Bu il də milyonlarla tamaşaçı «Eurovision» mahnı müsabiqəsinin həyəcanını yaşayır. Ötən il möhtəşəm müsabiqədə ölkəmizi ilk dəfə Elnur Hüseynov və Samir Cavadzadə təmsil etdilər. Musiqisi Gövhər Həsənzadəyə, sözləri Zəhra Bədəlbəyliyə məxsuz “Day after day” - “Gündən-günə» mahnısı Azərbaycanı onluqda 8-ci etdi. Həmyerlilərimiz Azərbaycan musiqisinin möhtəşəmliyini bir daha dünyada sübut etdilər. Bu il isə “Eurovision-2009”da isə bu missiyanı gənc müğənni Aysel Teymurzadə yerinə yetirəcək. O, Avropanın ən nüfuzlu musiqi yarışmasında fars əsilli bəstəkar Araşın “Always” mahnısını oxuyacaq. Mahnının ölkəmizə nə dərəcədə uğur qazandıracağını may ayının əvvəlində biləcəyik. İndi isə həyəcanla bərabər, mətbuatda səslənən müxtəlif fikirlərə keçid alaq.
  
   Qeyd edək ki, bu ifaçı ilə bağlı musiqiçisindən sıravi vətəndaşa qədər hər kəs müxtəlif mövqe nümayiş etdirir. Birmənalı qarşılanmayan yarışmaya münasibətin kulminasiya nöqtəsində isə iştirakçılara uğur arzulayanlar həmrəylik nümayiş etdirməyi bacarırlar. Tanınmış bəstəkarların fikrinə keçid almazdan əvvəl isə qeyd edək ki, bu mahnıya klip Ukraynada çəkilib. İTV-nin "Eurovision-2009" yarışması üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimlinin mətbuata verdiyi məlumata görə, klipin süjet xətti mətnə uyğundur və çəkilişi İsveç mütəxəssislərinə həvalə olunub. Ancaq texniki avadanlıqlar ukraynalılara aiddir. Təmsilçilərin geyim forması şouya uyğun seçiləcək. Müsabiqəyə hazırlıq işləri davam edir.
   Bəs bəstəkarlarımız bu barədə hansı qənaətdədirlər?
   Əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov mahnını dinləyib bəyəndiyini dedi. Müəyyən etaplardan keçib, münsiflərin qəbul etdiyi bu mahnının aranjimanı bəstəkarın xoşuna gəlsə də, bu barədə qeyd etmək istədiyi fikirlər də oldu: “Cütlük münsiflərin rəyinə uyğun seçilib. Mahnı da müasir dövrün tələblərinə uyğundur. Çox istərdim ki, cütlük birincilik qazansın. Ola bilər ki, bu seçim kiminsə xoşuna gəlsin və ya əksinə, qəbul etməsin. Ancaq mən yenə o fikrimə gəlirəm ki, bu mahnı müasir dövrün tələbidir. Ona görə də bu musiqi janrına müraciət olunub. Hər iki gəncə inanıram. Onluğun içində yer tutacaqlarına böyük ümid bəsləyirəm”. Bəstəkardan “Always” mahnısının aranjimanında tar alətindən istifadə olunmasını peşəkar musiqiçi kimi necə dəyərləndirdiyini də öyrəndik. O, bu barədə dedi: “Aranjimanda tarın səslənməsində fikrim budur ki, mahnının içində milli musiqi alətimizi nümayiş etdirmək istəyiblər. Bu, milli-mədəni dəyərlərimizin, zəngin mədəniyyətimizin, qədim tariximizin təbliğində ən müasir üsullardan məharətlə istifadə edilməsi məqsədi daşıyır. 3 dəqiqəlik mahnıda bütün musiqi alətlərimizdən istifadə etmək qeyri-mümkündür. Ona görə də yalnız tar seçilib. Mahnıya balaban, tütək, zurna və digər alətləri də seçmək olardı. Bu, mütləq deyil. Tar da bizim milli musiqi alətimizdir. Hər halda, xarici görünüşü, plastikası müasir dövrün şərtlərinə uyğun gələn bu iki gəncə uğurlar diləyirəm».
   Bəstəkar Eldar Mansurov isə tamamilə başqa bir fikirdədir. O, birinci olmaqdan çox, milli musiqimizin layiqincə təmsil edilməsini vacib sayır və hesab edir ki, maraqlı mahnı ilə yadda qalmaq lazımdır.
   Əməkdar incəsənət xadimi bəstəkar Gövhər Həsənzadə mayın 16-da Moskvada keçiriləcək “Eurovision-2009" mahnı yarışmasında Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araşın ifa edəcəyi ”Hər zaman” mahnısına münasibətini indiyə qədər dəfələrlə söylədiyini vurğuladı. O, müsabiqənin nəticəsi bəlli olmayana qədər susmağı məsləhət bilir: “Mən indiyə qədər fikirlərimi dəfələrlə bildirmişəm. Ancaq qalan fikrimi müsabiqədən sonra qeyd edəcəyəm”.
   Qeyd edək ki, bəstəkar xanım müsahibələrində builki təqdimatdan narazılığını ifadə etmişdi. O hesab edir ki, peşəkarlıqdan uzaq olan mahnıda tarın səslənməsinin yeri yoxdur: “Yəqin musiqini dinləyən hər bir soydaşımız bunun azərbaycanlı tərəfindən yazılmadığı qənaətindədir. Çünki dinləyən kimi milli-musiqi alətimiz olan tarın mahnıya yamaq olduğu bilinir. Guya bununla musiqini azərbaycanlaşdırmaq istəyiblər, bu isə yamağa bənzəyir. İkincisi, mahnının ifasında Araşa daha çox yer verilib, nəinki Ayselə. Üçüncüsü, mahnının musiqi mətni çox bəsitdir. Bu heç də o demək deyil ki, şlyager musiqilər bəsit olmalıdır. Biz Avropaya Azərbaycanın şlyager mahnı faktorunu nümayiş etdirməyə getmirik. Ötən il təqdim etdiyimiz mahnı heç yaddaşlarda da qalmayıb və çox mürəkkəb olduğu üçün oxunması çətindir. Məncə, buna heç lüzum da yoxdur. Amma keçən il muğam, rok, azərbaycanlı müğənnilərin texniki imkanları vasitəsilə biz mürəkkəb Avropa janrında Azərbaycanın böyük bir musiqi kompozisiyasını təqdim etdik”.
   Gövhər xanım əksər bəstəkarımızın həmin mahnıdan dəfələrlə yüksək səviyyədə musiqi nümunəsi təqdim edə biləcəyini də vurğulayıb.
  
   ŞƏMSİYYƏ







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar