Öncə bu yazımızın qəhrəmanlarının ata-anası ilə tanış olun:
Uran  Seyidmusa oğlu Seyidov  Q.Qarayev adına Dövlət Kamera Orkestrinin Azərbaycan Dövlət Simli Orkestrinin rəhbəri və konsertmeysteri. 2005-ci ildə Azərbaycan Respublikasının xalq artisti  adına layiq görülüb.
Samirə  Rafiq qızı Aşumova P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, Q.Qarayev adına Dövlət Kamera  Orkestrinin solisti, Ü.Hacıbəyov adına Musiqi Akademiyasının professoru. İtaliyada keçirilmiş beynəlxalq müsabiqənin laureatı, 1991-ci ildə əməkdar artist adına layiq görülüb.


Bu ailə ocağında iki övlad doğulub - biri  oğlan, biri qız. Gözlərini dünyaya açandan  musiqi səsi eşidiblər. Ataları skripkada çalıb, anaları fortepianoda. Aralarında iki il fərq olan bu uşaqların hər ikisi beş yaşından Bülbül adına Orta  İxtisas Musiqi Məktəbinin skripka bölməsinə yazılıb.


Samirə xanımın
dediklərindən:


- Asəf Zeynallı adına Musiqi Məktəbində fortepianodan dərs deyən anamın tələbələri tez-tez evimizə gələrdilər. Anam onlarla məşğul olanda mən də yanlarında olurdum. Onlar gedəndən sonra oturardım piano arxasında. Məni güclə ayırırdılar pianodan. Anam mətbəxdə xörək bişirəndə əlimə fürsət düşür, hərdən də soruşardım: "Ana, nə çalım?" Onun nə dediyini başa düşmürdüm. Amma 2-3 saat "çalırdım".


Ana tərəfimdə adlı-sanlı musiqiçilər olub. Xalq artistləri, -  muğam ustası Tələt Qasımov və zərb alətləri ustası Çingiz Mehdiyev anamın xalası oğlanlarıdı. Onların bir nümayəndəsi də mənəm.


- Samirə xanım,  həyat yoldaşınız da musiqiçi ailəsindəndir?


- Yox, onun valideynləri həkim olublar musiqiyə özünün həvəsi olub, valideynləri isə onun istəyinə mane olmayıblar.


- Necə  oldu ki, Uran müəllimlə ailə qurdunuz?


- Bu, deyərdim ki, taleyin qismətidir. Moskvada təhsilimi başa vurduqdan sonra İtaliyada keçirilən beynəlxalq fortepiano müsabiqəsində laureat adı almışdım. Sonra Q.Qarayev adına Kamera Orkestrində solist  kimi işə düzəldim. O zaman kollektivə xalq artisti Nazim Rzayev rəhbərlik edirdi.  Biz gündəlik məşqə gəlirdik. Uran da onda həmin orkestrdə skripka çalırdı. Burada tanış olduq, ailə qurduq. Taleyimizdən razıyıq. Uşaqlarımızın əldə etdiyi uğurlar, elə bilirəm ki, ailəmizdə olan mehribançılığın nəticəsidir.


- Samirə xanım, ilk övladınız dünyaya gəldi. Onu musiqiçi görmək istəyirdinizmi?


- Oğlum Anar 1993-cü ildə doğulub. Düzünü desəm, heç bu barədə fikirləşməmişdim. Amma illər ötdü, böyüdükcə musiqiyə meylini hiss etdik.  Beş yaşında olanda artıq  musiqiyə qulaq asmaqdan doymur, bir neçə mahnını əzbərləyib oxuyurdu. Anam onun musiqi duyumuna çox yüksək qiymət verirdi. Tez-tez mənə deyirdi ki, nəvəm yaxşı musiqiçi olacaq, onu musiqi məktəbinə qoyun. Açığı, Anarı musiqiçi görmək istəmirdim. Bu sənətin çətinliklərini bildiyim üçün belə düşünür, oğlumun  gərginlik keçirməyinə qıymırdım. Mən düşündüyüm kimi olmadı. Onun 6 yaşı olanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gətirdik. Atasının sənətini seçdi. Ən yüksək bal toplayaraq qəbul olundu.


Sonra qızım Ceyla dünyaya gəldi. O da qardaşı kimi atasının yolunu seçdi.  Amma demədi ki, atam kimi skripkaçı olmaq istəyirəm. Dedi ki, mən də qardaşım kimi skripkaçı olacağam.


- Samirə xanım, övladlarınızın hər ikisi adları "Qızıl kitab"a yazılmaqla Prezident təqaüdçüsüdür. Belə xoşbəxtlik  tək-tək ailələrə nəsib ola bilir. Bəlkə burada nə isə bir amil rol oynayıb.


- Nə deyim. Bəlkə də var. Qızım Ceyla Anardan iki yaş balacadır. Amma Ceyla ondan qabaq Prezident təqaüdünə layiq görülüb. Tez-tez deyirdi ki, "Baxarsan, mənim adım "Qızıl kitab"a yazılacaq.  Ona görə də gecə-gündüz çalışırdı. Çalışqanlıq əsas amildir.


- Samirə xanım, Ceylanın  2008-ci il uğurları barədə oxucularımızın məlumatı var. Bəs oğlunuz...


- Yaşının az olmasına baxmayaraq,  oğlum Anar təkcə respublikamızda deyil, artıq beynəlxalq miqyasda tanınır. 2007-ci ildə Dobreçedə (Bolqarıstan) keçirilən XII Beynəlxalq festival-müsabiqənin laureatı olmuş, medal və baş mükafata layiq görülmüşdür. 2008-ci ilin mayında Fransada, Belçikada və İsveçdə keçirilən konsertlərdə uğurla çıxış edib. Bütün bu uğurlarına görə 2008-ci ilin iyun ayında - adı "Qızıl kitab"a yazılmaqla, prezident təqaüdünə layiq görülüb.


- Hər iki övladınızın ayrı-ayrılıqda kifayət qədər uğurları olub, bəs ötən ilin dekabrında Bakıda keçirilən Rostropoviç adına II Beynəlxalq Musiqi festivalında onların  duet çalması kimin təşəbbüsü idi - özlərinin, ata ya analarının?


- Sadaladıqlarınızdan  heç kimin. Anam onlara çox deyirdi ki, sizin duetiniz çox yaxşı olar. Ceyla  razı idi. Amma Anar bu işə qol qoymurdu. Anam təkidli xahişlərdən sonra Anarı yola gətirdi və dediyiniz duet  alındı. Həmin festivalda dünyanın çox yerindən musiqiçilər var idi. Onların da deməyinə görə Ceyla və Anar "Karmen"i yüksək səviyyədə ifa etmişlər.

Samirə xanım  danışdıqca hiss edirdim ki, övladları ilə çox fəxr edir. Xalq  artisti  Uran böyüdüb boya-boşa çatdırdıqları bu istedadlı  cütlüyü  çox yüksək zirvələr gözləyir. İnanırıq ki, bu körpələrin sorağı dünyanın çox uzaq nöqtələrindən gələcək. O məkanlarda Azərbaycan musiqisi çağlayacaq!..

Fərahim Şükürov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar