Biri var idi, biri yox idi, bir lalə var idi. Yazın ortalarında qonaq gələr yurdumuza. Onun gəlişi ilə hər tərəf qırmızı rəngə boyanar. Elə bir mənzərə yaranar ki, insan övladı bu mənzərəyə baxmaqla doymaz. Amma ömrü çox az olur bu gülün. Cəmi üçcə gün.
Bir də... bir «Lalə» qızlar ansamblı var. Düz 45 ildir dünyaya gəlib. Bu «Lalə» solmayır. Onun yaradıcısı Prezident təqaüdçüsü, xalq artisti Ceyran Əsəd qızı Həşimovadır.
Bilirdim ki, martın 8-də Ceyran xanımın ad günüdür. Axtarıb tapdım. Beynəlxalq Qadınlar Günü ərəfəsində onunla görüşdüm.
Əvvəl-əvvəl onunla söhbət edəndə hələ diktofonu açmamışdım. Bir on dəqiqə söhbət etdik. Bu on dəqiqəlik söhbət məndə belə bir təəssürat yaratdı ki, heç ona sual vermək lazım deyil. Həm maraqlı danışır, həm də sənin düşündüyün suallara cavab verir.
Diktofonu işə saldım.
- Musiqiçi ailəsində dünyaya gəlmişəm. Babam Lənkəranda tanınmış xanəndə və qarmon çalan olub. Atam Əsəd Cəfərov aktyorluğu qurtarıb. H.Sarabskidən dərs alıb. Müharibədən əvvəl aktyorluq və rejissorluq edib. Müharibədən sonra isə ömrünün sonuna kimi müxtəlif teatrlarda baş rejissor kimi fəaliyyət göstərib. Bir neçə musiqi alətində - xüsusilə tarda, tütəkdə, qarmonda gözəl ifa edirdi. Belə bir mühitdə böyümüşdüm. Uşaqlıqdan aktyor olmağı arzulamışdım. Hərdən atamın tarını götürüb çalırdım. Bu ecazkar alət məni özünə cəlb etdi. Odur ki, yolumu tar dünyasından saldım. Bu valideynlərimin də arzusu idi. Atam məndən kiçik bacımı kamança, məni isə tar sinfinə yazdırdı. Həmin musiqi məktəbini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Kollecinin Azərbaycan xalq çalğı alətlərinin tar sinfinə daxil oldum. Bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirdim. Məni həmin təhsil ocağında müəllim kimi saxladılar. Düz nə az-nə çox 20 il burada tardan dərs dedim. Mənim müəllim işlədiyim vaxtlarda Azərbaycan radiosu və televiziyasında Səid Rüstəmovun rəhbərlik etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestri fəaliyyət göstərirdi. Səid müəllim də həmin zamanlarda mənimlə bir yerdə tar müəllimi işləyirdi. O, həmin orkestrdə yenilik etdi. Orkestrdə 4 nəfərdən ibarət «Saz» qrupu yaratdı. Məni də 1958-ci ildə həmin qrupa dəvət etdi.
1959-cu ildə Moskvada Azərbaycan mədəniyyəti ongünlüyü keçirilirdi. Mən də orada iştirak edirdim. Orada öz sazımla görkəmli sənətkarlar Bülbülü, Şövkət Ələkbərovanı, Sara Qədimovanı, Xan Şuşinskini sazla müşayiət etdim.
60-cı illərin əvvəllərində məndə bir arzu baş qaldırdı. Yeni bir ansambl yaratmaq. O zaman Əhməd Bakıxanovun, Əhsən Dadaşovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblları var idi. Fikirləşdim ki, niyə qızlardan ibarət ansambl olmasın?
Bu fikri xəyaldan gerçəkliyə çevirmək üçün fəaliyyətə başladım. İstedadlı qızları bir-bir yanıma çağırıb söhbətlər apardım.
Nəhayət, istəyimə nail oldum. 1964-cü ildə «Lalə» qızlar ansamblını yaratdım. İlk konsertimiz uğurlu keçdi. Bu, məni daha da ruhlandırdı. Özümə inamım artdı.
1966-cı il fevralın 23-də ilk dəfə olaraq radioda canlı yayımla çıxış etdik. Bu, bizim dinləyicilər qarşısında ilk sənət imtahanımız idi. Həmin il martın 8-də Beynəlxalq Qadınlar Günü münasibəti ilə televiziyada keçirilən «Mavi işıq» gecəsində çıxış etdik.
Bu çıxışımız bizim üçün geniş tamaşaçı dünyasına pəncərə açdı.
Artıq ansamblımız haqqında xoş sözlər deyilməyə və yazılmağa başlan. Bu xoş sözləri eşitdikcə, bizə olan geniş marağı gördükcə fərəhlənirdim. Necə də fərəhlənməyəydim? Təşkilatçı və bədii rəhbər kimi çəkdiyim əziyyət öz bəhrəsini vermişdi.
Bundan sonra bizim qastrol səfərlərimiz başlandı. İlk səfərimiz Naxçıvan MR-ə oldu. Azərbaycanın torpaqlarını qarış-qarış gəzdik. O vaxtkı SSRİ-nin də, demək olar ki, hər yerində konsertlər verdik. Türkiyəyə, İrana Çexoslovakiyaya və başqa xarici ölkələrə səfərlər etdik.
Azərbaycan müstəqillik əldə etdikdən sonra başımıza gələn müsibətlər hamıya məlumdur. Biz də həmin müharibə illərində öz borcumuzu yerinə yetirirdik. Ən qaynar nöqtələrə gedirdik. Əsgərlərimiz qarşısında çıxış edirdik. İndi də fəaliyyətimizi davam etdiririk. Ötən 45 il ərzində çox çətinliklərimiz olub. Amma yolumuzdan dönməmişik.
«Lalə»nin fəaliyyət göstərdiyi illərdə ansamblda xeyli ifaçı çıxış edib. Suğra İbrahimova, Mahrux Muradova, Firuzə İbadova, Nəzakət Məmmədova, Nisə Qasımova, Təranə Vəlizadə, Kamalə Rəhimli, Rəhilə Bəndəliyeva, Xalidə Gözəl, Raziyyə Şirinova, Zöhrə Abdullayeva, Ruhəngiz Allahverdiyeva və onlarla başqaları ilk addımlarını «Lalə»də atıblar.
Onsuz da siz jurnalistlərə bələdəm. Həmişə sənət adamlarının ailə vəziyyəti ilə də maraqlanırlar. Xüsusilə qadınların. Taleyin adı olmayan bir küləyi var. O külək biz sənət adamlarının həyatını alt-üst edir. Çoxları belə olub. Ya sənəti atıb, ya da ailəni.
Amma mən xoşbəxtəm ki, tale mənə Mirhəşim Həşimov kimi bir həyat yoldaşı qismət edib. Düz 5 il mənimlə ansamblı yaradandan sonra çiyin-çiyinə çalışıb. Mənə işlərimdə köməklik edib. Dünyasını dəyişənə qədər mənim sədaqətli dayağım olub. Özü də incəsənət adamı idi. A.Zeynallı adına Musiqi Məktəbində skripka müəllimi işləyirdi. Azərbaycanda ilk dəfə yeddi muğamı solo skripka üçün, məhz Mirhəşim Həşimov nota köçürüb.
Bir oğlum da var. Anadan olandan 40 gün sonra mənimlə qastrollarda olub. Demək olar ki, hara getmişəmsə, özümlə aparmışam. Bütün bunlar oğlum Rəşadı öz yolunu seçməyə kömək edib. O, da musiqiçi oldu. A.Zeynallının caz musiqisi üzrə fortepiano şöbəsini qurtarıb. Muğamlara çox böyük həvəsi var. 1992-ci ildə «Rast» qrupunu yaradıb. Həm bəstəkardır, həm də aranjimançıdır. 10 il «Bakılı oğlanlar» klubunun musiqi rəhbəri olub. Bir neçə albomu çıxıb. Əməkdar artistdir.
1987-ci ildə əməkdar artist, 2006-cı ildə xalq artisti adına layiq görülmüşəm.
Çox əziyyətlər çəkmişəm, hamar yollarla getməyə nə var? Sevinirəm ki, kələ-kötür, daşlı-kəsəkli yollarda büdrəməmişəm. Xalqım üçün nə isə etmişəmsə, özümü xoşbəxt hesab edirəm. Bugünlərdə «Lalə»nin 45, mənim isə 75 yaşımı qeyd edəcəyik. Martın 8-də.
Ceyran Haşımovanın - xalqımızın bu fədakar qızının enişli-yoxuşlu həyat yolu haqqında mənə danışdığı nağılabənzər söhbəti sona yetdi. Lakin bu nağıl deyildi. Bir həqiqət idi. Qoy onun yaratdığı «Lalə» qızlar ansamblı lalə kimi azömürlü olmasın. Bir də Ceyran Haşımova, nağıllarda deyildiyi kimi, min yaşasın.
Fərahim Dünyamalıoğlu