Bugünlərdə Azərbaycan Bəstəkarlar İttifaqının Mahnı və estrada musiqisi bölməsinin iclası keçirilmişdir. Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin də iştirakı ilə keçirilən iclasa rəhbərlik edən ittifaqın katibi, əməkdar incəsənət xadimi Eldar Mansurov son illər musiqinin ən populyar janrlarından olan mahnı yaradıcılığında xoşagəlməz halların artdığını, qeyri-peşəkar və təsadüfi adamların özlərini «bəstəkar» adlandıraraq bu sənətə baş vurub maliyyə imkanlarının hesabına efiri «mahnılarla» zəbt etdiyini söyləmişdir. Belələrinin ucbatından bəstəkarlıq sənətinin nüfuzuna xələl gəldiyini söyləyən E.Mansurov mahnı janrından, bu gün sənət növündən daha çox insanların şüuruna təzyiq vasitəsi kimi istifadə edildiyini və həmkarlarından artıq həyəcan təbilinin çalındığı bir məqamda belə bir vəziyyətin normallaşdırıllması istiqamətində təklifləri bildirməyi və bu istiqamətdə birgə fəaliyyət göstərməyi qeyd etmişdir:
  
   «Peşəkar bəstəkarların əsərləri bu gün efirdə səsləndirilmir. Bəstəkarlıq sənətini təhqir etmək olmaz. Küçədən gedən sıradan bir şəxs də özünə bəstəkar desin, mən də. Lazımdırsa, lap telekanallara müraciətlər göndərək ki, qeyri-peşəkar musiqi ilə peşəkar bəstəkarın yaradıcılığına fərq qoyulsun». Mahnı yaradıcılığı sahəsində respublikamızın tanınmış bəstəkarları - əməkdar incəsənət xadimləri Ruhəngiz Qasımova, Sərdar Fərəcov, bəstəkarlar Mobil Babayev, İlham Abdullayev, Aygün Səmədzadə, Nadir Əzimov, Cahangir Zülfüqarov, Vüqar Camalzadənin iştirak etdiyi iclasda mahnı yaradıcılığının müasir vəziyyəti müzakirə edilmişdir. F.Əlizadə mahnı yaradıcılığında yaşanan nöqsanların nəinki peşəkar musiqiçiləri, hətta sadə insanlanları da narahat etdiyini vurğulamışdır:
   «İnsanlar mənə tez-tez zəng edib Bəstəkarlar İttifaqının sədri kimi bu acınacaqlı vəziyyətin aradan qaldırılması üçün lazımi ölçülərin götürülməsini tələb edirlər. Bu birbaşa bizdən asılı məsələ deyil. Özəl telekanallar reytinq xatirinə efiri qeyri-peşəkarların mahnılarına üstünlük verirlər. Bəlkə də, 10 faiz peşəkar musiqi səsləndirildiyi təqdirdə, efirdə yayımlanan musiqilərin 90 faizi qeyri-peşəkarların payına düşür. Peşəkar bəstəkarların aranjimana həvəs göstərməməsi,ümumiyyətlə öz işlərini başqalarına həvalə etməsi, aranjimançıların mahnı bəstələməkləri ilə nəticələnir. Bu səbəbdən bəstəkarlarla aranjimançılar arasında problem yaranır. Aranjimançılar özləri etiraf edirlər ki, İnternetdən hazır standart qəlibləri axtarıb tapır, hərəsindən bir parçanı götürüb birləşdirib, mahnı formasına salırlar. Halbuki, onların heç not və ya partitura yazmaq bacarığı yoxdur. Məhz bu məsələləri nizamlamaq üçün telekanallarda Bədii şuraların bərpa olunmasına ehtiyac yaranıb. İstərdik ki, sağlam rəqabətin yaranması üçün bəstəkarlar öz əsərlərini bu şuralara təqdim etsinlər, telekanalların musiqi redaksiyalarına Bəstəkarlar İttifaqının üzvlərinin cəlb edilməsini çox istərdik. Bununla yanaşı, bəstəkarlarımız müasir tələbata cavab verən keyfiyyətli əsərlər bəstələməlidirlər və öz əsərlərini özləri aranjiman etməlidirlər».
   40 ilə yaxın mahnı yaradıcılığında əməyi olan əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova təklif etdi: “Peşəkar bəstəkarlara maliyyə dəstəyi kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onların əsərləri sovet dövründə olduğu kimi alınmalıdır. Peşəkar bəstəkarlar pulu olmadığına görə, mahnısını efirlərdə səsləndirə bilmir və onların yerini də imkanı olan «bəstəkarlar» tuturlar. Bu məsələ ilk növbədə həllini tapmalıdır. İndiyədək hərə öz imkanı hesabına birtəhər iş görə bilib, artıq həyəcan təbili çalınıb, ona görə də qüvvələrimizi birləşdirib, birgə bu vəziyyətin normallaşması istiqamətində mütləq işlər görməliyik».
   Bəstəkar Sərdar Fərəcov çıxışında bildirmişdir ki, müasir dinləyicinin tələbatını ödəmək üçün peşəkar bəstəkarlarımız öz üzərlərindən çox çalışmalıdırlar: «Bəzən peşəkar bəstəkarların elə əsərlərini eşidirik ki, onun peşəkar olması isanda şübhə yaradır. Gəlin özümüzü aldatmayaq, 10 ildən çoxdur belə anormal vəziyyətə qarşı mübarizə aparırıq, hələ də bir nəticə hasil olmayıb».
   Bəstəkar Nadir Əzimov isə çıxışında telekanalların musiqi redaksiyalarında qeyri-peşəkarların rəhbərlik etməsinə toxundu.
   Bəstəkar Vüqar Camalzadə bəzi rəsmi qurumların mahnı sifariş edərkən nədənsə qeyri-peşəkarlara müraciət olunduğunu qeyd etdi: «Bu gün dövlət sifarişi ilə müxtəlif filmlər çəkilir. Bu filmlərə musiqinin bəstələnməsi üçün artıq qeyri-peşəkarlar müraciət olunur. Əgər Bədii şuralar fəaliyyət göstərsə, sağlam rəqabət yaranar».
   Bəstəkar Mobil Babayev isə problemlərin aradan qaldırılması istiqamətində ilk iş kimi Dövlət Televiziyasında Mədəniyyət və Turizm Nazirliyinin məsul şəxslərinin iştirakı ilə canlı yayımda dəyirmi masanın təşkil olunmasını təklfi etdi.
   İclasın sonunda aşağıdakı təkliflərin müraciət formasında müvafiq orqanlara göndərilməsi qərara alınmışdır:
   Telekanallarda Bədii Şuraların fəaliyyəti bərpa edilsin.
   Telekanalların musiqi redaksiyalarının fəaliyyətinə peşəkar musiqiçilər cəlb edilsinlər.
   Peşəkar bəstəkarların yaradıcılığına lazımi qədər efir vaxtı ayrılsın.
   Dövlət sifarişi ilə istehsal olunan filmlərə musiqinin bəstələnməsi peşəkar bəstəkarlara həvalə edilsin.
   Piratçılıqla mübarizə sərtləşdirilsin.
   Mədəniyyət və Turizm Nazirliyinin bu sahəyə məsul vəzifə sahiblərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Azərbaycan Dövlət Televiziyasının canlı yayımında dəyirmi masa təşkil olunsun.
  
   İltifat HACIXANOĞLU,
   Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri