Novruz həyatın ritmidir. Bu ritmi, ahəngi yaradansa əlamətdar günün əsas atributlarını (su, od, yel, torpaq) əhatə edən mərasimlərdir. Xalq arasında özünəməxsus fəlsəfəsi olan, təbiət və cəmiyyət münasibətlərini ehtiva edən bu ayinlərə fərqli yanaşmalar mövcuddur.

Burada iki əsas məqam özünü göstərir. Birinci nüans min illərdir sabitləşən ənənələrlə bağlıdırsa, digəri dünyagörüşü ilə əlaqədardır. Məsələn, insanlar arasında odu, suyu kutsal bilib üzərindən atılmaq məsələsinə birmənalı yanaşma yoxdur. Yəni belə düşünülür ki, müqəddəslik hara, ağrını, azar-bezarı onun üstünə tökmək hara? Bu, həqiqətən də, təzaddırmı? Burada diqqətə alınması vacib olan məqamlar var. Od (istilik) insanları soyuqdan, qorxulu qüvvələrdən qoruduğuna, çiyini bişmiş etdiyinə və digər səbəblərə görə kutsallaşıb. Müxtəlif bölgələrdən toplanmış folklor örnəklərində oda sakral yanaşma müşahidə edirik. Məsələn, “Odun üstünə su tökəndə od əyəsinin (sahibinin) acığına gələr, sənə sədəmə (bəla) toxuyar”, “Murdar əsgiyə od düşməz”, “Ocağın üstünə su tökmək, ya da ayaqlayıb söndürmək olmaz. Yoxsa ocaq sahibinin acığına gələr, adama zərər toxundurar” kimi nümunələrdə odun sahibinin olmasına işarə vurulur. Hətta od xalq düşüncəsində o qədər müqəddəs hesab olunur ki, pak olmayanı yandırmadığı da iddia edilir. Ulularımız oda daha ali məfhum kimi yanaşıb, ondan çox şey diləyiblər. Deməli, dərd-azarımızı tökmək üçün üstündən atıldığımız od güc-qüdrət obyekti hesab olunduğundan bir ildə yığılan ağrı-acıdan qurtulmaqdan ötrü ona üz tuturuq.
Başqa bir nümunədə odun şeytanın qız övladı olması qeyd olunur. Deyilir ki, kəpənək şeytanın qızı oda aşiq olur. Şeytan kəpənəyin qarşısında şərt qoyur ki, çıraqdakı odu gətirsə, qızını ona verəcək. Kəpənək çıraqdan odu götürmək istəyərkən yanır. O gündən bütün kəpənəklər odun başına pərvanə kimi dolanırlar.
Mətndə od şeytanın hiylə aləti kimi təqdim olunsa da, onun toxunulmazlığı, istənilən formada davranmağın təhlükəli olduğu əksini tapır.
Ulusumuzda odun qüdrətinə inam o dərəcədə güclüdür ki, Novruz bayramında hətta yataq xəstələri belə yaxınlarının köməyi ilə azı üç dəfə tonqalın üstündən keçirilir. Həmin şəxsin tezliklə şəfa tapacağına əminlik ifadə olunur. Ahıl insanlar böyük tonqaldan atıla bilmədiyi üçün ocaqdan götürülən və aralıda qoyulan odun üzərindən addımlayaraq keçirlər. Bu da od kultuna inamın yaşlı nəsildə daha güclü olmasının göstəricisidir.
Xalqın düşüncəsində xüsusilə Novruz ərəfəsində suya münasibətdə də mühüm məqamlar ortaya çıxır. Bəllidir ki, su yaradılışın əsaslarından biri olmaqla, insan orqanizminin böyük bir hissəsini təşkil edir. Əski çağlardan insanlarda suya sakral yanaşma müşahidə olunur. Məsələn, bir nümunədə deyilir ki, sübh vaxtı, axşam çağı suyun başına gedəndə salam vermək lazımdı. Suda Qarı nənə adlı bir şəxs yaşayır. Əgər ona salam verməsən, acığı tutar, sənə xətər toxundurar. Görünür, burada suya sayğı ilə yanaşılması məqsədilə əcdadlarımız bu vasitəyə əl atmışlar.
Daha bir nümunə: “Yaycıda (Culfa rayonu - F.Y.) münəccimlər deyirlər ki, sizin qarğıdalıları qara qarğalar dağıdacaq. Bunun bir yolu var: dağdan Nuhun çeşməsindən su gətirmək lazımdır. Onu qarğıdalılara səpin, heç nə olmaz. Suyu gətirib səpirlər, heç nə olmur”. Bu örnəkdə isə suyun həm də qoruyucu funksiyası vurğulanır.
Qorqud atanın çoxsaylı xoş diləkləri arasında “Qamən axan görklü suyun qurumasın” alqışı suyun insan həyatında önəmini ortaya qoyur. El arasında belə bir deyim var: “Qanı qanla yumazlar, qanı su ilə yuyarlar”. Bu deyim ilk növbədə barışığa çağırış mahiyyəti daşısa da, suyun təmizləmə xüsusiyyəti ikinci qatda ifadə olunur. Burada söhbət həm də mənəvi təmizlikdən gedir. El-obalarımızda Novruz bayramında və bu ərəfədə axar suyun böyük qüdrətə sahib olması düşüncəsi hakimdir. Necə ki, atalarımız deyib: “Yazda gələn ilk selin qabağından kim su doldurub içsə, hər dərdi sağalar”, “Suya salam verməsən, sənə qarğış eləyər”, “Suyu hədər yerə qaynatmaq günahdır, su adama nalə edər” və s.
İnanca görə, “Novruzda süzülən plovun suyunu ağacların dibinə tökərlər, neçə il bar verməyən ağac bar verər. Həmin sudan bir stəkan götürüb, şər qarışan vaxtı həyət qapısından küçəyə atar, qapının dalında pusarlar. Əgər küçədən oğlan keçsə, niyyət qəbul olunar, qız keçsə isə yox”. Örnəkdən də göründüyü kimi, bayram aşının hətta bar-bəhərə səbəb olmaq gücü var.
Daha maraqlı məqam isə bu deyimdədir: “Novruz günü kim gecə arxın başına gedib su dayanan vaxt nə diləsə hasil olar”. Belə məlum olur ki, Novruz bayramında, il təhvil olarkən ağacların bir anlıq başını torpağa əyməsi ilə yanaşı, suyun dayanmasına da inam olub. İnanclarda kök salan bu məqamla əlaqədar onu deyə bilərik ki, Novruz elə bir məfhumdur ki, ağaclar belə yeni “oyanan” torpağa baş əyir, sanki minnətdarlıq edir. Hətta axar su dayanır...
Ocağımız həmişə odlu-közlü, suyumuz axar-baxarlı olsun!

Fariz Yunisli







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar