Xanəndənin ifası yüksək qiymətləndirildi
   
   Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsinin finalçılarından olan xanəndə Qoçaq Əsgərovun Azərbaycan Dövlət Filarmoniyasında "Saçın ucun hörməzlər" adlı konsert proqramı təqdim olunub. Eyni zamanda onun Böyük Britaniyada hazırlanmış "Sarı gəlin" diskinin təqdimat mərasimi keçirilib. Xatırladaq ki, Böyük Britaniyanın "ARC Music" şirkətində buraxılan bu diskin işıq üzü görməsi bir qrup erməninin "Sarı gəlin" haqqında fikir və cəhdlərini alt-üst edib. Belə ki, diskin hazırlanması zamanı britaniyalı musiqişünaslar bu xalq mahnısının keçmişi ilə bağlı araşdırma aparıb və onun Azərbaycana məxsus olduğunu göstərən dəlillər üzə çıxıb. Bu və digər məqamlar BBC radiosunun dinləyiciləri ilə bölüşdürülüb. Dəlillər eyni zamanda musiqişünasların yazılarında əksini tapıb. Bu işin ərsəyə gəlməsində Qoçaq Əsgərova YUNESKO-nun eksperti Sənubər Bağırova yaxından kömək olub. Disk buraxılmazdan öncə isə Q.Əsgərovun Böyük Britaniyada solo-konserti təşkil edilib.
   Filarmoniyada keçirilən konserti giriş sözü ilə açan Sənubər xanım Qoçağın ikinci imtahan qarşısında olduğunu bildirdi. Xanəndənin ilk ifası "Mürği-səhər"lə başladı. Daha sonra "Zabul" segahını dəstgah şəklində ifa edən Q.Əsgərov repertuarını "Sarı gəlin", "Saçın ucun hörməzlər" və digər xalq mahnıları və təsniflərlə zənginləşdirdi. Onu Əliağa Sədiyevin rəhbərlik etdiyi "Sarı gəlin" ansamblı müşayiət edirdi. Qoçaq Əsgərovun ifasını dinləməyə gələn Azərbaycanın xalq artisti Arif Babayev tələbəsi haqqında xoş sözlər danışdı:
   "Qoçaq çalışqan tələbələrimdən olub. Eyni zamanda o, vətənpərvər insandır. Bildiyimə görə, atəşkəsdən əvvəl könüllü hərbi hissəyə gedib və Füzulidə gedən döyüşlərin birində ağır yaralanıb. Bir neçə il əvvəl o, Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alıb. Daha sonra Azərbaycan Milli Konservatoriyasında mənim tələbəm oldu. Muğam müsabiqəsində də özünü sınadı və yüksək yerlərdən birinə layiq görüldü. Onun gələcəyinə inanıram. Qoçaq muğamlarımızın inkişafında böyük işlər görməyi qarşısına məqsəd qoyub".
   Konserti dinləyən xanəndələr Ağaxan Abdullayev, Sabir Abdullayev, Qəzənfər Abbasov, Cabir Abdullayev Qoçaq Əsgərovun ifasını yüksək qiymətləndirdilər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar