İslam Şərqində opera janrının əsasını qoyan şedevr
Üzeyir bəy Hacıbəyov. Dahi. Sadəcə, dahi. Bundan sonra, yalnız bundan sonra nə deyirsən de, nə yazırsan yaz...
Yazım ki...
Azərbaycanın musiqi beşiyi Şuşada doğulub boya-başa çatan bir gənc 22 yaşında ikən Tanrının bəxş etdiyi istedad qığılcımları ilə bəlkə də o zaman özünün də bir o qədər fərqinə varmadığı Azərbaycan musiqisinin əbədi məşəlini alovlandırdı. Bu alov hələlik cəmisi bir əsrdir ki, yanmaqda və yandırmaqdadı. Əbədi məhəbbətin, ilahinin səsi olan musiqi ilə vəhdətində.
Xəritədə kiçik bir guşəni, mədəniyyət, musiqi, incəsənət əzəmətilə isə çox geniş bir coğrafiyanı əhatə edən Azərbaycanın 22 yaşlı yetirməsi əzəli və əbədi məhəbbətin ulu Şərq şərqisini - “Leyli və Məcnun”unu yazdı. Bu notlarla 300 yaşı olan opera Avropasına alternativlik notası verdi. Bəli, qədim Şərqin Azərbaycan beşiyində daha bir ilklik də doğuldu. Ruhumuzun laylası muğamlarımız sayəsində həm də dünyanın ilk muğam operası yarandı.
“Ah eylədiyim...”
“Leyli və Məcnun” Üzeyir bəyin ilk operasıdır. 1907-ci ildə yazılan bu opera 1908-ci il yanvarın 25-də Tağıyev teatrında səhnə həyatını yaşamağa başladı. İlk variantda 5 pərdə və 6 şəkildə olan əsər sonrakı quruluşlarda 4 pərdə, 6 şəkildə gedirdi. “Leyli və Məcnun”la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılmış, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulmuşdur. Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılmış bu operanın libretto müəllifi də Üzeyir bəy özüdür. O, poemanın ayrı-ayrı məqamlarında dəyişiklik edib, uzlaşma xatirinə bəzi misraları qısaldaraq kiçicik əlavələr etsə də, əsas ideya məzmununu saxlamışdır. Bununla da, orta əsr Şərq aləminin ziddiyyətli mühitini qabarıq şəkildə göstərmişdir. Milli muğamlarımızla Avropa operasının vəhdətindən yaranmış “Leyli və Məcnun” yeni opera janrının - muğam operasının ilk nümunəsidir.
“Leyli və Məcnun”un Şərq mühitində çox populyar və öncədən geniş auditoriyaya bəlli olan süjetinin ilk musiqi dramı üçün əlverişliliyini vurğulayan musiqişünas Fərəh xanım Əliyeva Üzeyir Hacıbəyovun bu operanı yazmaqla Füzuli poemasını yeni musiqi janrı üçün ideal şəkildə reallaşdırdığı qənaətindədir: “Məlum olduğu kimi, “Leyli və Məcnun” Ü.Hacıbəyovun dramaturq və librettoçu kimi ilk yaradıcılıq təşəbbüsüdür. Bəstəkar Leyli və Məcnunun nakam məhəbbətinin poemadakı fəlsəfi-mistik çalarlara, sətiraltı mənalara, məcazlara bürünmüş real mahiyyətini - sevilmək, sevmək və qarşılıqlı məhəbbətlə səadətə qovuşmaq arzularını ön plana çıxarır. Hacıbəyovun qəhrəmanları sanki XX əsrin mürəkkəb və təzadlı dünyasında yaşayır. Ü.Hacıbəyov tam real hadisələr axarı yaradır: bu hadisələr XX əsr Azərbaycanındakı həyat olayları ilə korrelyasiya edilir. Füzulidə qəhrəmanların qarşısını real sosial maneə deyil, kainatın nüvəsində gizlənən ziddiyyətlər, paradokslar alır, xoşbəxt olmağa qoymur”. “Leyli və Məcnun” operasının romantik musiqi faciəsi kimi XX əsr Azərbaycan ədəbi romantizminin bir sıra parlaq xassələri ilə səsləşdiyini deyən Fərəh xanım, Üzeyir bəyin muğam vasitəsilə bədii təcəssüm variantını seçməsini milli-tarixi psixologiyanın bədii yaddaşının nəticəsi adlandırdı.
Operada ifaçı faktorunun mühüm əhəmiyyət kəsb etdiyini deyən musiqişünas, muğamın əsas opera forması kimi tətbiqində subyektiv faktorun önə çəkildiyini bildirdi.
“Leyli və Məcnun”un həm də maarifçilik ideyaları və mahiyyəti ilə dolu olduğunu vurğulayan Fərəh xanım burada şəxsiyyət, azad seçim, fikir müstəqilliyi, qadın azadlığı, şəxsi iradə kimi dövr üçün aktual olan problemlərin qabarıq şəkildə göstərildiyini əhəmiyyətli hal kimi qeyd etdi: “Bilirsiniz ki, “Leyli və Məcnun” operası yarananda artıq Avropa operası özünün 300 illik tarixini yaşayırdı. Amma onların 300 il öncəki operasını indi nə eşidən var, nə arzulayan. Nə musiqisini zümzümə edən var, nə də hər mövsümdə yeni ifaçıların ifasında eşitmək üçün teatra axışanlar. Amma ilk Şərq və Azərbaycan operası indi də yaşayır. XX əsrin möhtəşəm milli musiqi barigahını Antey kimi öz çiyinlərində saxlayan Azərbaycan musiqisinin ən incə, ən zərif səhifəsi - “Leyli və Məcnun” operası bu gün də sevilir. XXI əsrin qloballaşma çevrəsində hər şeyin yenisini, modernini əxz edən, kompyuter zamanının rasional, praqmatik təfəkkürlü insanları yenə də “Leyli və Məcnun”un tamaşalarına tələsir, onun musiqisindəki sehrin gücü və açarını axtarırlar. Hələ neçə-neçə nəsillər bu hissi yaşamaq üçün yenə də onun tamaşasına tələsəcək”.
Yenə, yenə, yenə...
“Leyli və Məcnun”un bu qədər sevilməsinin ən böyük sirri onun musiqisindədir. Təsadüfi deyil ki, operanın əsas musiqi materialı olan muğamlar ənənəvi opera formalarını - ariya, ariozo, reçitativ, vokal ansamblları əvəz etmişdir. Qəhrəmanların obrazlarının açılmasında və musiqi dramaturgiyasının inkişafında mühüm rol oynayan muğamlar operanın kompozisiya quruluşuna böyük təsir göstərmişdir. Əsrlər boyu təşəkkül tapmış Azərbaycan musiqi mədəniyyəti haqqında hərtərəfli təsəvvür yaradan operada muğamların əsrlər boyu təşəkkül tapmış ənənəvi təsir gücü, qavranılma xüsusiyyətləri ustalıqla nəzərə alınmışdır. Bir çox bitkin səhnələri muğam üstündə quran bəstəkar muğamların not yazısını verməmişdir. Bununla bəstəkarın musiqiçilərə, xanəndələrə öz vokal imkanlarını nümayiş etdirə bilmək imkanı verən Üzeyir bəy, muğamları yerli-yerində işlətməklə ifaçının əsərdən gələn dramaturji əhval-ruhiyyəsini, hiss və həyəcanlarını tamaşaçıya ötürə bilməsinə kömək etmişdir. Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru Sərdar Fərəcov: “Bu operanın yaranması ilə Azərbaycanda milli musiqili teatrın əsası qoyuldu. Bu günə qədər mənə möcüzə kimi görünən məqam 22 yaşlı gəncin bu cür ağır yükün altına necə çiyin verməsidir. Çünki başqa xalqların mədəniyyət tarixini araşdırdıqda görürük ki, musiqili teatrın yaranması neçə-neçə nəhəng insanların, neçə-neçə nəsillərin sayəsində ərsəyə gəlib. Lakin Üzeyir bəy Azərbaycanda opera teatrı ənənəsi, yəni opera musiqiçiləri, opera ifaçıları, xoru, baleti olmadığı halda qısa bir zamanda həvəskarları və dram artistlərini toplamaqla, Bakıda olan musiqiçiləri cəm edərək onlardan mütəşəkkil orkestr yaratmış , öz tələbə dostları və qohumlarını cəlb etməklə nəticədə “Leyli və Məcnun” kimi dünyada bənzəri olmayan möhtəşəm bir operanı səhnəyə qoydu”.
Operanın böyük çətinliklər hesabına ərsəyə gəlməsinə rəğmən böyük uğur qazandığını deyən Sərdar müəllim, elə bu uğurdan ruhlanan bəstəkarın daha bir neçə mükəmməl opera və operetta yazdığını bildirdi. Sərdar müəllim bu uğurlu təməl daşının təkcə bəstəkarın deyil, ümumilikdə Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına və zənginləşməsinə müstəsna təsir göstərdiyi fikrindədir. “Azərbaycan ərazisində yaranan bu opera öz coğrafiyasını genişləndirərək Qafqazda, Şərqdə şöhrət tapdıqca o xalqların da musiqisinin inkişafına təsir etdi. Bunu həmin xalqların musiqiçiləri, bəstəkarları dönə-dönə vurğulayıblar. Bu isə Üzeyir bəyin, ümumilikdə Azərbaycan musiqisinin böyüklüyüdür. Elə bu böyüklük, 100 il əvvəl olduğu kimi, hələ çox yüzilliklər boyu Azərbaycan xalqını müşayiət edəcək”.
Muğam operası olaraq, dünyada analoqu olmayan bu opera 100 il ərzində bir çox sənətkarların həyatından gəlib keçmiş, onlara sonsuz tamaşaçı sevgisi qazandırmışdır. İlk Leyli - Əbdülrəhman Fərəcovdan və ikinci Leyli - Əhməd bəy Ağdamskidən başlanan yol sonradan Sona Hacıyeva, Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova, Yavər Kələntərli, Sima Haşımlı, Simuzər Hətəmova, Rübabə Muradova, Flora Kərimova, Zeynəb Xanlarova, Rəsmiyyə Sadıqova, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Mələkxanım Əyyubova, Simarə İmanova, Gülyaz Məmmədova, Gülüstan Əliyeva, Nəzakət Teymurova, Aygün Bayramova kimi sənətkarların simasında özünün səhnə həllini tapıb, sevilib, alqışlanıb.
“Bildiyiniz kimi, adı tarix səhifəsinə ilk Məcnunumuz kimi düşmüş Hüseynqulu Sarabski özündən sonrakı Məcnunlar üçün əsl məktəb olmuşdur. Ondan sonra uzun müddət səhnəmizin Məcnunu rolunu Hüseynağa Hacıbababəyov, Xanlar Haqverdiyev, Şirzad Hüseynov, Əlövsət Sadıqov, Əbülfət Əliyev, Qulu Əsgərov, Mais Salmanov, Əli Mehdiyev, Arif Babayev, Baba Mahmudoğlu, Canəli Əkbərov, Alim Qasımov, Səfa Qəhrəmanov, Mənsum İbrahimov və Səbuhi İbayev bu yükü çiyinlərində daşıyıblar. Amma biz bu operanın qəhrəmanlarından danışarkən digər rolların ifaçılarını da unutmamalıyıq. Yəqin ki, bir çoxları Münəvvər Kələntərlini Musiqili Komediya Teatrının aktrisası kimi tanıyır. Amma təsəvvür edin ki, aktrisa 30-cu illərdən başlayaraq uzun müddət Məcnunun və Leylinin anası rollarını oynayıb. Bu siyahıya Nofəl, İbn Salam kimi obrazların mahir ifaçılarının da adı daxildir. Yəni sadaladığımız, tanıdığımız və tanımadığımız nə qədər insanın adı, nəfəsi, ruhu var bu operanın səhnə həyatında. Onu da deyim ki, adlarını çəkdiyimiz bu insanlar təkcə Bakıdakı opera teatrında səhnəyə çıxanlardır. Amma “Leyli və Məcnun” Azərbaycanın rayonlarında, həmçinin sərhədlərimizdən kənarda - Aşqabadda, Tiflisdə, Təbrizdə də səhnəyə qoyulub və böyük şöhrət tapıb”.
Qəribədir ki, peşəkarlıq cəhətdən bir çox əsərlər var ki, səhnədə uğurla oynanılıb. Lakin bir müddət sonra öz ömrünü başa vurub, arxa plana keçib. Amma “Leyli və Məcnun” davamlı olaraq öz tamaşaçılarını ətrafına toplaya bilib. Bu isə təkcə qocalmayan, əbədi olan məhəbbət mövzusu ilə deyil, həm də təkrarsız muğamlarımızdan bəhrələnmiş bənzərsiz Üzeyir bəy musiqisi ilə bağlıdır. İlk dəfə olaraq muğamlarımızdakı dinamikanı görən bəstəkar, onu hərəkətə gətirdi. Beləcə, operaya daxil etdiyi 7 muğam əsərin bədii yükünü artırmaqla yanaşı, həm də onlar ilk dəfə nota düşdü. Bu da dahi bəstəkarımızın ən böyük xidmətlərindən biri kimi dəyərləndirilməlidir.
Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev: “Bu tamaşa məndə hər dəfə qəribə təəssürat oyadır. 15 ildir ki, bu əsər üzərində çalışıram. Elə əsərlər var ki, ona 1-2 dəfə quruluş verəndən sonra hiss edirsən ki, artıq tükənib, əsərin ədəbi materialı zəifdir. Amma “Leyli və Məcnun”la 15 ildir ki işləyirəm. Düşünürəm ki, bundan sonra 4 dəfə də yeni quruluş verib, 100 Leyli, Məcnun hazırlaya bilərəm. Çünki əsər çox zəngindir. Buna görə də hər məşqdə 1 ideya, bir dəyişiklik gəlir adamın beyninə. Əsər, özümdən asılı olmayaraq, məndə qəribə hisslər yaradır; bəzən məni eşqlə, məhəbbətlə tanış edir, bəzən öyrədir, bəzən o hissdən qorxmağa sövq edir, bəzən də izahını tapa bilmədiyim dünyaya gömür...”
Həmidə Nizamiqızı