Bildiyiniz kimi, martın 17-dən 25-dək Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə «Muğam aləmi» adlı Beynəlxalq Festival keçiriləcək. Bu böyük mədəniyyət hadisəsi, milli sərvətimiz olan muğamın dünya mədəniyyətinin tərkib hissəsi olduğunu bir daha nümayiş etdirir.
  
   2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması ilinə təsadüf edən festival çərçivəsində simpozium və konfransların, eləcə də beynəlxalq muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Tədbirin tərkib hissələrindən biri də I Respublika Muğam Müsabiqəsidir. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkil etdiyi yarışmaya Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Azərbaycan Respublikası Təhsil Nazirliyi də dəstək verib.
   Elə dünən R.Behbudov adına Dövlət Kukla Teatrında I Beynəlxalq Muğam Festivalında iştirak edəcək gənc muğam ifaçılarının I Respublika Muğam Müsabiqəsinə start verildi.
   Müsabiqənin açılışında iştirak edən təhsil naziri Misir Mərdanov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin muğam sənətinin inkişafına böyük töhfə olduğunu dedilər.
   Təhsil naziri Misir Mərdanov I Beynəlxalq Muğam Festivalının keçirilməsini çox yüksək qiymətləndirdiyini və bu layihənin Heydər Əliyev Fondunun muğam sənətinə diqqətinin nümunəsi olduğunu bildirib: “Bu gün hamımız xoşbəxt insanlarıq ki, müstəqil, çiçəklənən, dünya dövlətləri sırasında öz nüfuzu olan dövlətin vətəndaşlarıyıq. Təbii ki, bu da ölkə rəhbəri cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Bu gün çox vacib bir tədbirə toplaşmışıq. Azərbaycanın birinci xanımı, hər bir Azərbaycan vətəndaşının sevimlisinə çevrilmiş Mehriban xanımın təşəbbüsü ilə ölkəmizdə Beynəlxalq Muğam Festivalı keçiriləcək. Bu, çox böyük hadisədir.
   Son illər ölkəmizin mədəni həyatında baş verən ən önəmli hadisələrdən biri də muğam sənətinə, milli təfəkkürümüzün özülü olan xalq yaradıcılığına böyük diqqət və qayğıdır. Təbii ki, bu qayğı birbaşa dövlətimizin başçısı və onun xanımı tərəfindən həyata keçirilir. Əslində bu həm də muğamsevərlərə, bu sənətin təəssübünü çəkənlərə qarşı sevginin təzahürüdür. Müsabiqədə ölkəmizi təmsil edəcək gənclərə uğurlar arzu edirəm. Azərbaycan festivalın təşkilatçısı kimi bu tədbirə çox ciddi şəkildə hazırlaşır. Azərbaycan tərəfindən bu mötəbər festivalda iştirak edəcək gənc ifaçıları müəyyənləşdirmək üçün bu gün buraya yığışmışıq. Bu gün müsabiqənin ilk mərhələsi başlayır. Bu müsabiqəyə 100-dən artıq muğam ifaçısı öz sənədini təqdim edib və onların arasından 27 nəfər seçilib”. M.Mərdanov çıxışı zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə bu vəzifəni daşıdığı müddət ərzində həyata keçirdiyi layihələrə görə təşəkkürünü də bildirdi: “Əbülfəs Qarayev bu cür işləri ilə bu vəzifəni layiqincə həyata keçirir. O, Qarayevlər nəslinin layiqli davamçısı olduğunu sübut edir”. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev I Beynəlxalq Muğam Festivalının həyata keçirilməsinin Azərbaycan xalq sənətinin inkişafı üçün dəyərli layihə olduğunu diqqətə çatdırdı: «Azərbaycan xalqı çox gözəl dövrü yaşayır. Bu dövr iqtisadi, sosial, siyasi inkişafla yanaşı, mədəniyyətin tərəqqisi ilə də müşayiət olunur. Bu inkişaf yenilik, tərəqqi və müasirliklə müşayiət olunur. Azərbaycanın bu gün dünya ictimaiyyəti qarşısında özünə layiq yer tutmasının, öz imicini formalaşdırmasının əsasında təbii ki, cənab prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət durur. Bunun məntiqi nəticəsidir ki, bir il bundan öncə İSESKO kimi nüfuzlu beynəlxalq qurumda Azərbaycanın paytaxtı Bakı İslam mədəniyyətinin paytaxtı elan olundu. İlin açılışı ilə əlaqədar bu yaxınlarda həyata keçirilən təntənəli mərasim də bunun bariz nümunəsi oldu. Təbii ki, bu festival həmin ilin tədbirlərinin ən öncülü, incisidir. Bu gün muğam yenidən xalqa, onu yaradan və yaşadan millətə qayıdaraq adət-ənənlərimizin əbədiyaşarlığının isbatı oldu. Hörmətli Mehriban xanımın təşəbbüsü ilə Azərbaycanda muğam sənəti ilə bağlı bir çox uğurlu layihələr həyata keçirilmişdir. Onun təşəbbüsü ilə Bakıda analoqu olmayan Beynəlxalq Muğam Mərkəzi tikildi. Təbii ki, bütün bu addımlar bir siyasətin - xalqın maddi-mədəni irsinə ehtiramın təzahürüdür. Hesab edirəm ki, ı Respublika Muğam Müsabiqəsinin keçirilməsi bu işin davamıdır. 100 nəfərdən artıq iştirakçı arasından seçilən 27 muğam ifaçısının həyatında yarışmanın öz yeri var. Çünki bu, ilk və çox mötəbər tədbirdir. Mən inanıram ki, münsiflər heyətinin də qərarı həmişə olduğu kimi ədalətli olacaq və Azərbaycanı ı Beynəlxalq Muğam Festivalında təmsil edəcək layiqli iştirakçıları seçəcəklər. Əminik ki, iştirakçılarımız o müsabiqədə də layiqli yer tutacaqlar».
   Nazir həmçinin ı Beynəlxalq Muğam Festivalının Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Təhsil Nazirliyinin sponsorluğu ilə “Muğam aləmi” adı altında baş tutacağını diqqətə çatdırdı. Qeyd edək ki, dünən müsabiqədə iştirak edən 27 gənc muğam ifaçısının püşkatması da keçirildi. Müsabiqədə 27 muğam ifaçısının iştirakı nəzərdə tutulsa da, onların 24-ü müsabiqənin püşkatmasına qatılıb. Püşkatmada iştirak etməyən üç gənc muğam ifaçısı - Abgül Mirzəliyev, Güldanə Cavadzadə və Rəvanə Ərəbova münsiflər heyətinin qərarı ilə müsabiqədən kənarlaşdırıldı.
   Digər iştirakçıları 8 nəfərdən - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Siyavuş Kərimi, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Zöhrabov və Azərbaycan Mədəniyyəti Dostları Fondunun direktoru İbrahim Quliyevdən ibarət münsiflər heyəti qiymətləndirdi.
    Xatırladaq ki, qalib adını alan 4 iştirakçı həm də beynəlxalq muğam müsabiqəsində çıxış etmək hüququ qazanacaq.
  
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar