Tarixi irs, dil və mədəni dəyərlərini necə yaşadırlar?

Tarix boyu ata-baba yurdlarından bir neçə dəfə uzaq düşən Krım tatarları buna rəğmən toplum olaraq öz tarixini, mədəni irsini, adət-ənənəsini, dilini qoruyub saxlayıb. 1783-cü ildə ilk dəfə karvanlar halında Osmanlı dövləti torpaqlarına köç edən bu xalqın Türkiyəyə yayılması bir neçə istiqamətdə olub: Ankara, Əskişəhər, Adana, Ədirnə. Türkiyədə bəzi kəndlər də onlar tərəfindən qurulub və bu kəndlərin adında bu gün də Krım türklərinin qoyduqları adlar yaşadılmaqdadır.

Öz milli-mənəvi dəyərlərini qoruyub-saxlamaq, gələcək nəsillərə ötürmək üçün Krım tatarları müxtəlif dərnək və qurumlar yaradıblar. Bunlardan biri də Ankarada fəaliyyət göstərən Türkiyə Krım Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyidir.
Dərnəyin rəhbəri Tuncer Kalkay bizimlə söhbətində fəaliyyətlərindən bəhs etdi.
Onun sözlərinə görə, dərnəyi qurmaqda başlıca məqsədləri öz tarixlərini yaşatmaqdır. Dərnəyin təşəbbüsü ilə elmi konfranslar da keçirilir: “Məsələn, fevral ayında bir sıra elm adamlarının iştirakı ilə Krımın Rusiya tərəfindən işğal edilməsinin ikinci ildönümünə həsr edilən konfrans keçirdik. Konfransda Krımın keçmişindən, bu günündən bəhs edildi. Tədbir çərçivəsində həmçinin TRT müxbirinin Krımın tarixinə, mədəniyyətinə həsr edilən sənədli filmi nümayiş etdirildi. Eyni zamanda “Böyük savaşın qurbanı Krım” adlı kitabın təqdimat mərasimi də baş tutdu və böyük marağa səbəb oldu”.
Bəs Türkiyədə yaşayan Krım tatarları hansı dildə danışırlar? Dərnək rəhbəri deyir ki, Krım tatarlarının ana dili olaraq danışdıqları ləhcə türk dilidir, amma onu öz aralarında “Krım tatarcası” adlandırırlar: “Krım tatarcası üç şivəyə ayrılır: Krımın cənub sahilindən gələnlər Yalıboyu şivəsi, Bağçasaray ətrafında tat şivəsi, düzənlik bölgələrdən (steplərdən) gələnlər isə çöl şivəsini istifadə edirlər. Türkiyədəki Krım tatarlarının böyük bir bölümü “çöl şivəsi”ndə danışır.
Söhbət əsnasında o da bəlli oldu ki, dərnəkdə xalq oyunları və musiqi qrupları da fəaliyyət göstərir. Krım tatarları burada verilən sənət dərsləri vasitəsilə öz adət-ənənələrini yaşadırlar. “Ciyin” adlı ansamblın tərkibində həm böyüklər, həm də kiçikyaşlılar fəaliyyət göstərir. Əslən Krımdan olan Meryem Kadırova, Gökçe Küçükbakar adlı rəqs müəllimləri onlara xalq rəqslərinin sirlərini öyrədirlər.
Qeyd edək ki, Ankarada yaşayan Krım tatarlarının mədəni fəaliyyəti sadəcə dərnək çərçivəsində məhdudlaşmır. Onlar öz incəsənət nümunələrini şəhərdə keçirilən tədbirlərdə, xüsusilə də Ramazan ayı tədbirlərində nümayiş etdirirlər.
Məsələn, Ankaranın Keçiörən bələdiyyəsinin bu il 6-cı dəfə düzənlədiyi beynəlxalq Ramazan şöləni çərçivəsində dərnəyin dəstəyi ilə “Krım gecəsi” təşkil edilib, həmçinin “Krım evi”nin açılışı keçirilib.
Tuncer Kalkay deyir: “Həmin tədbir bizim üçün böyük əhəmiyyət kəsb edirdi. Çünki “Krım evi”nin açılması ilə özümüzü anlatmaq, təqdim etmək, yaşatmaq imkanı da tapırıq. Ramazan ayı tədbirlərinə Türkiyədə böyük maraq göstərildiyini nəzərə alsaq biz də öz növbəmizdə sənət nümunələrimiz, fotolarımız ilə həm Krımı tanıdır, həm də Krım ilə bağlı daha geniş məlumatlar veririk. Bununla birlikdə xalq oyunları, şeirlərimiz, mahnılarımızı nümayiş etdiririk. Gənclərdən ibarət ansamblımızın ifasında Krıma xas olan “Ağır hava”, “Bağçasaray qaytarması”, “Timtim”, “Çoban”, “Nazlı” kimi rəqslərimiz tamaşaçıların marağına səbəb olur. Uşaq xalq oyunları qrupumuzun “Balalar dünyası” oyunu da maraqla qarşılanır. Ankarada yaşayan Rümeysa Ay adlı müğənnimizin canlı ifası da hər zaman tamaşaçı rəğbəti doğurur”.
Ankara daxil olmaqla Türkiyənin müxtəlif bölgələrində yaşayan Krım tatarlarının mədəni irsi rəngarəngliyi ilə seçilir. Bu mövzuda danışan dərnək üzvləri “Bizlər Krımdan sürgün edilərək Türkiyənin müxtəlif vilayətlərinə yerləşmişik. Amma burda yaşayan hər bir krımlı ailəsini öz mədəniyyətini, dilini, dinini itirmədən yaşadır. Hazırladığımız Krım əl sənəti nümunələrinin həm sərgisini keçirir, həm də satırıq”, - deyə bildirirlər.
Onu da qeyd edək ki, bu sənət nümunələrinin bəzilərinin üzərində tarixi Krım-tatar bayrağı əks olunan çanta, qolbaq, saat kimi əşyalara da rast gəlmək olurdu. Eyni zamanda öz milli mətbəx nümunələrini də qoruyub saxlayan krımlılar bayramlarda, tədbirlərdə bir araya gəldikdə bu nümunələri təqdim edirlər. Bir sözlə, öz tarixi yurdlarından uzaqda olsalar da, doğma bir mühitdə adətlərini, dillərini, mədəniyyətlərini yaşadırlar.

Mehparə Sultanova
Ankara







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar