Naxçıvan Muxtar Respublikasında xalqımızın qədim mədəniyyətinin, qəhrəmanlıq və mübarizə tarixinin izlərini özündə yaşadan qala və istehkamların bərpasına xüsusi diqqət yetirilir. Muxtar respublika Ali Məclisi sədrinin 2014-cü il 11 fevral tarixli sərəncamına əsasən Əlincəqala tarixi abidəsində bərpa işləri aparılır.

İyulun 17-də Ali Məclisin sədri Vasif Talıbov burada həyata keçirilən işlərlə tanış olub.
Bildirilib ki, qalanın zirvəsinə yol çəkilib, gediş-gəliş xeyli asanlaşıb. Buradakı qədim yaşayış evləri, təsərrüfat binaları, qala divarları, mühafizə yerləri, səngər və bürclər, su hovuzları tədqiq olunub, onların forması müəyyənləşdirilib və tarixi görkəmi saxlanılaraq bərpa edilib. İnşaat texnikası və planlaşma-məkan quruluşuna görə Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Hazırda qala divarlarındakı bürclərdə və zirvəyə gedən yol boyunca işıqlandırma sistemləri quraşdırılır.
Bərpa işləri ilə tanışlıqdan sonra Ali Məclisin sədri burada çalışan inşaatçılarla görüşüb, onları Ramazan bayramı münasibətilə təbrik edərək deyib: “Hər bir yerin qədimliyi, tarixi, mədəniyyəti onun abidələrində yaşayır. Əlincəqala tarixi abidəsində Azərbaycan tarixinin şanlı səhifələri yazılmışdır. Bu qala Naxçıvanın əyilməzlik simvoludur. Ona görə də Əlincəqalada bərpa işlərinin aparılması xalqımızın çoxəsrlik mədəni irsinin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir. Digər bir tərəfdən bu işlərin aparılması tarixi-mədəni irsimizin gələcək nəsillərə çatdırılmasına xidmət edir”.
Ali Məclisin sədri "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyinin tikintisi ilə də maraqlanıb. Əlincə dağının ətəyində inşa olunan binada əsas tikinti işləri başa çatdırılıb. İş otaqları və ekspozisiya zalından ibarət olacaq bina qalanın tarixi görkəmi ilə ahənglik təşkil edəcək. Muzeydə Əlincəqalada təmir-bərpa işləri zamanı aşkarlanan və vaxtilə burada yaşayan sakinlərin həyat tərzini əks etdirən məişət əşyaları, qədim silah nümunələri nümayiş olunacaq. Həmçinin burada eksponatlarla yanaşı, qalada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzet və jurnal materialları da toplanacaq.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar