Bakıdakı 35 saylı onbirillik Musiqi Məktəbinin istedadlı uşaqları Respublikamızda, həmçinin beynəlxalq müsabiqə və festivallarda hər il uğurlu nəticələr əldə edirlər. Məktəbin rəhbərliyi, təcrübəli pedaqoji kollektivi uşaqların musiqi təhsilinin keyfiyyətinin yüksəldilməsi üçün ciddi səy göstərir, gərgin yaradıcılıq axtarışları aparır. Müsahibimiz məktəbin direktoru, respublikanın əməkdar müəllimi Yusif Vəliyev bu barədə suallarımıza cavab verir.
  
   - Əvvəlcə, rəhbərlik etdiyiniz məktəb barədə oxucularımıza qısa məlumat...
   - Məktəbdə 4 şöbə - fortepiano, xalq çalğı alətləri, simli və nəfəsli alətlər, nəzəriyyə şöbələri fəaliyyət göstərir. Bu şöbələrdə 21 ixtisas üzrə 375 nəfər şagird təhsil alır. Musiqi təhsili ilə 80 nəfər müəllim məşğul olur. Onlardan dördü professor, biri dosent, bir nəfəri isə baş müəllimdir.
   Məktəbdə istedadlı uşaqlar çoxdur. Respublikamızda, həmçinin beynəlxalq müsabiqə və festivallarda qazanılan sevindirici nəticələr bunu bir daha sübut edir. Uşaqların musiqi təhsilinin yüksək səviyyədə qurulmasında musiqinin dərindən öyrənilməsində respublikanın əməkdar müəllimi, Bakı Musiqi Akademiyasının dosenti Siala Sinamdzqvarişvili, Bakı Musiqi Akademiyasının professoru Oqtay Abbasquliyev, Azərbaycan Milli Konservatoriyasının professorları - Oqtay Quliyev və Arif Babayev, müəllimlərdən Elbrus Məmmədov, Gülnarə Həsənova və başqaları gərgin əmək sərf edirlər.
   Bandan başqa, xalq artistləri Ramiz Söhrabov, Mənsum İbrahimov, Azərbaycan Milli Konservatoriyasının professoru Məmmədağa Kərimov istedadlı şagirdlərin düzgün istiqamətləndirilməsinə yaxından köməklik göstərir, onlara lazımi məsləhətlər verirlər.
   Fərəhlə deyə bilərəm ki, məzunlarımızın xeyli hissəsi Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında, Azərbaycan Milli Koservatoriyasında, Mədəniyyət və İncəsənət Universitetində, həmçinin digər musiqi ocaqlarında təhsillərini davam etdirirlər.
   Yeri gəlmişkən onu da qeyd etməliyəm ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi məktəbimizdə təhsilin səviyyəsinin yüksəldilməsi üçün hər cür köməklik göstərir, maddi-texniki bazamızın möhkəmləndirilməsinə yardım göstərirlər.
   - Yusif müəllim, məktəbimizin adını daşıdığı Georgi Şaroyev kimliyi haqda məlumatı yetərli olmayan oxucularımız da az deyil...
   - Bu məktəb dahi Üzeyir Hacıbəyovun təklifi ilə 1935-ci ildə Georgi Şaroyev tərəfindən yaradılmışdır. Təsadüfi deyildir ki, bu musiqi ocağına «Şaroyevin məktəbi» deyiblər. Qeyd edim ki, Üzeyir Hacıbəyov XX əsrin əvvəllərində Azərbaycan Dövlət Konservatoriyasını yaradarkən musiqi təhsili üzrə ixtisaslı mütəxəssislərə ciddi ehtiyac yaranır. Elə buna görə də Üzeyir bəy Sankt-Peterburq Konservatoriyasının məzunu Georgi Şaroyevi Bakıya dəvət edir. Gənc musiqiçi həyatını Bakı ilə bağlayır, ailə qurur, ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətini davam etdirir. O, burada əvvəlcə müəllim, sonralar isə kafedra müdiri və prorektor vəzifələrində çalışır. Bununla bərabər o Bakıdakı 35 saylı Uşaq Musiqi Məktəbinin əsasını qoyur, düz 35 il bu məktəbə ictimai əsaslarla rəhbərlik edir.
   Gərgin və səmərəli fəaliyyəti nəticəsində Georgi Şaroyev müəllim və şagird kollektivinin, ictimaiyyətin dərin hörmətini qazanır, professor olur, əməkdar incəsənət xadimi fəxri adına layiq görülür.
   Ölümündən sonra 35 saylı Musiqi Məktəbinə Georgi Şaroyevin adı verilmişdir.
   Georgi Şaroyevin Bakıda doğulmuş, sonralar isə Moskvada yaşayan 2 oğlu var. Onlardan biri tanınmış rejissor İoakim Şaroyev, o biri isə Tümen Simfonik Orkestrinin baş dirijoru, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Auton Şaroyevdir.
   Yeri gəlmişkən qeyd edim ki, keçən il Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikasının Yakutsk şəhərində «Olonxo torpağında YUNESKO incilərinin görüşü» adlı festival keçirilirdi. Mənim rəhbərliyimlə məktəbimizin bir qrup musiqiçisi də bu festivalda iştirak edirdi. Orada Saxa Respublikasının mədəniyyət və mənəvi inkişaf naziri Andrey Borisovla səmimi söhbətimiz oldu. O, mənə məlumat verdi ki, İoakim Şaroyev Yakutiyanın ilk bəstəkarı haqqında teatr tamaşasına rejissorluq etmişdir.
   - Yakutiyada iştirakçısı olduğunuz beynəlxalq festivalın nəticələri barədə...
    - Məktəbimizin uşaqları respublikada və beynəlxalq müsabiqə və festivallarda öz istedadlarını məharətlə nümayiş etdirirlər. Onlar müxtəlif mükafatlara sahib olur, diplomlara layiq görülür, laureat adı qazanırlar. Bu baxımdan Yakutiyada keçirilən festivalın nəticələri də fərəh doğurur. Burada keçirilən «Olonxo torpağında YUNESKO-nun incilərinin görüşü» adlı festivala Yaponiya, Koreya, Monqolustan, Buryatiya, Türkiyə, Qırğızıstan, Azərbaycan, Yakutiya, həmçinin digər ölkələrdən musiqiçilər dəvət olunmuşdular. Bu festivalda məktəbimizin şagirdləri Çinarə Abbasova (xanəndə), Elçin Abdullayev (tar), Emin Sadaqlı (kamança) böyük tamaşaçı rəğbəti qazandılar. Çinarə Abbasovanın ifa etdiyi «Qatar» muğamı, «Dilkeş» təsnifi, Ə.Tağıyevin «Azərbaycan» mahnısı, «Ay qaşı-gözü qara qız», «Sarı gəlin» xalq mahnıları tamaşaçılar tərəfindən hərarətlə qarşılandı. Qazancımız isə diplomlar və fəxri fərmanlar oldu.
   Bundan başqa, keçən il Rusiya Federasiyasının Saratov şəhərində II Ümumdünya «Delfiya oyunları» festivalında şagirdlərimizdən Rəbiyyə Mədətova (fortepiano), Ülvi Abdinov və Sevinc Mustafayeva (xanəndələr), Samir Mahmudov (tar), Təbriz Yusubov (kamança) uğurla çıxış etmişlər. Festivalda birinci yaş qrupunda Ülvi Abdinov (xanəndə, 11 yaş), ikinci yaş qrupunda Sevinc Mustafayeva (xanəndə, 17 yaş), Rəbiyyə Mədətova (fortepiano, 17 yaş) iştirak edirdilər. İkinci turun nəticələrinə görə Ülvi Abdinova və Sevinc Mustafayeva festivalın laureatı adını qazanaraq gümüş medalla təltif olundular.
   - İndi məktəbinizdə işlər necə gedir?
   - Məktəbimizdə işlər öz ahəngi ilə davam edir. Şagirdlərin musiqi təhsilinə ciddi diqqət yetirilir, rəngarəng tədbirlər həyata keçirilir. İndi 8 Mart Beynəlxalq Qadınlar Gününə, Novruz bayramına hazırlıq görürük, teatrlaşdırılmış musiqi səhnəcikləri hazırlayırıq. Ümumiyyətlə, görəcəyimiz işlər çoxdur. Gələrsiniz, görərsiniz.
  
   Söhbətləşdi:
   Canalı MirzƏliyev






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar