Azərbaycanın ən qədim yaşayış məskənlərindən, tarix və mədəniyyət abidələri ilə zəngin olan bölgələrindən biri də Qazax rayonudur. Tarixi eradan əvvəl III minilliyə söykənən Baba-Dərviş, eramızdan əvvəl II və I minilliyə aid edilən Sarıtəpə, eradan əvvəl VIII-VI əsrlərə aid Qazaxtəpə və s. arxeoloji abidələr, Damcılı bulağı kimi nadir təbiət möcüzələri bu rayonun ərazisindədir.

Bütün bunlarla yanaşı Qazax memarlıq abidələri ilə də çox zəngindir. Tağbənd aşırımının böyüklüyünə görə Azərbaycanda analoqu olmayan Qırmızı körpü, təqribən 5 min il yaşı olan siklopik qalalar, orta yüzilliklərə aid qəbirüstü türbələr, məscidlər və s. rayondakı tarix və mədəniyyət abidələrinin zənginliyindən xəbər verir. Belə abidələr sırasında Avey dağında yerləşən alban məbədinin xüsusi yeri var.
Avey Daş Salahlı kəndindən 12 km aralıda - Gürcüstan ilə Qazax rayonu arasında yerləşən Kiçik Qafqaz dağ silsiləsinə aiddir. Bu dağda məbəddən başqa çoxsaylı süni mağaralar da var. Ərazidə “Avey” Qazax Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.
Araşdırmalar göstərir ki, burada hələ eradan əvvəlki minilliklərdə insanlar məskən salmış və uzun müddət oturaq həyat tərzi keçirmişlər. Onu da xatırladaq ki, Aveydəki maddi mədəniyyət abidələri ilə Keşikçidağdakı abidələr arasında bir sənət bağlılığı hiss olunur. Təbii-coğrafi şəraiti və qədim insan məskənləri göstərir ki, hələ xristianlıqdan öncə bu ərazilər aya-günəşə sitayiş edənlər üçün müqəddəs yer olmuş və onların burada məbədləri ucaldılmışdır. Zəmanəmizə qədər gəlib çatmış alban məbədinin də belə ziyarətgahlardan birinin özülü üzərində ucaldılması şübhəsizdir. Belə məbədlərin bənzəri indiki Ermənistan və Gürcüstan ərazilərində də qalmışdır.
Məbəd pardaxlanmış iri qaya parçalarının son dərəcə yüksək səviyyədə cilalanmış daşları ilə inşa edilmişdir. Hörgüdə yapışdırıcı maddə kimi gəc, əhəng və çox güman ki, yumurta məhlulu qarışığından istifadə edilmişdir. Məbəd həcm baxımından böyük olmasa da, divarına hörülmüş iri daşlar onu əzəmətli və monumental göstərir. Bu da memarın yüksək istedad və sənətkarlığından irəli gəlir. Bununla yanaşı, memar məbədin yarımdairəvi portalının kənarlarını və karniz hissəsini yüngül relyefli xətlərlə çox incə şəkilli haşiyələndirməklə bir daha öz bacarığını nümayiş etdirmişdir.
Portal tağbənd olsa da, onun keçid hissəsi düzbucaqlı şəkildə həll edilib və hündürlüyü nisbətən az götürülmüşdür. Bu da ibadətə gələnlərin baş əyərək məbədə daxil olması üçün idi. Məbədin dam örtüyü də divarlarında işlənmiş daşlarla yamaclı formada bağlanmış və onun mərkəzində baraban ucaldılmışdır. İnteryerin işıqlandırılması üçün barabanın yan tərəflərindən bir neçə yarıq şəkilli pəncərələr qoyulmuşdur. Barabanın özü isə yuxarıdan günbəzlə tamamlanmışdır. Çox güman ki, burada da qanadlı xaç olmuşdur. Məbədin fasadı kimi ümumi interyeri də bədii memarlıq və konstruksiya baxımdan çox yüksək səviyyədə işlənilmişdir. Günbəzvari tavan dörd tağbənd üzərinə oturdulub. Konstruksiyalar qərinə və əsrlərlə davam edən təbii və sini dağıntılara dayana bilib.
Yazılı mənbələrdə məbədin ilk inşaat tarixi IV-V əsrlərə aid edilir. Bu tarix onun memarlıq həlli və inşaat üsulu ilə öz təsdiqini tapır və hətta demək olar ki, o tarixdən də qədimə gedir. Çünki bu məbəddə minbərin sonradan əlavə edilməsi hiss olunur.
Yeri gəlmişkən, onu da xatırladım ki, Gürcüstanın qədim paytaxtı olmuş Mesxetiya şəhəri yaxınlığındakı uca dağın zirvəsində də eyni ilə belə bir məbəd var. Gürcü mütəxəssisləri onu xristianlıqdan öncəki tarixlə əlaqələndirir və sonradan xristian məbədi kimi rekonstruksiya olunduğunu qeyd edirlər. Görünür, Avey dağındakı alban məbədi də belə bir tarixi prosesi yaşamışdır. Bütün bunlarla yanaşı, məbədin özündə və ətraf ərazilərində yerləşən memarlıq və arxeoloji abidələr üzərində fundamental şəkildə tədqiqat işlərini təxirə salmadan aparılması çox vacibdir. Bununla bərabər, həm məbəd və həm də ətraf ərazilərdəki abidələrin pasportlaşdırılması və onlar haqqında nəşrlərin, bukletlərin hazırlanması da zəruri məsələlərdəndir. Abidəyə doğru gedən yolların və ərazilərin də abadlaşdırılması bu tarixi məkana daha çox turist cəlb etməyə zəmin yaradar.

Rizvan Qarabağlı,
AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar