Bugünlərdə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qalib Soltanoğlunun «Asta çal balabanı...» kitabı işıq üzü görüb. Kitab məşhur sənətkar, ustad balabançı, kalvalı Əli Dədəyə (Kərimova) həsr olunub. Kitabın müəllifi Qalib Soltanoğlu 50 ilə yaxındır ki, Ağsu rayonundakı Kalva kənd orta məktəbində ana dili və ədəbiyyatımızın tədrisi ilə məşğul olur. Kalva və onun yörəsindəki 4 kəndin tarixindən bəhs edən «Yurd sorağında - Kalva» (2000) kitabının müəllifidir.
«Asta çal balabanı...» onun ikinci kitabıdır. Kitaba Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur ön söz yazıb: «Böyük ustad, kalvalı Əli Dədə (Kərimov Əli Zülfüqar oğlu) haqqında Qalib Soltanoğlunun yazdığı kitab müqəddəs bir iş kimi ürəyimi titrətdi. Oxudum, sevindim... Əli Dədə özü isə Cabbar Qaryağdıoğlu, Üzeyir Hacıbəyov, Əhməd Bakıxanov, Qurban Primov, Bülbül və onlarla böyük musiqiçilərimizlə dostluq edib. Hələ 1930-cu illərdə dahi bəstəçimiz, xalq havalarını nota köçürən, milli operamızın banisi Üzeyir bəyin tapşırığı ilə Bülbül kalvalı Əli kişinin 40-a yaxın el havasını lentə köçürüb və onların hissəsi indi Azərbaycan Dövlət Radiosunun «Qızıl fond»unda qorunur. Respublika Xalq Yaradıcılığı Evində Əli Kərimovla bağlı sənədlər qorunub saxlanılır. Ustad Əli Dədənin yaradıcılığı onun çağdaşları olan musiqişünasların, sənət bilicilərinin diqqətini çəkmişdi. Qara zurnanın atası ona görə xoşbəxt sənətkarlardan olub ki, hələ sağlığında onu öyrənməyə başlayıblar. Tədqiqatçı Bayram Hüseynli bundan ötrü Kalvaya getmiş, bir neçə ay ustadın evində qonaq olmuş, onun zurna, balabanla bağlı bütün dünyasını öyrənmişdi.
1984-cü ildə Moskvada rus dilində B.Hüseynli və T.Kərimovanın müəllifliyi ilə «Əli Kərimov» adlı kitab işıq üzü görüb. Əli Dədənin dövlət radiosunun «Qızıl fond»unda qorunan havalarından başqa, qalan havacatlarından xəbər yoxdur. Kim bilir, bəlkə onlar da itməyib, «xalq havası» adı ilə çalınır, səsləndirilir, ancaq yaradıcısının adı çəkilmədən. Bu kitaba kimi el sənətkarının həyat və yaradıcılığından bir neçə məqalə, radioverilişləri hazırlayan Qalib müəllim dəyərli bir iş görüb. Kitaba daxil olan xatirələr, Əli Dədəyə həsr olunmuş şeirlər də maraqlıdır. Az qala unudulan balabançı Əli kişilni gənc nəslə tanıtdıran Qalib müəllimə bu xeyirxah işdə Mədəniyyət və Turizm Nazirliyi dayaq oldu. Bu işin gerçəkləşməsinə yardımçı olanlara sayğımı bildirirəm».
Qalib Soltanoğlu belə bir mövzuda kitab yazmasının səbəbi haqqında bunları bildirir: «Əli Kərimovun sənəti ilə bağlı danışmaq, doğrusu, mənim üçün böyük məsuliyyətdir. Xalq mahnılarını, aşıq havalarını, muğamlarımızı dinləyəndə bir anlığa özümü unuduram. Qara zurnanın, yastı balabanın səsi gələndə ruhum bütünlüklə yenidən köklənir. O ki ola Əli Dədənin bənzərsiz, sehrli çalğısına. Onun çalğısı möcüzəlidir. Mən ustadın havacatlarını dinləyəndə, su kimi yumşaq, qayalar kimi sərt, buludlar kimi uca, gün kimi odlu, qış kimi soyuq oluram... Ə.Kərimovla bağlı el arasında çoxlu xatirələr var. Mən onlardan bacardığım qədər toplaya bildim. Doğrudur, ustadın sənətinin daha ciddi, elmi yöndən araşdırılmasına ehtiyac var. Bu kitabı Əli Dədənin anadan olmasının 135 illiyinə kiçik töhfə kimi yazdım. Ötən ilin dekabr ayında dövlət radiosunun «Sarıtel» verilişinin bir buraxılışı Əli Kərimova həsr olundu. El sənətkarının anadan olmasının 100 illiyinin keçirilməsinin də təşəbbüskarı mən olmuşdum, 1974-cü ildə onun yubileyi doğma Kalvada və Şamaxıda böyük təntənə ilə keçirildi. İnanıram ki, ustadın 135 illiyi də layiqincə keçiriləcək».
Ə.Kərimovun adı XIX əsrin sonu, XX əsrin birinci yarısı peşəkar xalq yaradıcılığının ən görkəmli nümayəndələri ilə bir sırada durur. O, Q.Primov, C.Qaryağdıoğlu, S.Şuşinski, Keçəçi oğlu Məhəmməd, Mirzə Məhəmmədhəsən, aşıqlardan Hüseyn Bozalqanlı, Ələsgər, Mirzə Bilal, Aşıq Əsəd, Aşıq Mirzə, Dədə Şəmşir, Ü.Hacıbəyov, S.Rüstəmov, Ə.Bakıxanov, Bülbül kimi görkəmli sənətkarların yaxın dostu və çağdaşı olub.
Əli Kərimov zurna, balaban, tütək kimi nəfəsli alətlərdə çox böyük sənətkarlıqla çalıb, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirib. Müəllif yazır: «Əli Dədənin böyük işi odur ki, o, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib. O, təkcə çalğıçı yox, həm də çoxlu mahnıların müəllifi, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub. Əli Dədənin çalğısı bugünkü çalğıya oxşamır. Onun çalğısında türkün qədimliyi, döyüşkənliyi görünür, eşidilir, duyulur. Onun çalğısı əski türk yurdu olan Kalvadan ucalan ulu babalarımızın səsidir. Həmin səs həmişə bizimlədir. Əli dədədən öncə də Kalvada zurna sənəti olub, indi də var. Ustadın nəticəsi Qənimət Qədirov babasının döyüşkən nəfəsini yaşadır. Demək, soy yaşayır, türk ulusumuzun zurna kimi böyük dəyəri itmir. Ustad sənətkar Əli Kərimovun adına bağışladığım kitabın işıq üzü görməsinə yardımçı olan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə sayğılarımı bildirirəm».
* * *
«Ustad haqqında deyimlərdən» bölümündə Ə.Kərimovun sənəti ilə bağlı deyilmiş bəzi fikirlər toplanıb.
«Mirzə Məhəmmmədhəsən “Humayun” və “Şur” dəstgahlarını məharətlə oxuyarmış. Bəzən zəngulə vura-vura, dizin-dizin məclisin ortasına kimi gələrmiş. O, uzun illər balabançı ustad sənətkar Əli Kərimovla da yoldaşlıq etmişdir».
Ərtoğrul Cavid,
Hüseyn Cavidin oğlu, musiqiçi
«Əli Kərimov balaban, zurna ifaçılığında Azərbaycanımızın zəngin, əlvan musiqi xəritəsində özümlülüyü ilə seçilən Şirvan musiqiçilərindən ibarət ifaçılar nəsli yetişdirmişdir. Kalvalı ustad Əli kişi 88 illik ömrü boyu bilgin sənətkarlarla çalıb-çağırıb».
Rafael Hüseynov,
millət vəkili,
«Əli Kərimovun öz barmağı var... O, xüsusi ifaçılıq tərzinə malik idi. O, ifa tərzinin dərinliyi və düşündürücülüyü ilə texniki imkanlarının hüdudsuzluğu, sadəliyi və müdrikliyi ilə fərqlənirdi. Onun yüksək ifaçılığı həmişə dinləyicilərin qəlbinə yol tapırdı... O, gözəl musiqiçi və gözəl insan idi. Onun mehribançılıq və sadəliyi, çətin anlarda insanların köməyinə gəlməsi, onu tanıyanların yaxşı xatirindədir. Mən bu görkəmli insanın əziz xatirəsini daima əziz tuturam...»
Əhməd Bakıxanov,
musiqiçi, xalq artisti
“Aşıq Şamil və balabançı Əli Dədə İsmayıllının Diyallı, Topçu, Qalacıq kəndlərində tez-tez olardılar... Tale Əlinin çaldığı balabandan qopan həzinliyi ancaq Şamilin səsindən ötrü, Şamilin qüdrətdən qaynayan şaqraq səsini isə Əlinin balabanından qopan sehrli nəvadan ötrü yaradıb.”
Musa Yaqub,
şair
«Vaxtilə Azərbaycanda «Humayun» muğamının məşhur ifaçıları olub. Bu ifaçılardan biri istedadlı xanəndə Mirzə Məhəmmədhəsən (1831-1907) idi. Onun oxumasında «Şur», «Çahargah», «Mahur», «Rast», «Bayatı - Şiraz», «Zabul» ilə yanaşı, «Humayun» da var idi. Görkəmli balabançalan Əli Kərimovun dediyinə görə, o, «Humayun»u 12 və ya 17 şöbə və guşədən ibarət bir dəstgah kimi oxuyardı. Əli Kərimov özü «Humayun»u Mirzə Məhəmmədhəsəndən öyrənib və balabanda bu muğam dəstgahını saat yarıma çalıb».
Ramiz Zöhrabov,
musiqişünas
“Balabançının çaldığı muğamlar, xalq havaları nəcib hisslər aşılayır. Onun bəmdə və zildə gəzişmələri qəlbləri ehtizaza gətirir”.
«Pravda» qəzeti,
1939-cu il, 24 avqust
Elçin