Bəstəkar və müğənnilərimiz qələbəni alqışlayırlar
   
   Budur, "Eurovision-2009" mahnı müsabiqəsi də beləcə başa çatdı. Həyəcan dolu günlər sevinclə əvəz olundu. Dostlar sevindi, düşmənlər də qaliblərə daş atıb onları ləkələməyə çalışdılar...
   
   Müsabiqədən əvvəl seçilən mahnı ilə bağlı bəstəkarların, müğənnilərin fikirləri müxtəlif idi. İndi artıq qələbəni qazanmışıq. Görəsən, musiqiçilərimiz indi nə deyəcəklər? Bu məqsədlə onların arasında kiçik bir sorğu keçirdik. “Biz sonda III yeri qazandıq. İkincidə sona qədər dayansaydıq daha yaxşı olardı. Bu da pis nəticə deyil”. Bu fikirləri onlarla apardığımız söhbətin nəticəsinə uyğun qeyd edirik.
   İlk müsahibimiz isə bəstəkar Gövhər Həsənzadə oldu. Müsabiqədən əvvəl qəzetimizə müsahibəsində Gövhər xanım son sözü nəticədən sonra qeyd edəcəyini söyləmişdi. Sözünü tutan müsahibimiz ürəyindəkiləri bizimlə bölüşdü: “Pis nəticə deyil. Təbriklərimi dilə gətirmək istərdim. Yaxşı sıradır. Bu, həm də Azərbaycanın qələbəsidir. Ölkəmizi həmişə birinci görmək arzusunda olan həmvətənlərimiz yalnız həmrəy olub, müstəqil ölkəmizin varlığı haqqında düşünməlidirlər”.
   Bəstəkar Vaqif Gərayzadənin sevinci də yerə-göyə sığmır. İştirakçılar haqqında yüksək fikirdə olan bəstəkar ürək sözlərini dilə gətirdi: “Yarışmaya 42 ölkə qatılmışdı. Onlardan 25-i final mərhələsində çıxış etdi. Aysel-Araş dueti də finala çıxdı. Beynəlxalq səviyyədə tanınmış ekspertlər və müxtəlif sorğu mərkəzlərinin açıqlamasında bu cütlük haqqındakı göstəricilər ürəkaçan oldu. Onlar olduqca uğurlu çıxış etdilər. Hər bir şey qaydasında idi. Biz bu uğura yalnız sevinirik. Xalqımıza təbriklərimi çatdırıram”.
   Xalq artisti Mübariz Tağıyevin sözləri təkcə təbriklərdən ibarət olmadı. Bir vaxtlar Ayselin iştirak etdiyi müsabiqədə jürilər sırasında oturan müğənni indi gənc bir qızın mötəbər müsabiqədə iştirakını uğur adlandırdı. O hesab edir ki, “Eurovision-2009” mahnı müsabiqəsində üçüncü yeri qazanmaq bu gənc qız üçün ən böyük uğurdur. Ancaq bu heç də onu arxayın salmamalıdır: “Ümumiyyətlə, gənclərə həmişə öz üzərlərində işləməyi tövsiyə edirəm. Bir vaxtlar haqqında adi sözlər deyilən Ayselin adı indi milyonların dilindən düşmür. Hesab edirəm ki, müsabiqələrin də, iştirakçıların da sayı çox olmalıdır. Onsuz da istedadlar özlərini yol açmağı bacaracaqlar” - deyən Mübariz müəllim həmvətənlərimizi təbrik etdi.
   Müğənni Tünzalənin sevinci yerə-göyə sığmır. O, Azərbaycanın qələbəsinə ürəkdən sevinir: «Biz 42 ölkə arasında 207 xal toplayaraq Azərbaycanın adını 3-cü sıraya qaldıran Aysel və Araşı böyük qələbə münasibətilə təbrik edirik. Bu, Ayselin yox, Azərbaycanın adıdır. Əlbəttə ki, gənc qızın əməyini kölgədə qoymaq fikrim yoxdur. Ümumiyyətlə, yarışların qalibləri öz vətəninin adını göylərə ucaldırlar. Bu münasibətlə hamını təbrik edirik”.
   Bəstəkar Səyavuş Kərimi, Oqtay Zülfüqarov, Nailə Mirməmmədli, Faiq Sücəddinov Azərbaycanın qələbəsinə böyük dəyər verdilər. Onlar belə bir yarışmanın ölkəmizdə keçiriləcəyi günün çox da uzaqda olmadığını vurğuladılar.
   
    ŞƏMSİYYƏ