Dünən Azərbaycan Tarix Muzeyində 18-25 mart tarixlərində Bakıda keçiriləcək “Muğam aləmi” adlı Beynəlxalq Muğam Festivalına həsr olunmuş mətbuat konfransı oldu. Təhsil naziri Misir Mərdanov, AMEA-nın prezidenti Mahmud Kərimov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı beynəlxalq muğam və muğama qohum musiqi ənənələrinə həsr olunmuş tədbirin də tarixi əhəmiyyət kəsb etdiyini vurğuladılar.
   
   İlk dəfədir ki, məhz Azərbaycanda keçirilən konfransın muğam sənətinin daha geniş arenada yayılmasına, bu əsrarəngiz musiqi janrının YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salınmasına təkan verəcəyini dedilər. Konsertlər, muğam operaları, I Beynəlxalq Muğam Festivalının da keçiriləcəyi tədbirdə muğam sənəti ilə bağlı dünyanın məşhur mütəxəssislərinin də qatıldığı 3 seksiyadan ibarət simpozium da keçiriləcək. Festivalın prezidenti Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır. Beynəlxalq festival Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə gerçəkləşəcək. Mətbuat konfransında çıxış edən təhsil naziri Misir Mərdanov bu gündən start götürən bu simpoziumda ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Türkiyə, Macarıstan, Çin, Tunis, Rusiya, Özbəkistan, Tacikistanın alimləri və musiqi xadimləri iştirak edəcəyini və toplantılarda muğamın elmi aspektlərdən araşdırılacağını dedi: «Simpoziuma dəvət olunanlar arasında Avropa, Amerika və Asiyada ənənəvi Şərq musiqisini tədqiq edən 30-a yaxın alim, musiqi xadimi, tədqiqatçı var. Simpoziumda etnomusiqişünaslıq elminin məşhur simalarından Nyu-York şəhər Universitetinin professoru, YUNESKO-nun eksperti Stiven Blam, Nyu-Yorkun Kolumbiya Universitetinin fəxri professoru Diter Kristensen, Niderlanddan YUNESKO yanında ənənəvi musiqi sahəsi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti Uim van Zanten, Fransadan professor Jan Dyurinq, Berlindən Humbolt Universitetinin professoru Yurqen Elsner, Kaliforniya Universitetinin fəxri professoru Hiromi Lüter Sakata, eləcə də MDB ölkələrindən Özbəkistandan Rövşən Yunusov, Moskva Konservatoriyasının professoru Violetta Yunusova, Düşənbədən “Akademiya makoma”nın direktor Abduvali Abduraşitov iştirak edəcəklər. Seksiyaların iclasında Azərbaycanın, İranın, Türkiyənin, Pakistanın, Hindistanın, Tunisin, Özbəkistanın və Tacikistanın musiqi mədəniyyətinə həsr olunan məruzələr dinlənəcək».
   Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə simpoziumun işinə BBC radiosunun “Word Routes” tanınmış musiqi proqramının aparıcıları, tanınmış musiqi xadimləri professor Lyusi Düran və Ceyms Parkin, “Pan Rekords” kompaniyasının sahibi Bernard Kleykami, Şərq və Asiya musiqisinin Böyük Britaniyada təbliğçisi “Azian Serkyüt” kompaniyasının meneceri Viram Casani və digər tanınmış simaların qatılacağını və bunun təbliğat baxımından da önəm daşıdığını bildirdi: “Beynəlxalq muğam festivalı və müsabiqəsi kimi, bu simpozium da Azərbaycan muğamının inkişafı və bütün dünyada populyarlaşmasına, ənənəvi Azərbaycan musiqisinin dünyanın müasir musiqi müstəvisində daha da əhəmiyyətli yer tutmasına geniş imkanlar yaradacaq. Beynəlxalq muğam və muğama qohum musiqi ənənələrinə həsr olunmuş simpozium əslində tarixi bir əhəmiyyət kəsb edir. Belə bir simpozium ilk dəfədir ki, Azərbaycan keçirilir”.
   Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva isə martın 20-də Azərbaycanda ilk dəfə keçirilən “Muğam aləmi” I Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasiminin keçiriləcəyini və bu çərçivədə Beynəlxalq elmi simpoziumun, muğam müsabiqəsi və festival konsertlərinin təşkil olunacağını xəbər verdi: “Bu ilin martında I Respublika Muğam müsabiqəsi keçirilib. Müsabiqəyə 100-dən artıq ərizə təqdim olunub, ilkin seçim turundan I tura 27 namizəd, II tura 10 namizəd keçib. Azərbaycanı Beynəlxalq Muğam Müsabiqəsində respublika müsabiqəsinin qalibləri Təyyar Bayramov (I yer), Vəfa Orucova (II yer), Babək Niftəliyev (III yer), diplomantlar Arzu Əliyeva və Səbuhi İbayev təmsil edəcəklər. Beynəlxalq Muğam Müsabiqəsinə gəlincə isə bu 22-24 mart tarixlərində Azərbaycan Dövlət Kukla Teatrında keçiriləcək. Müsabiqəyə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniyadan 67 iştirakçı qatılacaq. Bu müsabiqədə I “Qran-pri”nin sahibinə 20.000 avro, I yerin qalibinə 15.000 avro, II yerin qalibinə 10.000, III yerin qalibinə isə 5000 avro dəyərində pul mükafatı təqdim ediləcək. Festival konsertlərində 10 ölkədən - İraq, Mərakeş, İran, Suriya, İtaliya, Çin, Hindistan , Misir, Özbəkistan, Azərbaycandan musiqiçilər çıxış edəcəklər. Konsertlər beş gün müddətində Beynəlxalq Muğam Mərkəzində keçiriləcək». Konsertlərdə Azərbaycan muğam ustalarının ifasında 7 əsas Azərbaycan muğamı ifa olunacağı barədə məlumatı media mənsublarının diqqətinə çatdıran Firəngiz Əlizadə ifaçıların adlarını sadaladı: «Azərbaycan muğam sənətinin bütün çalarları ilə təqdim olunacağı konsertlərdə muğamları görkəmli xanəndələrimiz, xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Ağaxan Abdullayev, Səkinə İsmayılova, eləcə də Mələkxanım Əyyubova, Nuriyyə Hüseynova, Zabit Nəbizadə ifa edəcəklər. Eyni zamanda festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək konsertlərdə F. Əmirovun “Şur”, “Kürd Ovşarı” simfonik muğamları, Niyazinin “Rast” simfonik muğamı, Aqşin Əlizadənin “Muğamvari” simfoniyası, Nazim Əliverdibəyovun “Bayatı-Şiraz” xor muğamı, Cahangir Cahangirovun “Füzuli” kantatası səslənəcək. Azərbaycan Dövlət Simfonik Orkestrinə bu konsertlərdə İtaliyadan Silvio Sergio Barbato və Azərbaycandan Fəxrəddin Kərimov dirijorluq edəcək. Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan bəstəkarlarının muğam operaları - Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası, Z. Hacıbəyovun “Aşıq Qərib” operası nümayiş olunacaq. Caz Mərkəzində etno-caz musiqisi axşamları keçiriləcək. Azərbaycan Dövlət Muğam Teatrında “Azərbaycan muğamının dostları” ilə görüş tədbiri də təşkil olunacaq. Festivalın açılış mərasimi martın 20-də Beynəlxalq Muğam Mərkəzində, bağlanış mərasimi isə martın 25-də Heydər Əliyev Sarayında keçiriləcək».
   Onu da qeyd edək ki, Bakıda keçiriləcək I Beynəlxalq Muğam Festivalında iştirak etmək üçün YUNESKO-nun baş direktoru Koisiro Matsuura da Azərbaycana gələcək. Səfər çərçivəsində martın 19-da baş direktorun YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva ilə görüşü keçiriləcək.   

  Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar