Respublikada zəngin xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi və həvəsləndirilməsi məqsədilə 6-cı ildir ki, Uşaq xor kollektivlərinin Respublika festival və müsabiqələri keçirilir.
   
   26 may 2009-cu il tarixində Azərbaycan Dövlət Musiqili Kamediya Teatrında Uşaq xor kollektivlərinin VI Respublika müsabiqəsinin qaliblərinin konsertində Naxçıvan Muxtar Respublikasından, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərindən uşaq xor kollektivləri çıxış etdilər.
   Tədbiri mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva açaraq, qonaqları salamladı. O, müsabiqə və festivallarda iştirak edən xor kollektivlərinin ifaçılıq səviyyəsini ildən-ilə yüksəldiyi, hər il aprel ayında respublikanın bütün rayon və şəhərlərində xor kollektivlərinin iştirak etdiyini qeyd edərək, münsiflər heyətinin qərarına əsasən, fərqlənən xor kollektivləri, xormeyster və konsertmeysterin diplom və fəxri fərmanlara, pul mükafatlarına layiq görüldüyü haqda danışdı. O dedi: «Hörmətli prezidentimiz İlham Əliyevin uşaqlara olan qayğısı, onların yaradıcılığına verdiyi dəyər çox böyükdür. O, istedadlı uşaqlarımız üçün xüsusi Prezident təqaüdü ayırmışdır. Məhz respublikamızın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Brüssel və digər şəhərlərdə keçirilmiş tədbirlərdə bizim uşaq xor kollektivi böyük uğurlar qazanmışdır. Bu il aprel ayında keçirilən bu müsabiqədə 10 mindən çox şagird iştirak etmişdir».
   Sonda isə Sevda xanım mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından kollektivi təbrik edərək uşaqlara uğurlar arzuladı.
   Daha sonra münsiflər heyətinin qərarına əsasən 3 xormeyster (Bakı, Sumqayıt, Naxçıvan MR Ordubad şəhər) I dərəcəli diplom və pul mükafatına, 4 xormeyster (Bakı, Mingəçevir şəhərlərindən) II dərəcəli diplom və pul mükafatına, 6 xormeyster (Bakı, Gəncə, Lənkəran şəhərlərindən) III dərəcəli diplom və pul mükafatına, 12 xormeyster fəxri fərman və həvəsləndirici mükafata layiq görüldü. Müsabiqədə fərqlənən 23 xor kollektivi, 5 xormeyster, 6 konsertmeyster fəxri fərmanla təltif edildi.
   Sonra tədbir 2009-cu il VI Respublika müsabiqəsi uşaq xor kollektivlərinin ifasında Üzeyir Hacıbəylinin «Ey vətən», Yaşar Xəlilovun «Göyərçin», «Bizim ellər», Azərbaycan xalq mahnısı «Ay ləbu-ləb», Qara Qarayevin «Doğma Azərbaycan» və başqa ifalar ilə sona yetdi.   

  Yeganə