Hər xalqın özünəməxsus mədəniyyət  ünvanlı müvafiq  mənəvi sərvətləri var.  Bu mənəvi sərvətlər insanların arzu və ideyalarının təsiri ilə formalaşmış və artıq ənənə halına gətirilmişdir.  Bu sırada Azərbaycanın ta qədimdən yol alıb gələn mədəniyyət tarixində,  dünyagörüşündə, həyat tərzində, dünyayla təmasında aşıq sənəti müstəsna rola malikdir. 

İndiyədək müxtəlif ölkələrdə tanınmış alimlər tərəfindən aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, səs insanlığın varlığı ilə birgə yaranmışdır.  İnsanların ilkin vərdişləri müvafiq hərəkət və səslərlə müşayiət olunmuşdur.  Bu da bir danılmaz sübutdur ki, müxtəlif səslərin sintezindən yaranmış  musiqi isə insanın ən böyük kəşflərindən biri olaraq qəbul edilmişdir.


Min illərdir ki, musiqi insanlar arasında həm də bir ünsiyyət vasitəsidir.  Məhz bu vasitə ilə musiqiçilərlə dinləyicilər arasındakı əlaqələr davam etməkdədir.  Həm gündəlik həyatda, həm də vaxtaşırı keçirilən el bayramlarında,  şənliklərdə musiqi ən münasib və əvəzedilməz ovqat yaradıcısına çevrilmişdir. 


Musiqinin aşıq sənətindəki rolu da danılmazdır.  O, ozan-aşıq sənətinin ayrılmaz bir tərkib hissəsi olaraq bu sənətdə məxsusi funksiyaya malikdir. 
Ozan-aşıq sənəti barədə.  Aşıq sənəti ozan sənətinin layiqli varisidir.  Məşhur musiqişünas alim və bəstəkar Əfrasiyab Bədəlbəylinin «Musiqi lüğəti» kitabında Ozan kimdir? - sualı belə cavablandırılır: Ən qədim Azərbaycan aşıqlarının daşıdıqları ad.   Ozan da aşıq kimi, xalqımızın professional nəğməkarı, çalğıçısı, şairi,  nağıldeyəni, lazım gəldiyi halda, həm də rəqs (xoreoqrafiya) sənətindən də istifadə edərək incəsənətin bir neçə növünün sintezini öz yaradıcılığında təcəssüm və nümayiş etdirən ustad olmuşdur.  Azəri xalqı özünün musiqi həyatında görkəmli yer tutan aşıqların sələfi olan ozanlara çox böyük hörmət bəsləmişdir…


Aşıq sənətinin qədim bir tarixi keçmişə sahib olmasını, aşıq-şair Molla Cümə hələ 20-ci əsrin əvvəllərində yazdığı  «Aşıqlıq» adlı qoşmasının ilk misrasında belə ifadə etmişdir :

Aşıqlıq Adəmdən icad olubdur,
Ol Adəm atanın nəvəsiyəm mən.
 

Xalq yazıçısı, akademik  Mirzə İbrahimov yazılarının birində aşıq barədə deyir: «Aşıq sözü həmişə ülvi, yüksək, müqəddəs məna ifadə etmişdir.  Ürəkdən sevən, sevgisinə bütün varlığı ilə sadiq qalan, sözü düz, ilqarı düz, qəlbi saf adamları xalq «aşıq» adlandırmışdır».


Tanınmış sənətşünas-alim, saz ifaçısı İlqar İmamverdiyevin  «Azərbaycan  və İran aşıq sənətinin qarşılıqlı əlaqələri» kitabında bu barədə yazılmışdır: Ulu ozanlar kimi ustad aşıqlar da xalq ədəbiyyatını, eləcə də xalq musiqisinin nəsildən-nəslə yaşadılmasında mühüm və xeyirxah xidmətlər  göstərən qeyri-adi simalar, nurlu şəxsiyyətlər, sənətkarlar olmuşlar.  Qopuz ozanlara, saz isə aşıqlara poetik incilər söyləyə bilməsində bir vasitə, ən böyük yardımçı sayılmışdır.  Bu alətlərdən  könül dostu, qəlb sirdaşı, ruh yoldaşı timsalında istifadə edilmişdir. 


Mötəbər elmi mənbələrin birində qeyd olunmuşdur ki,  qədim türklərdən olan Alplar dövrünü tərənnüm edən əsl sənətkarlar məhz ozanlar idi və ta hunlardan bəri ozanları, qopuzçuları olmayan heç bir  türk ordusu yox idi.…
Xalqın bütövlükdə həyatını əks etdirən aşıq sənəti,  aşıq yaradıcılığı öz çoxşaxəli cəhətləri ilə dünyada belə bənzərsizdir.  Bu bənzərsizlik ən əsası ona görədir ki, toplu halında olan bu sənətdə poeziya və incəsənətin bir neçə növü cəmlənmişdir :


1.  Şeir. 2. Dastan yaradıcılığı.  3. Şeirin, dastan və ya hansısa bir əhvalatın söylənilməsi.  4. Oxumaq.  5. Saz çalmaq.  6. Rəqs etmək.  7. Eyni vaxtda oxumaq və çalmaq.   8. Ansambl halında ifaçılıq.  9. Balabançı və aşıqlardan ibarət heyətin ifa boyunca müxtəlif istiqamətlərə hərəkəti.   10. Məclisin ruhuna uyğun olaraq, müvafiq ovqat yaratmaq və s.…


Bütün bu bir-birinə bağlı hissələrdən ibarət olan aşıq yaradıcılığının iki aparıcı qolunu təmsil edən oxu və çalğı ifaçılığının hər birindən indiki məqamda ayrıca danışılacaq.  Öz oxu ifaçılığı ilə təkcə Azərbaycanda deyil, Türkiyə, İran, Gürcüstan və Rusiyada belə tanınan əməkdar mədəniyyət işçisi Aşıq Səyyad Pənahov, eləcə də saz ifaçılığında öz dəst-xətti  ilə seçilən Zahid Aslanoğlunun ifalarında aşıq havalarına köklənəcəyik. 


Bəli, aşıqlar zaman-zaman əsasən el şənliklərində çalıb-çağırmış,  elatı saz-söz ovqatına kökləmişlər.  Aşıq təkcə şənlik ifadəçisi qismində yox, həm də zamandan xəbər verən bilgi ünvanı kimi qəbul olunardı. 
Xalqımız bir sıra xüsusiyyətlərinə görə aşıqlara «Xalq aşığı», «Haqq aşığı» kimi ifadələrlə qiymət vermişlər. Aşıq sənətinin müdrikliyi, müqəddəsliyindəndir ki, bu sənət barəsində dillərdə xeyli sayda atalar sözü və zərb-məsəllər  dolaşmaqdadır :
Aşıq gördüyünü çağırar;  Aşıq el anasıdır; Aşığın səsi - haqqın səsi; Aşığı ilqarda - dostu darda sınarlar; Ustadına kəm baxanın gözlərinə qan damar və s. 


Saz dədələrdən əmanət bir dədə rübabı, dədə incisidir.  Dədə Qorqud qopuzu həm şücaət, həm də məhəbbət simvolu olmaqla,  bütövlükdə vətən ismarışlı bir  könül həmdəmi olub.  Hələ Şah İsmayılın möhtəşəm dövlət sarayında sazın ucada tutulduğu bir tarixi həqiqətdir. 
Musiqi sənətinin incəliklərinə bələd olanlar bilirlər ki, Azərbaycan incəsənətinin iki müqəddəs sütunu min illərdir ki, dünyanı heyrətə gətirməkdədir.  Muğam və aşıq sənəti.  Onların bir-birilə bağlı  oxşar  cəhətləri öz xarakterik məqamları ilə seçilməkdədir. 
Belə ki, hər birinin qədim keçmişi var.  Hər biri yazılı bir mənbə  not olmadan  yaddaşlarda qalmışdır.  Hər biri yığcam ölçüyə, musiqi həcminə  malikdir.  Bəlli sayda muğamların və saz havalarının hər birinin özünəməxsus coğrafi ərazisi var.  Hər biri özəllikləri ilə incəsənət tariximizdə şanlı yerlər tutur,  qoşa zirvə olaraq yaşamaqdadır.  
Ulu ozan Miskin Abdalın istedadı,  fəhmi bu günün özündə də bizlərə bir  yurd sevgisi aşılamırmı? Döyüşlərdə qılınc - qalxan şaqqıldayanda,  sazın da öz məqamı olub axı. 


Bax, beləcə türk kökənli duyğularımızın incə ifadəçisidir aşıq havalarımız.  Onu tərənnüm və təcəssüm etdirən isə bir yandan oxu,  digər tərəfdən də saz ifaçılığıdır.  Hər bir xalqa mənsub olan xalq çalğı alətlərinin varlığı həmin məkandakı insanların yaşayış tarixləri ilə üst-üstə düşür. 


Türkdilli xalqlara məxsus olan qopuz-sazın qədim tarixi keçmişi var.  Bir sıra yazılı mənbələrdə göstərilir: İgidlərdən biri ovdan qayıdanda uzaqdan gələn bir gözəl səsi eşidir.  O, səs gələn tərəfə gedəndə görür ki, bu səs  bir at kəlləsinin skeletindən çıxır.  Demə, o skeletə atın quyruğundan bir tük - qıl ilişib yapışıbmış.  Həmin tük - qıl külək əsəndə titrəyib səslər çıxarırmış.  İgid kəlləni yerdən götürüb,  barmaqla toxunanda ondan müxtəlif səslər çıxmağa başlayır.  O, bundan xoşlanır və sonradan üzərində işləyərək onu bir musiqi aləti halına gətirir. 
Başqa bir ehtimal da mövcuddur.  İlk dəfə dünyada məhz türklər özləri düzəltdikləri ox və yaydan ibarət döyüş aləti əsasında, sonralar yayla çalınan ilk telli musiqi alətini - telli sazı da ortaya çıxarıblar. 
Kifayət edəsi qədərdir bu ehtimallar.   Onların bir çoxu artıq elmi dəlillərlə də sübuta yetirilmişdir. 

 
Tədqiqatçı, sənətşünas-alim, saz ifaçısı, hazırda Türkiyədə Qaziəntəp Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında çalışan İlqar İmamverdiyevin məlum sahədə mükəmməl araşdırmaları var. 
Sazda bir Tanrı vergisi, bəndə sevgisi var.  Saz incə sənətdir - saz inci sənətdir.  Enib qalxan o pərdələrdə bir  aşiq məhəbbəti, bir aşıq məharəti var.  Gah nərə çəkir, gah da layla çalır saz.  Orda «Koroğlu nərəsi»,  «Kərəmi» naləsi var. «Gözəlləməsi» olan sazın «Dilqəmi»ləşməyi də var, «Cəngi»ləşməyi də.  
Saz musiqisi ərənlərin himni kimi yurdun başı üstündə səslənib. Cəsarət var, mərhəmət var sazda. 


Saz,  elə adı kimi saz alətdir.  Sanki   insandakı bütün əzabların,  nasazlıqların şəfası üçün ilahidən göndərilmiş, saz əhval-ruhiyyə yaradıcısıdır saz. 
Xalq şairi Sabir Rüstəmxanlının «Ömür kitabı»ndan oxuyuruq: -  «Saz» Azərbaycan ruhunun musiqiyə köçmüş şəklidir.  Yaranışdan bəri bütün mübarizə və qəhrəmanlıq yoldaşıdır.   Sazın övladıdır - «Yanıq Kərəmi» də,  «Cəngi» də.  Ən kədərli havamız da, döyüş himnimiz də». 

Etibar Nadiroğlu

P.S.  Yazı «Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi» müsabiqəsinə təqdim olunur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar