Əməkdar mədəniyyət işçisi Gülara Cabbarlının 85 yaşı tamam oldu

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, milli dramaturgiyamızın, teatr və kino sənətinin inkişafında böyük xidmətləri olan unudulmaz Cəfər Cabbarlının yadigarı, irsinin qoruyucusu Gülara Cabbarlı. Ona görə qoruyucusu ki, o bu soyadın böyüklüyünü, seçkinliyini hər zaman uca tutmağa çalışıb.

Gülara Cabbar qızı Cabbarlı 1930-cu il fevralın 11-də Bakıda anadan olub. 1948-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində anası Sona xanımın rəhbərliyi altında baş elmi işçi kimi fəaliyyət göstərib. 1979-cu ildə Cəfər Cabbarlının ev-muzeyinə direktor təyin olunub və 2012-ci ilə qədər bu vəzifədə çalışıb, Cabbarlı irsinin araşdırılması və təbliği yolunda əməyini əsirgəməyib. Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Gülara Cabbarlı ilə 85 illik yubileyi münasibətilə görüşüb söhbətləşdik.

Yada düşər xatirələr...

Həmsöhbətim ötən illəri yada salır, anası Sona xanımın xatirələrindən, uşaqlıq illərdən söz açır. Danışdıqca da bəzən kövrəlir, bəzən də sevinir:
- Dörd yaşım olanda atam rəhmətə getdi. Qardaşımla anamın himayəsində böyüdük. Anam həmişə atamdan danışardı. Mənim uşaqlığımdan danışanda isə deyirdi ki, çox nadinc olmuşam. Atamın rahat işləməsinə imkan verməmişəm. Bu günə kimi unutmadığım xatirələrimdən biri də budur. 2-3 yaşım olanda darağımla atamın saçını daramışam. Necə olubsa, o da papağını başına qoyub gedib iş yerinə. Orada papağını çıxaranda aktyorlar görüblər ki, atamın başında qadın darağı var.
Bəzən ötən illəri xatırlayanda bütünlüklə o dövrün ab-havasını yaşamış oluram. Anam bizi böyütdü, oxutdurdu. Təhsilimi başa vurduqdan sonra 11 il atamın adını daşıyan teatr muzeyində çalışdım. 1979-cu ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda C.Cabbarlının ev-muzeyi yaradıldı. Həmin ildən də muzeyin direktoru vəzifəsinə təyin edildim. Muzeyin rəsmi açılışı 1982-ci il martın 22-də gerçəkləşdi. 2012-ci ildə təqaüdə çıxdım.
Bilirsiniz ki, hazırda muzeyə övladım Qəmər Seyfəddinqızı rəhbərlik edir. Həm muzeyin fəaliyyətinə görə, həm də bir övlad kimi ondan çox razıyam. Mənim rəhbərliyim dövründə də, indi də muzey bir çox tədbirlər həyata keçirir. Atamın 100 illik yubileyi münasibətilə təsis olunmuş “Cəfər Cabbarlı mükafatı”nı hər il özüm imzalayıram. Həyatımın əsas hissəsi elə muzeyin fəaliyyəti ilə bağlı olub. Cəfər Cabbarlının həyat və yaradıcılığının tədqiqi, muzeydə keçirilən ədəbi-bədii gecələr, respublikanın tanınmış ədəbiyyat, elm və incəsənət xadimlərinin xatirə günləri və s. əsas işimiz olub. Bizim evdə kimlər olmayıb. Muzeyin hər guşəsində həmin insanları xatırladan xatirələrim var. Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, İsmayıl Hidayətzadə, Mərziyyə Davudovanın da ruhu dinclik tapır bu məkanda...

“Cəfər Cabbarlı dustaq ola-ola onun əsərləri oynanılırdı...”

Gülara xanımın hər kəlməsində Cəfər Cabbarlının övladı olmağın məsuliyyəti və fəxarəti duyulur:
- Hər zaman atamın adı ilə fəxr etmişəm. Onun adı hər zaman mənimlə olub. Cəfər şəxsiyyəti, Cəfər yaradıcılığı bu gün də ürəklərdə yaşayır, sevilir. Azərbaycan mədəniyyətində böyük xidmətləri olan atanın övladı olmağın tam məsuliyyətini hər zaman dərk etmişəm. Onun keçdiyi yol hər kəsə məlumdur. Anam deyirdi ki, Cəfər dustaq ola-ola onun əsərləri oynanılırdı. Premyeralar vaxtı atamı nəzarətçilər teatra gətirərmişlər, sonda müəllif kimi sənəyə çıxıb, yenidən dustaqxanaya qayıdarmış. İndi özünüz təsəvvür edirsinizmi Cəfər Cabbarlının övladı olmaq nə deməkdir...
Bu gün Cəfər Cabbarlının ev-muzeyinin səmərəli fəaliyyətində, qabaqcıl mədəniyyət ocaqları sırasında olmasında Gülara xanımın böyük zəhməti olub. O, 2001-ci ildən eyni zamanda “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi”nin rəhbəri, “Cəfər Cabbarlı mükafatı” komissiyasının sədridir. Bütün həyatını muzey işinə həsr edib, bu gün də təcrübəsini muzey əməkdaşları ilə bölüşür:
- Bu gün bəzən muzeylərin fəaliyyəti, müasir dövrə uyğunlaşmaması ilə bağlı fikirlər səslənir. Məncə, muzeydə çalışan hər bir kəs öz işinə sevgi ilə yanaşsa, həmin müəssisə qabaqcıl mədəniyyət mərkəzlərindən birinə çevrilə bilər. Hazırda bildiklərimi, öyrəndiklərimi muzeyimizdə çalışan işçilərlə bölüşməyə çalışıram. Muzeydə qorunan hər bir eksponat gələcək nəsillər üçün çox dəyərli bir tarixi materialdır. Muzeylər xalqa, onun gələcəyinə xidmət edir. Mən ömrümün çox hissəsini muzeyə xidmət etmişəm. Yubileyimlə bağlı məni yad etdiyinizə görə, sizə dərin təşəkkürümü bildirirəm.

Lalə Azəri







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar