Canəli Əkbərov: «Bizi yaşadan və xalqa sevdirən bu sənətdə ardıcılların yetişməsi, onların xalqın mədəniyyətinin əsas daşıyıcılarına sahib çıxmaq əzmi təqdirəlayiq haldır»
   
   
   Muğam - Azərbaycan xalqının tarixi kimi qədim və zəngin xəzinə. Onu yaradan və yaşadan xalqın əbədiyyət marşı, həyat qaynağı, yaşam mənbəyidir. Bu mənada hər hansı azərbaycanlının bu əsrarəngiz musiqini sevməməsi, dinləməməsi və ən ibtidai formada belə bilməməsi bəlkə də mümkünsüzdür. Çünki mədəniyyətimizin əsas mənbəyini, özülünü təşkil edən muğam bizə xas olan müasir və müxtəlif çalarlı musiqiləri yaratmaq və zövqünü formalaşdırmaq imkanı verir. Məhz bu səbəbdən də istənilən müasir musiqinin muğamla sintezi, bir növ onun əbədiyaşarlıq qazanmasına imkan verir. Digər tərəfdən, heç şübhəsiz ki, muğamı özünün ilkin, orijinal formasında qoruyub-saxlamaq da şərtdir.
   
   Bu mənada son bir neçə ildə sırf muğam sənəti ilə bağlı bir neçə fundamental layihələr həyata keçirilib. Təbii ki, bu işdə əsas missiyanı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yerinə yetirir. Onun məsələyə həssas münasibəti muğamın təbliği və daha da inkişaf etdirilməsi üçün bütün tədbirləri əhatə edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan muğamının səsi YUNESKO kimi nüfuzlu təşkilatdan gəlir. Bu ardıcıl və məqsədyönlü fəaliyyətin davamı kimi ölkəmizdə ilk dəfə olaraq «Muğam aləmi» adlı Beynəlxalq Muğam Festivalına start verildi. Bu ad altında bir sıra dünya ölkələrinin muğamını bu sənətin kök saldığı Azərbaycana gətirən irimiqyaslı tədbir bir daha göstərir ki, biz muğam sənətinə ən çox töhfələr verən və onun təəssübünü çəkən xalqıq. Hamımızın böyük maraqla izlədiyi və dünyanın muğamsevərlərinin diqqətini ölkəmizə yönəldən tədbirin böyük əhəmiyyətə malik olması, ömrünü muğam sənətinin inkişafı və təbliğinə həsr etmiş korifey sənətkarlarımz tərəfindən də vurğulanır. Görkəmli xanəndə, xalq artisti, «Şöhrət» ordenli sənətkarımız Canəli Əkbərov qəzetimizə müsahibəsində bu tədbirin dövlətimizin muğam sənətinə, xalqın milli-mənəviyyatının, yaratmış olduğu böyük mədəniyyət nümunələrinə ehtiramı kimi dəyərləndirdi: «Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin göstəricisi olan muğam sənətinə həsr olunmuş bu festivalın ölkəmizdə təşkili çox böyük hadisədir. İlk dəfə düzənlənən Beynəlxalq Muğam Festivalında klassik muğam operaları, konsertlərlə yanaşı, simpoziumlar da keçiriləcək. Simpoziumun davam edəcəyi 3 gün müddətində elmi əsaslarla muğamın mövcud vəziyyəti, onun gələcək inkişaf yolları və istiqamətinin müəyyənləşdirilməsi ilə bağlı addımlar atılacaq. Simpoziumun bütün işləri müxtəlif dillərdə nəşr olunacaq. YUNESKO və İSESKO-nun, eyni zamanda dünyada xalq yaradıcılığı ilə məşğul olan qurumların ən tanınmış alimlərinin, ziyalıların iştirak edəcəyi bu tədbir, həm də Azərbaycan xalqının muğam sənətinə bəslədiyi dərin sevginin, bu sənətə vurğunluğunun və bilicisinə çevrilməsinin göstəricisidir.
   Muğamın coğrafi-tarixi vəziyyətini araşdırmaq, xarici qonaqları milli sərvətimiz olan muğamla tanış etmək məqsədi daşıyan tədbirin proqramı da çox zəngindir. Bu konsertlərin özü də, sanki muğam dünyasının coğrafi məkanını, ən müxtəlif üslub rəngarəngliyini, müxtəlif xalqlarda bəlkə də müxtəlif adlarla bu ənənə palitrasını göstərəcək.
   Festivala İran, İraq, Hindistan, Misir, Suriya, Çin kimi 10-dan artıq Şərq ölkəsindən muğam ustaları təşrif buyuracaq. 8 gün davam edəcək konsert proqramlarında İtaliya, Suriya, Çin və İraqdan tanınmış ifaçılar gələcək. Təbii ki, bütün bunlar həm yaradıcılıq mübadiləsi, həm də muğamın bilicilik səviyyəsinin ölçülməsi baxımından əhəmiyyətlidir». Azərbaycanın bu gün sürətlə inkişaf etdiyini, günü-gündən dəyişdiyini, gözəlləşdiyini deyən sənətkar, ölkəmizin bir sıra beynəlxalq mədəni tədbirlərə ev sahibliyi etməsinin onun nüfuzuna çox müsbət təsir etdiyi qənaətindədir: «Respublikamız bu gün dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Bunu inkar etmək insafsızlıqdır. Özü də bu tərəqqi paytaxtla məhdudlaşmayıb, bütün regionları, ən ucqar kənd və qəsəbələri də əhatə edir. Bunu ölkənin bütün bölgələrini gəzən xalqın sənətkarı kimi əminliklə deyə bilərəm. Vallah, çox vaxt adam gözlərinə inanmır. Mən əvvəllər xarici ölkələrə ezam olunarkən oradakı şəhərləşmə mədəniyyətini, abadlığı, gözəlliyi, müasirliyi görəndə köks ötürər və deyərdim ki, İlahi, görəsən, bizim ölkədə də belə vəziyyət olacaq - gözəl, müasir binalar, geniş yollar, körpülər salınacaq? Şükür ki, Azərbaycan xalqı birliyini önə qoydu, ulu öndəriin siyasi yolunu dəstəklədi. O, ölkəni çox haqlı olaraq İlham Əliyev cənablarına etibar etdi və o da beş illik prezidentlik dövründə öz fəaliyyəti ilə xalqın yüksək etibarını qazandı və xalq ikinci dəfə də öz alicənablığını göstərərək bir nəfər kimi ona səs verdi. Biz sevinirik ki, İlham Əliyev ulu öndərimizin siyasi akademiyasının məzunudur».
   Mədəniyyət sahəsinin ölkə rəhbərinin diqqət mərkəzində olduğunu da nəzərə çatdıran sənətkar, təkcə bu sahə ilə bağlı bir-birindən maraqlı, gərəkli layihələrin gerçəkləşdirildiyindən danışdı: «Təbii ki, bir sənətçi kimi bundan məmnunluq duyuram. Ömrümün 50 ilini muğam sənətinin inkişafına sərf eləmiş adam kimi birinci mən sevinirəm.
   Bu gün ölkədə aparılan islahatların biri də məhz milli musiqimizin bundan sonrakı inkişafına şamil olunur. Mən həmişə demişəm, indi də deyirəm: milyon-milyon kişilərin edə bilmədiklərini YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva etdi. O, Azərbaycan muğamının dünyada tanınması üçün min cür əzab-əziyyətli yollar keçdi və nəhayət nəticə baxımından muğamın inkişaf bayrağını dünyanın ən şöhrətli təşkilatlarından olan YUNESKO-nun ən uca zirvəsinə sancdı. Təsadüfi deyil ki, bu gün dünyada analoqu olmayan Beynəlxalq Muğam Mərkəzi məhz Azərbaycanın döyünən ürəyi olan Bakıda ucaldıldı və xalqın istifadəsinə verildli. O muğam mərkəzi ki, artıq dünyada ilk dəfə olaraq, Azərbaycanın mərkəzində ı Beynəlxalq Muğam Festivalı, simpoziuma məbəd ucaldacaq. Bu addımın özü xalqın böyük sənətinə olan ehtiramının təzahürü, ən uca nöqtəsidir. Tədbirdə dünyanın məşhur şərqşünas alimlərindən tutmuş, musiqişünaslara qədər nümayəndələr, muğamşünaslar və muğam ifaçıları gələcək. Beləcə, Azərbaycan muğam mərkəzi kimi bir daha təsdiqlənəcək. Məhz Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi onu göstərir ki, bu sənət məhz Azərbaycanda öz kamillik dövrünü yaşamağa başlayıb. Çünki bu ölkənin rəhbəri və onun xanımı bir fikrə xidmət edərək milli musiqimizə yiyə durmaq məsələsini önə qoydular. Bu sənəti yaşatmaq, xalqın milli musiqisinə dəyər vermək üçün gördükləri işlər göstərir ki, muğam Azərbaycanındır. Ona görə də Azərbaycan xalqı öz muğamına təzədən yiyə durdu».
   Bu gün muğam sənətinə diqqətin təzahürü olaraq bu sənət sahəsinə axının müşahidə edildiyini də deyən müsahibim, ölkədə keçirilən bir sıra muğam müsabiqələrində yeni-yeni səslərin, ifaçıların, nəfəslərin ortaya çıxdıdığını və onların Azərbaycan muğamlarını nəinki ölkədə, onun hüdudlarından kənarda da təmsil etdiyinə çox şad olduğunu dedi: «Muğam sənətinin təbliği və gənclərin bu sənəti sevmələri və muğamla olmaları üçün atılan bu dəyərli addımlara görə də ancaq təşəkkürlər düşür.
   Bizi yaşadan və xalqa sevdirən bu sənətdə ardıcılların yetişməsi, onların xalqın mədəniyyətinin əsas daşıyıcılarına sahib çıxmaq əzmi təqdirəlayiq haldır. Bununla yanaşı, qeyd edim ki, xanəndənin yaddaşlara nəqş olunması üçün sənətkarın ictimai mövqeyi onun sənət mövqeyi ilə birləşməlidir, sənətkar fərdi şəkildə hər bir ailənin üzvü olmağı bacarmalı, bu qabiliyyət və istedadın sahibi kimi təşəkkül tapmalıdır. Bu prinsipi həyat amalı edən sənətkar kimi bu sözləri deməyə borcluyam. Çünki muğama olan hörmət və ehtiramın nəticəsində ailəmin, nəslimin, kökümün ehtiyacını sənətimlə ödəmişəm. Onun hesabına dünyanı gəzmişəm, festival və yarışmalarda iştirak etmişəm, xalqımın muğam sənətini tanıtmışam».
   Muğam ifaçılığında istedad faktorundan əlavə, musiqi təhsili sahəsində də müəyyən tarazlıq pozulub. Elə götürək beynəlxalq və yerli yarışmalarda, müsabiqə və festivallarda iştirakı. Diqqət yetirirdikdə, burada əsas yeri paytaxt məktəblərinin yetirmələri tutduğunu görürük. Bu problemi aradan qaldırılması üçün bölgələrdə incəsənət təhsilli məktəblərin fəaliyyətinə, oradakı pedaqoji heyətin maksimum imkanlarının nümayişinə yardımçı olmaq, müəyyən nizamlama işi aparmaq lazım gəlir. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi respublika müsabiqələrində münsif kimi iştirak edən xalq artisti, problemin həlli yollarından da danışdı: «Hər iki ildən bir Mədəniyyət və Turizm Nazirliyi tərəfindən biz Azərbaycanın dilbər guşələrindən olan Astara şəhərinə ezam olunuruq, gözəl səsə, istedada malik uşaqları seçirik. Həmin pöhrələr nazirlik tərəfindən diplom və pul mükafatlarına layiq görülürlər. Amma onların sonrakı taleyi ilə də ciddi məşğul olmaq gərəkdir. Mənə elə gəlir ki, onlara qayğı daha da artırılmalıdır. Qaldı ki, səsə onlarla səs mütəxəssisləri məşğul olmalıdır. Çünki imitasiya dövründə oğlanları qorumaq gərək, onlar bilmədən səslərini işlədir və nəticədə o məhvərindən çıxır, çox vaxt da tamam itir. Bundan başqa, onları digər mərhələlərdə də yarışmalara cəlb etmək, bacarığına uyğun istiqamətlərə sövq etmək, bir sözlə onların üzərində işləmək lazımdır. Bilirsiniz, bu məqamda müəllimdən çox böyük məsuliyyət və yüksək peşəkarlıq tələb olunur. İstənilən sənətkar xalqa sənəti ilə yanaşı, bir pedaqoq kimi də xidmət etməlidir. Çünki zaman keçir və nəsillər bir-birini əvəz edir. Bu təbii prosesdə sənətkarın qazancı xalqın sevgisi ilə yanaşı, xalqa bəxş etdiyi, yetişdirdiyi istedadlardır. Bu, ifaçının, xalq sənətini yaşadan sənətkarın ümdə vəzifəsidir.
   30 il sərasər Opera və Balet Teatrında ən aparıcı obrazları oynamaqla bərabər, sənət meydanına xalq artistləri Səfa Qəhrəmanov, Mənsum İbrahimov, Səkinə İsmayılova, Qəndab Quliyeva və Gülyaz Məmmədova kimi ifaçıları hazırlamışam».
   
   Söhbətləşdi: Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar