“Eurovision” mahnı müsabiqəsində ölkəmizi təmsil edən ifaçı, mahnı və onun müəllifi ilə bağlı mövcud fikir ayrılığı səngimək bilmir. Sənətçilərimizin, bəstəkar və musiqişünasların Araşla bağlı ortaq məxrəcə gələ bilməmləri subyektiv rəy kimi dəyərləndirilsə də, hər halda, peşəkar fikri daha maraqlıdır.

    Bununla bağlı açıqlama verən Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə yarışmada bizi təmsil edən mahnının Avropa standartlarına uyğun yazıldığı qənaətindədir: «Çox fantaziya işlətmədən, dərin axtarışlar etmədən yaranan bu mahnı Avropada artıq dəfələrlə səslənən nümunələrin ortalama formasındadır. Burada Azərbaycan daha qeyri-adi, milli koloriti, daha qabarıq, parlaq bir mahnı ilə də təmsil oluna bilərdi. Bir çox məşhur mahnılardakı etnik musiqi elementləri onu daha da populyarlaşdırır. Xatirinizdədirsə, “Titanik” filmindəki məşhur mahnıda musiqi aləti olaraq tütəkdən istifadə olunub. Bütün dünyada bu mahnının gözəlliyindən danışılır. Bütün dünyanın ürəyini çalan o musiqi isə tütəyin səsidir. Bu mahnı məhz tütəyin qeyri-adi tembrindən başlayır. Bizim diqqətimizi bu mahnıda cəlb edən o tütəyin səsidir. Mahnının bəstəkarı adi Avropa fleytasına müraciət etməyib, halbuki o eyni mövzunu bir fleyta ilə çala bilərdi və Avropaya bu daha normal gələrdi. Amma bu bəstəkar fikirləşib ki, mən burada qeyri-adi bir tembrdən, diqqəti cəlb edən «ekzotik» bir musiqi alətindən istifadə edilməlidir. O isə qeyri-Avropa musiqi alətinə müraciət edib. Ancaq biz qeyri-Avropa musiqi alətlərinin Vətəni olan Azərbaycandan adi bir mahnı göndəririk. Bununla mahnının pis olduğunu iddia etmirəm, eyni zamanda heç ona qiymət də vermək istəmirəm. Düşünürəm ki, daha qeyri-adi, Avropanın tembrlərindən, mövcud alətlərdən daha uzaq olan bir mədəniyyəti biz təmsil edə və fərqliliyimizi göstərə bilərdik. Özü də üç dəqiqə elə də az vaxt deyil. O üç dəqiqəyə gözəl mövzu, gözəl tembrlər, gözəl intonasiya daxil ola bilər”.
   İttifaq rəhbəri Azərbaycan təmsilçilərinin ifa edəcəyi “Always” mahnısını dinlədiyini və bu mahnının onda heç bir hiss, təəssürat oyatmadığını da dedi: “Bu mahnını dinləyəndə mənə elə gəldi ki, bu ya Gürcüstandan, ya Rusiyadan, ya da İngiltərədən gəlib. Nə musiqi-melodiya, nə sözlər, nə də ritm bir fikir ifadə edə bilmir. Əslində mənim üçün heç bir fərq etməz. Bəlkə də bu mahnı ilə uğur qazana bilərik. İndi o standartlar yüksək qiymətləndirilsə, hər şey ola bilər. Sadəcə, mən Azərbaycanda bu mahnının böyük populyarlığına inanmıram”.
   Bununla yanaşı yarışmaya elə də önəm vermədiyini də deyən F.Əlizadə “Eurovision”u ciddi qəbul etmədiyini və orada siyasi, musiqidən çox uzaq olan danışıqlar, mübahisələr baş verdiyini və bu münasibətin də ondan qaynaqlandığını diqqətə çatdırdı: “Elə buna görə də sürprizlərlə dolu müsabiqənin nəticəsi barədə qabaqcadan şərh vermək, proqnozlar irəli sürmək çətindir”.