tədqiqat materialları, maraqlı reportajlar, yeni elmi araşdırmalarla oxucuların görüşünə gəlib. Professor Vidadi Muradovun Azərbaycan, rus və ingilis dillərində təqdim olunan “Qırmızı qəsəbə: sinaqoqdan xalçayadək” məqaləsində Quba rayonunda dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbənin sinaqoqları, eyni zamanda, xalçaçıları, boyaqçıları, xalça tacirləri haqqında söhbət açılır.
Türkiyəli xalça tədqiqatçısı Şərifə Atlıhanın “Anadolu və Azərbaycan xalçalarında oxşar xüsusiyyətlər” sərlövhəli yazısı həm mütəxəssislər, həm də geniş oxucu kütləsinə tarixi, sənətkarlıq aspektindən müqayisələr aparmaq imkanı yaradacaq.
“Azərbaycan xalçaları” jurnalının bu sayının üz qabığını 1926-cı ildə Qarabağda toxunmuş və üzərində Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı (may-noyabr 1918-ci il) əks olunmuş xalçanın fotoşəkli bəzəyir. Nəşrin baş redaktoru, professor Vidadi Muradovdur.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar