Son illər küçə və şəhər adlarının dəyişdirilməsinə alışmışıq. Deyəsən, bu təcrübəni ədəbiyyat sahəsində də tətbiq edənlər tapılır. Abşeronda yaranmış meyxananı Bədihə və ya Bədiyə adlandırmaq istəyirlər. Meyxananı ona görə bəyənmirlər ki, guya bu söz adamın yadına şərabı salır, fikrini dərhal şərab içilən yerə yönəldir. Əlbəttə, meyxana janrı meyxanələrdə formalaşıb. Bu barədə az sonra. Bədihə termininə gəlincə, deməliyik ki, bu çox geniş anlayışdır. Bədihə üslubu əsasən poeziyada işlənilir. Mənbələrdə qeyd olunur ki, Məshəti Gəncəvi, Pirbudaq (XV), Seyid Əzim Şirvani kimi şairlər verilən sual və replikalara 2-4 misra ilə cavab veriblər. Aşıq poeziyasında da deyişmə mövcuddur. Azərbaycan ədəbiyyatında M.P.Vaqif və M.V.Vidadi, Səməd Vurğun və aşıq Şəmşir arasında deyişmələr (müşairələr) hamıya məlumdur. Rus folklorunda meydan və yarmarkalarda deyilən çastuşkalar bədahətən söylənilib, situasiyaya uyğun yaranıb. Bəzi rep və rok müsabiqələrində bir neçə dəqiqə ərzində verilən mövzuya uyğun əsər yaratmaq tələb olunur. Çəkdiyimiz misallar ekspromt adlanır. Bunun da dilimizdəki qarşılığı bədihədir. Meyxana janrı bədihəyə aiddir. Meyxana isə bu üslubun bir növüdür. Meyxana termininə gəlincə isə... Hər bir şeydə yarandığı yerlə bağlılığın olması təbiidir. Məsələn, Pitsanı ilk dəfə İtaliyanın Piza şəhərində bişiriblər. Onu romalılar da, bakılılar da həvəslə bişirir və yeyirlər. Amma bu piroqun adını dəyişmək haqqında heç kim düşünmür. İlk dəfə Kafa şəhərində rast gəlinən paxlalı bitki bu şəhərin adı ilə kofe, kafe, qəhvə adlandırılıb. Meyxana janrı meyxanədə təşəkkül tapıb. Nəzərə almalıyıq ki, bütün Şərqdə, həmçinin Azərbaycanda XX əsrin 30-cu illərinə qədər meyxanələr şəhər ictimai həyatında mühüm rol oynayıb. Bura yalnız şərab içilən yer yox, həm də əyləncə mərkəzi olub. Təsadüfi deyil ki, klassik Şərq poeziyasında mey, badə, saqi, məst və s. sözlər simvolik məna daşıyır. Meydan sözünün etimologiyası da şərab qabına gedib çıxır. Müqayisə üçün qənddan - qəndqabı, çaydan - çayqabı diqqət etsək, inandırıcı görünər. Bu gün meyxana meyxanələrdə yox, daha geniş ictimai məkanda yaranır. Onun adını dəyişmək bizə nə verər? Meyxananın vəznə, qafiyəyə olan tələbləri hələ də dəyişməz qalıb. Yalnız son 20 - 30 ildə meyxanaçıları müşayiət edən nağaraya digər musiqi alətləri də əlavə olunub. Bu sənətin tanınmış nümayəndələri olan Hacı Kazım, Atababa Hicri, Ağahüseyn Əfsun, Ağasəlim Çildağ və b. özlərini meyxanaçı adlandırıblar. Bu gün bizə bədihə xoş gəlirsə, 50 ildən sonra gələn nəsil onun ərəb sözü olduğunu əsas tutaraq janrı "Tezdeyək" adlandıracaq. Bu da nəsillər arasındakı əlaqənin qırılmasına gətirib çıxara bilər. Müasir Azərbaycan dilində meyxana sözünün ikinci mənası şərab içilən yeri üstələyir. Elə isə meyxananın nəyindən qorxuruq? İngiltərəni pablarsız təsəvvür etmək mümkün deyil. pab pivə satılan kafeyə deyilir. Bura futbol azarkeşlərinin yığışdığı bir yerdir. Ancaq heç kəs ingilisləri içki düşkünü kimi qəbul etmir. Almanlar və çexlər pivə içməkdə daha öndədirlər. Araq və çaxıra gəlincə isə ruslar və macarlar üstünlüyü əldən vermir. Maraqlıdır: niyə sadalanan xalqlarda içki adı ilə bağlı poeziya yoxdur. Nədən qorxuruq? Məgər möminlərə cənnətdə şərab vəd olunmayıb? Mətanət Tağıyeva, filologiya elmləri namizədi Yazı "Mədəniyyət" qəzetinin "Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi" müsabiqəsinə təqdim olunur.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar