...Yəni hər kəs üçün!
  
   Bu gün yaşadığımız bu fani dünyada bəzi yazılmamış qanunlar mövcuddur. Məsələn, kiməsə nəsə hədiyyə etmək, kiminsə ünvanına tərif-təbriklər göndərmək, kiminsə ünvanına isə rəhmət oxumaq üçün xüsusi günləri qeyd etmək! Düşünürəm ki, əgər bütün bunlar ürəkdən gələcəksə, o günün gəlib çıxmasını gözləməyə ehtiyac yoxdur. Ona görə də deyərdim ki, bu həftənin ilk iş günü Mstislav Rostropoviçin ev-muzeyində keçirilən “Maestroya ithaf olunur” adlı tədbir, dünyaşöhrətli violonçel ifaçısı, məşhur dirijor və sevimli həmvətənimiz Rostropoviçi təkcə yad etmək üçün yox, onun ruhunu şad etmək üçün təşkil olunmuşdu.   

   Bəstələri daim sevə-sevə dinlənilən bəstəkar 1927- ci il, martın 27- si Bakıda doğulub. Artıq 1970- ci illərdən Qərbin aparıcı dirijorlarından biri kimi şöhrət qazanan sənətkar, 17 il ərzində Vaşinqtonda Milli Simfoniya Orkestrinin bədii rəhbəri olmuş, müntəzəm olaraq Berlin Filarmoniyası, Boston Simfonik Orkestri, London Filarmoniyası və London Simfonik Orkestrində dirijorluq etmiş, SSRİ xalq artisti adına, “Stalin” (1966) və “Lenin” (1951, 1964) mükafatlarına və bir çox beynəlxalq mükafatlara da layiq görülüb. 1992- ci ilin Dövlət mükafatı laureatçısı olan Mstislav, “Heydər Əliyev” ordeni ilə də təltif olunub. Bizim üçün isə o, böyük bir sənət nümunəsi qoyub gedib.
   1997- ci ildən, yəni uzun fasilədən sonra yenidən ustad dərsləri verməyə başlayan Rostropoviç ömrünün 80-cı baharında, yəni 2007- ci il aprelin 27- si dünyasını dəyişib. Elə vəfatının ildönümü ilə əlaqədar olaraq keçirilən tədbiri, əvvəlcə öz ürək sözləri, sonra isə Sevinc Heydərovanın mərhum sənətkara həsr etdiyi şeirlərlə İozif Tkaç açıq elan etdi. Daha sonra Rostropoviçdən ustad dərsləri alan, Respublika müsabiqəsinin laureatı, Kamera Orkestrinin ifaçısı, violonçelçi Alyoşa Miltıx öz ifası ilə fərqləndi. Həmçinin tədbirdə çıxış edən Rostropoviç Xeyriyyə Fondunun nümayəndəsi Şahin Ağayev, mərhum sənətkarın hələ sağlığında ikən yaratdığı, Azərbaycanda isə 2002-ci ildən fəaliyyət göstərən fond haqqında bəzi məlumatlar verdi. Hətta Şahin bəyin açıqlamasına görə, uşaqlar üçün əlindən gələn yardımı əsirgəməyən Rostropoviç sağlığında bir çox uşaqlarla özü şəxsən görüşürmüş. Heç təsadüfi deyil ki, onun adı tarixə məşhur musiqiçidən əlavə, məşhur xeyriyyəçi kimi də düşüb. Sonda Şahin Ağaayev bu sözlərlə öz çıxışını başa vurdu: “Hər şey dəyişir. Zaman da, hətta fondun proqramları da... Dəyişməyən bircə şey varsa, o da bizim hədəfimizdir”.
   Əməkdar artistlər, opera ifaçısı Gülnaz İsmayılova və pianoçu Murad Hüseynov musiqi proqramı ilə tədbirə rəngarənglik qatdı.
   Sənətkarın ev-muzeyinin direktoru Şeyla Heydərova isə göz yaşı ilə Rostropoviçdən sevə-sevə danışdı.
   Rostropoviçin tələbəsi Eyyub Əliyevin tədbirdəki yerini xüsusilə vurğulamamaq günah olardı. Məncə, tədbirdə iştirak edən və Eyyubun o səmimi, ürək dolusu, eyni zamanda bir qədər emosional ifasının şahidi olan, bu ifanı onun necə yaşayaraq səsləndirməsini görən, çox yox, azacıq musiqi duyumu olan hər bir şəxs mənimlə tam razı olar: Rostropoviç dünyanın ən zəngin insanı olub. Çünki bu gün özü həyatda olmasa da, tələbələri onu və onun sənətini bu cür yaşada bilirlərsə, deməli, Rostropoviçdən xoşbəxt və zəngin insan yoxdur dünyada! Zənnimcə, məşhur fransız bəstəkarı Şarl Quno, “Bizi özümüzdə saxladığımızdan daha çox, başqasına verdiyimiz zənginləşdirir” - deyərkən elə bunu nəzərdə tuturmuş.
   Belə! Ruhun şad olsun, əziz maestro!..
  
   Könül NƏCƏFOVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar