Redaksiyamızın illərlə formalaşmış, dəyişilməz bir ənənəsi var: Mədəniyyətimizə, incəsənətimizə xidmət edən tanınmış insanlar içində ərki çatanlar dəvət-çağırış gözləmədən qonağımız olurlar. Bu «ərki çatmaq» məsələsi isə zəhmət, sənətə həsr olunmuş illər hesabına başa gələn bir məsələdir. Redaksiyamızın budəfəki qonağı əməkdar artist, müğənni Ədilə Əflaki oldu. Ədilə xanım gəlişindən də çox, özü ilə gətirdiyi dəyərli şəkillər, sənədlər və materiallarla təəccüb, maraq oyatdı. Qeyd edək ki, Ədilə xanım mədəniyyətimizdə böyük xidmətləri olmuş Nəzərlilər nəslinin nümayəndəsidir. Rəssam Nəcəf, Rasim Nəzərli, əməkdar rəssam Hacağa Nəzərli, musiqişünaslar Ələkbər bəy Nəzərli və Mehdi bəy Nəzərlinin Azərbaycan Dövlət Ensiklopediyasında öz səhifələri var. Ədilə xanımın özü ilə gətirdiyi babasından qalmış kiçik, amma dəyərli arxivini nəzərdən keçirdikdən sonra söhbət əsnasında məlum oldu ki, Ədilə xanımın anadan olmasının 55, səhnə fəaliyyətinin 40 ili tamam olur. Söhbət müğənninin ömür və sənət tarixçəsinə nəzər salmaqla başladı.
  
  
   - Biz Zeynəb Xanlarova ilə bir küçədə yaşayırdıq. Zeynəb xanım mənim anamla rəfiqəlik edirdi. Anam məşhur qarmonçalan Ələkbər bəy Nəzərlinin qızı idi. Atam, əmilərim sənətə bağlı adamlar idi. Yəqin, həm də bu, mənim sənətə gəlməyimdə rol oynayıb. Tükəzban İsmayılovanın ilk tələbəsi mən olmuşam. Onunla Azərbaycanın bölgələrində, ölkədən kənarda qastrollarda olmuşuq. Əvvəl filarmoniyada, sonralarsa Azərbaycan Dövlət Konsert Biliyində çalışmışam. Müslüm Maqomayev, Layme Vaykule kimi dünyaşöhrətli insanlarla bir cədvələ qol çəkib maaş almışam.
   İncəsənət Universitetini bitirmişəm. Bir az çətin olub mənim üçün. Ailə ilə, işi də yola vermək lazım idi. “Azkonsert” özünü maliyyələşdirən qurum olduğundan heç analıq məzuniyyəti də vermirdilər. Qastrollar, institut, uşaqlar - iki oğlum var. Mərhum Sara Qədimova ilə Gürcüstan, Dağıstan, Ermənistanda qastrollarda olduq. Tam beş ay vilayətləri gəzdik. Konsertlər verdik. Ən çox Tükəzban İsmayılova və Həbib Bayramovla işləmişəm. Onların sayəsində mən müğənni Ədilə Əflaki oldum.
   90-cı illərin əvvəllərində vəziyyət dəyişdi. Müharibə başladı. 1989-cu ildə “Azkonsert” fəaliyyətini tamam dayandırdı. Səhnəmizin işıqları söndü. Mən də qət etdim ki, boş oturmaq olmaz. Mən nə edə bilərdim? Əsgərlərə mənəvi dəstək göstərməkdən başqa? Musiqili Komediya Teatrının aktrisası mərhum Məsumə xanım Rzayeva ilə birgə cəbhə bölgələrinə yollandıq. Əslində musiqinin vaxtı deyildi, amma onların mənəvi dəstəyə ehtiyacları olduğunu da bilirdim. Məsumə ilə cəbhə bölgələrini gəzməyə başladıq. Ən qaynar nöqtələrdə konsertlər verirdik. Flora xanımla rastlaşırdıq, Amaliya Pənahova da cəbhə bölgələrində çıxış edirdi.
   Amma bizimlə heç kim getmirdi. Hətta çalğı alətləri olmadan belə, oxuduğum anlar olub. Bəzən bizimlə musiqiçilərdən heç kim getmirdi və mən musiqisiz oxumağa məcbur olurdum. O zaman aktyor Yaşar Nuri bir komitə yaratmışdı - mədəniyyət adamlarını cəbhə bölgələrinə göndərirdi. Ondan xahiş edirdim ki, musiqiçi versin. Deyirdi ki, musiqiçi yoxdur.
   Evdə iki uşaq atasız böyüyürdü. Adamlar məni qınayırdılar. Amma həqiqətən Vətənə xidmət etmək istəyirdim. Mən bunu reklam xatirinə etmirdim. Heç çoxları kimi yanımda kamera da aparmırdım. Dövlət televiziyamızda «Durna teli» adlı bir veriliş var idi. Bu verilişdə cəbhə xəttindən məlumatlar verilirdi. Yerli müxbirlər bizdən çəkdikləri lenti televiziyaya göndərirdilər. Sonralar bu çəkilişləri topladım və Müdafiə Nazirliyinə göndərdim. Bizə Fəxri fərmanlar və nazirliyimizə təşəkkür məktubları göndərirdilər. Hətta Müdafiə Nazirliyinin rəqs ansamblında işə də dəvət etdilər. Əmin-amanlıq bərpa olunandan sonra cəbhə bölgələrinə gedənlər çoxaldı. Elə hərbi paltarda klip çəkdirənlər də.
   - Yəqin, bu səfərlərlə bağlı acı xatirələriniz var...
   - Bir dəfə kəşfiyyat batalyonunda çıxış edirdik, əsgərlərdən biri yaxınlaşıb dedi ki, bəlkə də, sizi sonuncu dəfə görürük. Bildim ki, kəşfiyyata gedəcəklər. Çox təsirləndim onda…həmin gün Məsumə xanım da xəstələndi, oradan gedə bilmədik. Axşam ətrafdakı binaların snayper atəşinə tutulduğunu gördük. Məsumə xanıma dedim ki, birdən qradlardan biri binaya düşər. Gəl son sözümüzü deyək, kim sağ qalsa, o evə çatdırsın. Məsumə xanım məni itələdi və bərk acıqlandı. Bundan xeyli ruh yüksəkliyi aldım.
   - Bəs əməkdar artist fəxri adını alarkən?
   - Əməkdar artist fəxri adı mənim üçün çox dəyərlidir. Çünki orada əmək sözü var. Əməyin qiymətləndirilməsi insanda xoş hisslər yaradır. .
   - Deyəsən, Muğam Teatrında işləyirsiniz?
   - Hə, işsiz qalan adam deyiləm. O vaxt az maaşla da olsa Muğam Teatrında işləməyə başladım. Muğam Teatrının solistiyəm. İndi orada yarımştat işləyirəm. İki oğlum, iki nəvəm var. Oğlanlarımdan biri əlildir. Belə...
   - Əsasən, xalq mahnılarının ifaçısısınız?
   - Milli musiqini tərənnüm edirəm. Muğam da oxuyuram. Amma muğamatçı deyiləm. Bəstəkar və xalq mahnıları daha çox ifa edirəm. Səid Rüstəmovun, Tofiq Quliyevin, Rauf Hacıyevin, Arif Məlikovun, Oqtay Kazımovun bəstələrini oxumuşam. Son zamanlar bəstəkar Tahir Əkbərlə işləyirəm. Çox gözəl bəstəkardır. Mənim ifamda onun «İncimə», «Bəri gəl» mahnıları çox sevildi.
   - Qastrollara gedirsiniz?
   - Rayonlarda qastrollarda oluram. Sonuncu dəfə prezident seçkilərində təbliğat kampaniyasında iştirak etmişəm. 18 rayonda çıxış etdim. Dövlətimizə həsr etdiyim mahnı ilə çıxış etdim. Kapella xorun müşayiəti ilə çağırış ruhunda olan bir mahnıdır. Bu mahnının klip kimi yox, musiqi nömrəsi kimi işlənməsini istəyərdim ki, tarixi əhəmiyyətli günlərdə telekanallarda nümayiş olunsun.
   - Bayaq söhbətinizdə Firuzə İbadova, Səməd Səmədov, Ruhəngiz Musəvi kimi müğənnilərin adını çəkdiniz. Nədənsə, sizi onlar qədər tanımırlar.
   - (Gülür) Adı çıxan onlar olub, canı çıxan mən. Bilmirəm. Onu bilirəm ki, səsim var, görkəmim var, dünyagörüşüm var, danışığım var... Unudulan mahnıları da məndən soruşurlar.
  
   Aişə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar