Uzaq keçmişimizdən süzülüb gələn, qədim tariximizin canlı şahidi olan muğamatımız son yüzillikdə hind, ərəb, türk, eləcə də Qərb musiqisi ilə möhkəm rəqabətdə özünün sənət aləmindəki mövqeyini qoruyub saxlamaq uğrunda çarpışmalı olurdu. Bəşər musiqisinin tacı olan muğamatın tənəzzülü ötən əsrin axırıncı onilliyində iflas həddinə çatmışdı. Kütləvi informasiya vasitələrində bu problemlə bağlı yaradıcı ziyalılarımızın, sağlam düşüncə sahibi olan müxtəlif peşə sahiblərinin həyəcanlı çıxışları güclənməkdə idi. Artıq geriyə yol olmadığından zaman təcili tədbirlər görməklə milli musiqi folklorumuzun bu bənzərsiz nümunələrinin əvvəlki şöhrətini bərpa etmək, onu yad təsirlərdən qorumaq və gələcək nəsillərə ötürmək vəzifəsini gündəliyə çıxarırdı.
Məlumdur ki, istər iqtisadi, istərsə də mədəni sahədə müəyyən yüksəlişə nail olmaq üçün, əlbəttə, dövlətin dəstəyi vacibdir. Belə məqamda YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğamın inkişafına yönəldilən layihələri vəziyyətin ala-qaranlığında parlaq ümid çırağı yandırdı. 2005-ci ildə SMS-lə keçirilən muğam müsabiqəsi «Space» telekanalı ilə canlı yayımlandığından dünyanın hər yerində böyük əks-səda doğurdu. Azərbaycan Televiziyası ilə də canlı yayımlanan növbəti müsabiqədə qaliblərin seçilməsi nüfuzlu sənətkarlarımızdan ibarət münsiflər heyətinə etibar edildi. Həftədə bir dəfə Azərbaycan Radiosu ilə verilən ənənəvi muğam saatı, Azərbaycan Televiziyası ilə efirə verilən «Muğam axşamı» ilə kifayətlənməli olan xalq iki müsabiqə ərzində 700 saatdan çox muğamlarımızın əsrarəngiz dünyasında yaşadı. Bugünlərdə başa çatmış növbəti Respublika muğam müsabiqəsi də böyük müvəffəqiyyətlə keçdi. Müsabiqə qalibləri Təyyar Bayramov, Vəfa Orucova, Babək Niftəliyev ölkəmizi Beynəlxalq Muğam Festivalında təmsil etmək hüququ qazandılar.
Müsabiqələrin nəticəsini məhdud çərçivədə təhlil etmiş olsaq, mükafat, pul və s. baxımından kimin neçənci yer tutması laureatlar üçün önəmlidir. Geniş mənalı təhlil dedikdə isə gözlərimiz qarşısında «belini dikəldərək, xeyli gümrahlaşmış» muğam dayanır. Mehriban xanım Əliyevanın layihələri gerçəkləşdikcə bu janrı Azərbaycan musiqisinin bayraqdarı kimi öz yerini daha da möhkəmlətməyə başladı. Bu fikir müsabiqə qaliblərinin verdikləri müsahibələrdə böyük səmimiyyətlə səsləndi.
Artıq tarixin yaddaşına hopmuş üç müsabiqənin nəticələri bizə nə verdi? Hər şeydən əvvəl, müsabiqələr bu musiqi növünün təsir və nüfuzetmə gücünü, həyatiliyini, xəlqiliyini bütün dünyaya sübut etməklə, bu tükənməz xəzinənin həqiqi sahibi olan Azərbaycan xalqına başucalığı gətirdi. İnsanın damarlarında qanını oynadan, hisslərini lirik ovqata kökləyən muğamlarımız qürbətdə yaşayan soydaşlarımızın ürəklərindəki vətən həsrətini daha da alovlandırdı. Bir sözlə, muğam müsabiqələri dünya azərbaycanlılarının həmrəyliyinə misilsiz töhfəsini verdi. Bu faktı müsabiqə təşkilatçılarına, telekanallarımıza ünvanlanan minlərlə məktub, çoxsaylı telefon zəngləri də təsdiqləyirdi.
İndi ölkəmizdə muğamın kütləvi inkişafı üçün etibarlı zəmin yaranmışdır. Hörmətli sənətkarlırımızın respublikamızın şəhər və rayonlarına ezam olunaraq, hər dəfə təxminən 500 oğlan və qızdan 20 nəfər ən istedadlılarını müəyyənləşdirməklə yekun mərhələyə çıxarması fərəhləndirici haldır. Müsabiqə bitəndən sonra qaliblərin müxtəlif bölgələrdə, konsertlərinin təşkili musiqinin bu növünə marağın daha da artmasına böyük kömək edir.
Gənc müsabiqə iştirakçılarının nadir hallarda oxunan muğamları öz repertuarlarına cəsarətlə salması da, razılıq hissi doğurur. Bu isə həmin nümunələri itib-batmaq, unudulmaq təhlükəsindən xilas edir.
Müsabiqələr ölkəmizdə xanəndəlik sənətindən əlavə, musiqi müşayiətinin də yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Tarzənlər Elçin Həşimovun, Sahib Paşazadənin, kamança çalan Elnur Əhmədov həm imitasiya, həm də solo xarakterli müşayiətləri ilə gənc xanəndələrə düzgün yol göstərir, daha ürəklə oxumağa ruhlandırırdı. Təsadüfi deyildir ki, ilk müsabiqənin müşayiətçiləri az keçmədən respublikanın əməkdar artisti adına layiq görüldülər. Yeri gəlmişkən, münsiflər heyətinin ədalətli işini qeyd etməmək insafsızlıq olardı. Müsabiqə iştirakçılarının əksəriyyəti münsiflərin tələbələri olmasına baxmayaraq, qiymətləndirmə sənət meyarları prinsiplərinə sadiqliklə aparıldı.
Müsabiqələrin keçirilməsinin ənənəvi şəkil alması ürəyimizdən xəbər verir. Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun, «Azərbaycan Mədəniyyətinin Dostları» Fondunun müvafiq telekanallarla təşkil etdikləri müsabiqələrə təşkilati dəstək kimi, Azərbaycan Elmlər Akademiyasının, Azərbaycan Təhsil Nazirliyinin və digər qurumların cəlb olunması alqışa layiqdir.
Bakı şəhərinin 2009-cu ildə İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə əlaqədar muğam festivalının burada keçirilməsi tədbirə xüsusi önəm verir. Bu mötəbər yarışda dünyanın bir çox ölkəsindən, eləcə də İslam dövlətlərindən istedadlı musiqiçilərin iştirakı gözlənilir. Əvvəllər bir qayda olaraq xalq musiqiçilərimiz Orta Asiyada təşkil olunan müsabiqələrdə öz qüvvələrini sınayırdılar. Həmin musiqi yarışlarının əksəriyyəti həmyerlilərimizin qələbəsi ilə nəticələnməsə də, çoxumuzun qəlbində belə bir nisgil yaşanırdı: «Dünyanın ən nüfuzlu muğam ölkəsi Azərbaycan ola-ola, nə üçün özümüzdə belə müsabiqələr keçirilmir?»
İndi bu suala da müsbət cavab verilmişdir. Mavi Xəzərin sahilində, Milli Parkda dünya standartlarına cavab verən, gözoxşayan Beynəlxalq Muğam Evi tikilib. Bina genişmiqyaslı müsabiqələr, elmi simpoziumlar üçün nəzərdə tutulmuşdur.
Dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, milli mədəniyyətimizin inkişafına dövlət büdcəsindən ayrılan vəsait azalmır. Ölkə rəhbərliyinin, eləcə də, H.Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın muğamın inkişafına, onun təmsilçilərinə göstərdiyi daimi diqqət və qayğı hamımızı sevindirir.
Vaqif Əliyev,
muğamşünas