Azərbaycan xalqı dünyanın zəngin mədəni irs yaratmış xalqları sırasında layiqli yer tutur. Bu zəngin mirasın mühafizəsi və istifadəsi dövlətin mədəniyyət siyasətinin əsas istiqamətlərindən biridir.

Son on ildə ölkəmizdə mədəni irsin qorunması istiqamətində bir sıra islahatlar aparılıb. Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlar, təsdiq olunan dövlət proqramları mədəni irsin qorunub saxlanılması, tarix-mədəniyyət abidələrinin öyrənilməsi və mühafizəsi ilə bağlı işlərə təkan verib. 27 dekabr 2013-cü il tarixdə təsdiq edilən “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” bu sahədə mühüm fəaliyyət sənədidir.
Tarixi-mədəni irsin qorunması ilə yanaşı, onun təmir-bərpası da mühüm əhəmiyyət kəsb edir. Çünki tarixi abidələrdə aparılan təmir-bərpa işləri müvafiq elmi qurumların və mütəxəssislərin iştirakı ilə həyata keçirilməlidir. Eyni zamanda bu sahədə xarici təcrübənin də öyrənilməsi və tətbiqi önəmlidir. Ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən Qobustan Milli Tarixi-Bədii Qoruğunun ərazisində genişmiqyaslı abadlıq işləri aparılıb, müasir texnologiyalarla təchiz edilmiş ekspozisiya zalları istifadəyə verilib. “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda qazıntı və elmi tədqiqat işləri aparılıb, geniş abadıq işləri görülüb, müxtəlif tədbirlərin təşkili, turistlərin istirahəti üçün yüksək şərait yaradılıb.
Dövlət başçısının 18 dekabr 2014-cü il tarixli fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılması bu istiqamətdə sistemli fəaliyyətin həyata keçirilməsinə zəmin yaradıb. Bu sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edən Dövlət Xidməti mədəni irsin qorunmasını və inkişafını təmin edir və mədəni irsin qorunmasına dövlət nəzarətini həyata keçirir.
Dövlət Xidməti eyni zamanda dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) bərpasına, rekonstruksiyasına, konservasiyasına, yenidən qurulmasına, texniki təchizat vasitələrinin yeniləşdirilməsinə, cari və əsaslı təmir-bərpa işlərinin layihələndirilməsinə nəzarəti həyata keçirir. Daşınmaz tarix və mədəniyyət obyektlərində aparılan abadlıq, inşaat, təmir, bərpa, rekonstruksiya, konservasiya və yenidənqurma işlərinin layihələrinə də Dövlət Xidməti tərəfindən AMEA-nın rəyi nəzərə alınmaqla razılıq verilir və işlərin gedişinə nəzarət olunur.
Ümumiyyətlə, mədəni irsin qorunması və bərpası istiqamətində 10 il ərzində ölkə ərazisində onlarla memarlıq abidəsində bərpa-konservasiya, tarixi ərazilərdə isə elmi tədqiqat və arxeoloji qazıntı işləri aparılıb. Şəkidə «Aşağı Karvansaray», «Şəkixanovların evi», Qubanın Xınalıq kəndində “Əbu-Müslüm” və “Xıdır Nəbi” məscidləri, Naxçıvan şəhərində «Möminə Xatun», Şərur rayonunda «Qudi-Xatun» türbələri, Culfa rayonunda «Xanəgah» memarlıq kompleksi, Babək rayonunda «Əshabi-Kəhf» ziyarətgahı, Qusarda «Şeyx Cüneyd» türbəsi, Qax rayonunda «Kürmük» məbədi, «Sumuqqala» abidəsi, Gəncədə Nizaminin məqbərəsi, Lənkəranda «Lənkəran xanının evi» (hazırda tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir), Hacıqabul rayonunda «Pir Hüseyn» xanəgahı və digər tarixi-memarlıq abidələrində bərpa-konservasiya işləri həyata keçirilib. Bəzi tarixi tikililərdə isə təmir-bərpa işləri davam etdirilir, layihələndirmə işləri aparılır.
Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda 100-ə qədər abidə-evin qəzalı vəziyyətdə olan dam örtükləri yenilənib. Qazax rayonunda yerləşən “Sınıq körpü” abidəsinin bərpası məqsədilə Azərbaycan-Gürcüstan müştərək işçi qrupu yaradılıb.
Hər il ölkəmizdə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü geniş şəkildə qeyd olunur. 2013-cü ildən etibarən bu əlamətdar gündə nazirlik tərəfindən təsis edilmiş “Milli irs mükafatı”nın təqdimetmə mərasimi, regionlarda “İrs günləri” layihəsi həyata keçirilir.
Mədəni irsə aid nəşrlər də bu sahədə görülən işlərin mənzərəsini dolğun şəkildə əks etdirir. 2013-cü ildən həyata keçirilən “İrs” silsilə layihəsi çərçivəsində yüksək poliqrafiya nümunəsi olan “Qobustan - minilliklər kitabı”, “Məftun edən şəhər”, “Təbrizin sehrli nağılları” və “Bakı simfoniyası” kitabları nəşr olunub. Ümummilli liderin 90 illiyinə həsr edilən “Heydər Əliyev və mədəni irsimiz”, eləcə də “Qarabağ - irsimizin əbədi yaddaşı”, “Azərbaycan qayaüstü incəsənəti”, “Qobustan Tunc dövründə” kimi qiymətli nəşrlər işıq üzü görüb.
Nazirlik tərəfindən “Keşikçidağ” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarixi abidələr haqqında “Qədim yurdun daş kitabəsi”, Qobustan və Qala qoruqlarına həsr olunmuş “...İzin qala” adlı sənədli filmlər lentə alınıb.

Fariz







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar