Milli-mənəvi dəyərlərə, mədəni irsə sayğının, milli sərvətimiz olan muğamlarımızla tanışlığın, onlara əbədi bağlılığın yolu orta məktəbdən keçir. Gənc nəslin təlim-tərbiyəsində, yetkinləşməkdə, mənən zənginləşməkdə olan məktəblilərin, xüsusən də orta yaşlı uşaqların, yeniyetmələrin formalaşmasında milli musiqinin-muğamların, xalq mahnı və təsniflərinin önəmli yeri var. Bu baxımdan Beynəlxalq Muğam Festivalı çərçivəsində ölkəmizdə keçirilən tədbirlər sırasında təhsil müəssisələrində təşkil edilən silsilə konsertlərin rolu əvəzsizdir. Bahar bayramı günlərində bir-birindən maraqlı, zəngin repertuarlı, təqdimat və təbliğat xarakterli konsertlərdə məktəblilər gözəl ifaçılar və ifalarla tanış olur, muğamlarımız, onların tarixi, inkişaf yolu, insanlara təsir imkanları, yaratdıqları duyğular barədə musiqişünaslardan geniş bilgi alırlar.
   Bakının Nəsimi rayonundakı 1 saylı orta məktəbin rəhbərliyinin təşəbbüsü ilə məktəbin geniş akt salonunda düzənlənən konsert də muğam ovqatı üstündə köklənmiş əsl musiqi bayramına çevrildi. Şagirdlər yaz tətilinə buraxılsalar da, konsertə böyük həvəslə gəlmişdilər. Salona muğamsevərlər, onu dinləməkdən zövq almağı bacaranlar toplaşmışdılar. Azərbaycan Milli Konservatoriyasının tələbələri, xanəndə Əbülfəz Dəryahi ilə Məmməd Nəcəfovun ifasında «Şur», «Çahargah», «Heyratı», «Bayatı-Şiraz» muğamlarını dinləyən uşaqlar, sanki sirli bir aləmlə qarşılaşdılar. Sözün, musiqinin, ifanın gözəlliyi uşaqları bir andaca sehrlədi. Uşaqlar duyğularını, sevgilərini alqışlarla bildirdilər. Hər dəfə xanəndələr səhnəyə çıxmazdan öncə, tələbə musiqişünasların muğamlar barədə məlumatları, ustad sənətkarların söylədikləri fikirlərlə tanışlıq maraqla qarşılandı. «Şur»un insanda şən, xoş ovqat yaratdığını, «Humayun» sözünün cənnət quşu, şadlıq, xoşbəxtlik anlamında işləndiyini, «Çahargah»ın «dörd yer, dördüncü dayanacaq» demək olduğunu, «Bayatı-Şiraz»ın qabaqlar «Bayatı-İsfahan» adlandığını bəlkə də çoxları ilk dəfə eşidirdi. Tələbələrdən Məryəm Hüseynovanın, Nurlan Cəfərlinin, Azad Yusifovun müşayiəti ilə təqdim olunan muğam və təsniflərdən ibarət bu konsert 1 saylı orta məktəbin müəllim və şagird kollektivi üçün unudulmaz xatirə, əsl Novruz sevinci, Bahar hədiyyəsi oldu.   

  Fimar







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar